İranın Mərkəzi vilayətində istifadə olunan Xələc türkcəsi ölkənin qeyri-maddi milli irs siyahısında qeydə alınıb.
Bu barədə dövlətin rəsmi xəbər agentliyi İRNA məlumat yayıb.
Mərkəzi vilayətinin Mədəni İrs İdarəsinin müavini Hüseyn Mahmudi Xələc türkcəsində danışanların sayının çox olmadığını və onun ciddi təhlükə altında olduğunu bildirib.
Rəsmi müvafiq idarənin bu dilin yoxa çıxmasının qarşısını almaq planlarının olub-olmadığı barədə məlumat verməyib. Lakin o bildirib ki, həmin dilə aid “ata sözləri, yerli şeirlər və tapmacalar da daxil olmaqla, Xələc türkcəsinin şifahi ədəbiyyatının milli irs siyahısında qeydə alınması bu milli və mədəni varlığın saxlanıb qorunmasına kömək edə bilər.”
Mahmudi həmçinin bildirib ki, Xələc türkcəsi Mərkəzi vilayətində Təlxab şəhərində və Fərahan, Aştiyan, Təfriş və Ərak şəhərlərinin bəzi kəndlərində danışılır.