“The New York Times” qəzeti yüksək vəzifəli İsrail rəsmilərinə istinadən yazır ki, ABŞ və digər müttəfiqlərinin diplomatik təzyiqindən sonra İsrail İrana qarşı daha böyük hücum planından imtina edib. Qəzetin yazdığına görə, İsrail hökuməti Tehran yaxınlığında hərbi obyektlər də daxil olmaqla İran daxilindəki bir neçə hərbi bazanın bombalanmasını müzakirə edib. Lakin sonra gərginliyin azalmasına yardım edəcək, eyni zamanda, İrana son xəbərdarlıq olacaq plana üstünlük veriblər. Bu zaman İsrail hərbi sənayesinin uğurlarından olan yüksəksürətli raketlərdən istifadə edilib. Raketlərdən biri İranın mərkəzindəki strateji əhəmiyyətli bölgədə hava hücumundan müdafiə sistemini dağıtdıqdan sonra İsrail hərbi komandanlığı ikinci raketi havada partlatmaq qərarı verib.
“The New York Times” qəzetini bilgiləndirən İsrail rəsmisi deyib ki, İsrail hava qüvvələri birincinin hədəfinə çatdığı bəlli olan kimi çox zərər verməmək üçün ikinci raketi məqsədli şəkildə məhv edib.
Qeyd edək ki, İsrailin İrana qarşı istifadə etdiyi raketin “Rampage” raketi olduğu bildirilir. Bu raket İsrailin keçmiş müdafiə naziri Aviqdor Libermanın 2018-ci il yanvarın əvvəlində apardığı gərgin işin nəticəsi hesab olunur. O zaman İsrail hökumətinin bir çox təmsilçisi lazımsız və baha hesab etdikləri üçün Libermanın yüksəksürətli raket ideyasının əleyhinə idilər. Lakin Libermanın israrı nəticəsində bu raketlərin istehsalı üçün yarım milyard dollar ayrılmışdı. Liberman hesab edirdi ki, baş verən proseslər İsraildən regionda başlaya biləcək genişmiqyaslı müharibəyə hazırlıq konsepsiyasına yenidən baxmağı tələb edir. Zaman Libermanın nə qədər haqlı olduğunu təsdiqlətdi. İranın havadan müdafiə sisteminə məhz bu raketlə zərbə endirilib və Tehrana sonuncu xəbərdarlıq olunub. Proseslərin gələcək inkişafı Tehran rejiminin İsrailin son xəbərdarlığına reaksiyasından asılı olacaq. Əgər Tehran rejimi İsrailə qarşı yeni hücuma qərar versə, İsrail bu dəfə İranın nüvə obyektləri də daxil olmaqla əsas hərbi obyektlərinə zərbələr endirəcək.
Aprelin 20-də ABŞ-nin Nümayəndələr Palatası İsrailə 26.4 milyard dollar ayrılması haqqında qanun qəbul etdi. Qanun layihəsinin təqdimatında deyilirdi ki, yardımın ümumi məqsədi İsrailə İran və onun müvəkkillərinə qarşı özünümüdafiə etməkdə yardım göstərməkdir. Bu məbləğin 14 milyard dolları İsrailin müdafiə qabiliyyətinin artırılmasına, 9 milyardı isə bölgəyə humanitar yardımın göstərilməsinə sərf ediləcək. İsrailin müdafiəsinin gücləndirilməsi üçün ayrılan vəsait “Dəmir günbəz” və “Davudun sapandı” raketdən müdafiə sistemləri üçün döyüş sursatının, eləcə də uzunmüddətli perspektivdə lazım ola biləcək yeni silahların istehsalı üçün istifadə edəcək.
ABŞ-nin İsrailə 26.4 milyard dollar yardım ayırması hərbi-texniki yardım olmaqla yanaşı, həm də çox güclü siyasi-mənəvi dəstəkdir. Bu, həm də İrana mesaj və xəbərdarlıqdır. ABŞ strateji müttəfiqini tək buraxmayacağını, bunun üçün on milyardlarla dollar xərcləməkdən çəkinməyəcəyini nümayiş etdirir. Bölgədə proseslərin gələcəyi İranın bu xəbərdarlıqlardan çıxaracağı nəticədən asılı olacaq.