“İranın yumşamasına qətiyyən etibar etmək olmaz” – Çingiz Göytürklə müsahibə

by Samir Asadli
“Milli hərəkatın axsaqlıqlarının aradan qaldırılması zərurəti yaranıb”
Güney Azərbaycan Milli Dövlətçilik Şurasının koordinatoru, güneyli milli fəal Çingiz Göytürk Bakupost.az -a müsahibə verib.
Həmin müsahibəni təqdim edirik:
– Son illər Azərbaycan-İran münasibətlərində gərginlik hökm sürür. Xüsusən də, Tehranda səfirliyimizə hücum və Bakıda bir sıra terror aktlarından sonra bu gərginlik daha da artdı. Ancaq iki ölkənin XİN rəhbərləri arasında keçirilən danışıqlardan sonra gərginlik nisbətən səngiyib. Sizcə, iki dövlət arasında hansısa ciddi razılaşma əldə olunub, yoxsa bu səngimə müvəqqətidir?
– Sirr deyil ki, İran müstəqil Azərbaycanı öz milli təhlükəsizliyi və varlığının davamına ciddi bir təhdid olaraq görür. Bunun da səbəbi İran sərhədləri içərisində yaşayan və əhalinin 40 faizini təşkil edən Güney azərbaycanlıların varlığıdır. Özəlliklə 44 günlük müharibədə qazanılan qələbədən sonra Azərbaycan artıq bölgənin lider dövlətinə çevrilməyi bacarıb. Bu isə Güney Azərbaycanda böyük milli ruh yüksəkliyinə və İran rejimi daxilində yuxuların qaçmasına gətirib çıxardı. 2020-ci ilə qədər gizli oynanan kartlar artıq açıq və şüursuzca oynanmağa başladı. Azərbaycan İranın təhdidlərinə boyun əyməyərək dik duruş sərgilədi. Bu da İrana başa saldı ki, ucuz əzələ nümayişləri və hədə-qorxularla Azərbaycanı qorxuda biməyəcək, etdikləri istər Güney Azərbaycanda, istərsə də beynəlxalq arenada öz əleyhinə çevriləcək və Azərbaycana dəstək artacaq. İran başa düşdü ki, Azərbaycanla hədə-qorxu dili ilə danışa bilməz və geri addım atmağa məcburdur. Hazırda İran Azərbaycana qarşı nisbi yumşaqlıq göstərir. Lakin unutmamalıyıq ki, bu dövlətin Azərbaycana qarşı münasibətinin mahiyyəti dəyişməyib. Çünki İran Azəbaycanı öz varlığının antitezi olaraq qəbul edir. Onun düşmənçilik siyasətindən əl çəkməsi mümkün deyil. Sadəcə məcbur qaldığı üçün öz çomağını gizlədir. Azərbaycan isə artıq 30 ildir İranın düşmənçilik siyasətinə, aqressiv münasibətlərinə məruz qalan bir dövlətdir. Bu sahədə ciddi təcrübəyə sahibdir. Bu gün Azərbaycan rəsmiləri çox yaxşı bilir ki, İranın hər hansı yumşamasına, çomağını gizləməsinə qətiyyən etibar etmək olmaz. Azərbaycan İranla münasibətlərində hər zamankindən daha güclü və diqqətli olmaq məcburiyyətindədir.
– Hazırda İranda siyasi, eləcə də əhalinin sosial-iqtisadi vəziyyətini necə dəyərləndirmək olar?
– Ötən ilin sentyabr ayından başlayaraq, aralıqsız davam edən proseslər İranda sosial-iqtisadi və siyasi durmun nə dərəcədə çalxalandığını, əhalinin çox hissəsinin mövcud rejimin qarşısında olduğunu açıqca göstərib. Qadınlara təzyiqlər, qeyri-fars millətlərə qarşı ayrı-seçkilik siyasəti, çoxluğu təşkil edən aztəminatlı əhalinin aclıq şəraitində yaşaması və sanksiyalar durumu daha da çıxılmaz vəziyyətə gətirib. Sərvət əhalinin çox az qismini təşkil edən rejim nümayəndələri və onlara qulluq edən kəsimlərin əlində cəmləşib. Bütün bunlar və rejim daxilində parçalanmalar, idarəetmədəki özbaşınalıq İranın artıq normal dövlət kimi deyil, dərəbəylik dövləti kimi idarə olunduğunun açıq göstəricisidir. Perspektivdə də durumun yaxşılaşacağına dair hər hansı bir işıq ucu görünmür.
– Sizcə, sentyabrda başlayan etirazlar niyə öz hədəfinə çatmadı?
– Proseslərin nəticə verdiyini düşünürəm. Etirazlar başlayanda biz müxəlif platformalarda israrla vurğuladıq ki, burada tək bir hərəkatdan söhbət getmir. Burada qadın hərəkatı, qeyri-fars millətlərin milli hərəkatları var. Hakimiyyət və rejim dəyişikliyi uğrunda hərəkat isə bunlardan sadəcə biridir. İran rejimi 44 illik hakimiyyət tarixində qadın haqları və hicab mövzusunda ilk dəfə geri oturdu. Qeyri-fars millətlərin milli hərəkatları bu proseslərdə xüsusilə ön plana çıxmağı bacardıb Bu gün dünya İranda, başda Güney Azərbaycan olmaqla qeyri-fars milli hərəkatlarına xüsusi diqqət yetirir. İsrail parlamentinin 32 nümayəndəsinin müraciətini diqqətə alsaq, bu hərəkatların necə ciddi bir uğur əldə etdiyini və İranın bütövlüyü tablosunu yıxmağı bacardığını görə bilərik.
– İran daxilində vəziyyət sabitliyə doğru gedir, yoxsa etirazlar davam edəcək?
– İran İslam Respublikası rejiminin sərt repressiv tədbirləri, başda Fransa olmaqla bəzi xarici güclərin mənfi mənada müdaxiləsi ücbatından proseslər ciddi mənada səngiyib. Lakin etirazların dayanmasından söhbət gedə bilməz. Bu etirazlar küçə nümayişlərindən daha fərqli platformalara daşınır. Qeyri-fars millətlərin hərəkatlarının isə bu olumsuzluqlardan ən az təsirlənən, yoluna olduğu kimi davam etdiklərini demək mümkündür.
– Ötən ilin sentyabrından etibarən ara verməyən repressiyalar Güney Azərbaycandakı milli hərəkata necə təsir göstərdi? Hərəkat genişlənir, yoxsa zəifləyir? Həbs olunan milli fəallar barədə konkret rəqəmlər varmı?
– 44 günlük savaşdan sonra qazanılan qələbənin ardınca İran Azərbaycana qarşı şüursuz addımlar atmağa başlayıb. Sentyabr etitrazları zamanı həyata keçirilən repressiyalar milli hərəkatın güclü tərəfləri ilə yanaşı, axsayan tərəflərini də göstərdi. Həmin proseslər nəticəsində milli hərəkatımızda vahid, güclü təşkilatlanmanın yetərsizliyi, onun beynəlxalq arenada güclü bir şəkildə təmsilçilik mexanizminin olmadığı ortaya çıxdı. Bu axsaqlıqların tezliklə aradan qaldırılması zərurəti yaranıb. Digər tərəfdən, sentyabr proseslərinin ilk günlərindən Azərbaycan milli hərəkat nümayəndələrinə qarşı repressyaların və təzyiqlərin həcmi rejimin bu hərəkatdan nə dərəcədə çəkindiyinin açıq göstəricisdir. Milli hərəkatımız doğu-dizgin şəkildə öz yolu ilə irəliləməkdə, fars şovinizminin yuxusunu qaçırmağa davam etməkdədir.
– Güney Azərbaycan Türklərinin III Beynəlxalq Forumunda hansı məsələlər müzakirə olunacaq?
– Güney Azərbaycan Türklərinin III Beynəlxalq Forumuna dəvət aldım. Lakin şəxsi səbbələrə görə bu forumda iştirak edə bilmədim. Bir mövzu ilə bağlı rahat şəkildə deyə bilərəm ki, öncəki iki forumda olduğu kimi Güney Azərbaycanın milli qüvvələrinin bir araya gəlməsi və mövqelərinin yaxınlaşmasında önəmli rol oynayacaq.
– Bəs, Güney Azərbaycan Milli Dövlətçilik Şurasının təsis olunması hansı zərurətdən yarandı?
– Güney Azərbaycanda cərəyan edən milli hərəkatımızın yönü və hədəfi sirr deyil. “Azadlıq, ədalət, milli hökumət” şüarı Güney Azərbaycan türklərinin öz milli dövlətlərini bərpa etməyə yönəlik iradəsinin açıq təzahürüdür. Məhz bu doğrultuda milli gücün formalaşdırılması, var olan bütün imkanlarımızın səfəbər edilməsi, Güneylə xaric arasında koordinasiyalı, əlaqələndirilmiş fəaliyyətin təşkili, beynəlxalq arenada milli hərəkatın vahid, güclü təmsil mexanizminin yaradılması və s. kimi zərurətlərdən yola çıxdıq. Güneydə və xaricdə fəaliyyət göstərən milli fəallar olaraq 9 aya yaxın davam edən müzakirələrdən sonra Güney Azərbaycan Milli Dövlətçilik Şurasının yaradılması qərarına gəldik. Eyni zamanda, bu şura Azərbaycanın güneyində milli dövlətimizin bərpasına yönəlik nəzəri, ideolji fəaliyyətlərin gerçəkləşdirilməsini də öz məsuliyyətləri və vəzifələri daxilində görür. Heç şübhəm yoxdur ki, bu şura bu vəzifələri yerinə yetirməyi bacaracaq.
– Siz vaxtilə Bütöv Azərbaycan Birliyində təmil olunurdunuz. Sonrada mühacirətə getdiniz və siyasi fəaliyyətinizə ara verdiniz. Bu, nə ilə bağlı idi? Yenidən siyasi fəaliyyətinizi davam etdirməkdə qərarlısınızmı?
– Azərbaycanın bütövlüyü və bu barədə mübarizə mənim şüurlu həyatımın, milli- siyasi mübarizə həyatımın xülasəsi və mənasıdır. Mən bu mübarizəyə həyatımın heç bir mərhələsində ara vermədim. Obyektiv və subyektiv səbəblərdən dolayı bəzən bu mübarzəni vətən hüdüdlarının içərisində, bəzən isə xaricdə apardım. Güney Azərbaycan Milli Dövlətçilik Şurasının yaradılması da bütöv Azərbaycan idealına yönəlik mübarizənin tərkib hissəsidir. Günümüzün şərtləri milli ədəb və ideallarımızın rellaşması üçün olduqca əlverişlidir. Bu isə qərarlılığımızı daha da artırır.
– Son vaxtlar tez-tez yeni dünya düzənindən bəhs olunur. Bu düzən Azərbaycana, Güney Azərbayacana və türk dünyasına nə vəd edir?
– Dünyanın keçmiş düzənində davam etməsi artıq mümkün deyil. Hər şeydən önəmli məqam odur ki, Türkiyə-Azərbaycan öncülüyündə türk dünyası yeni düzənin tam mərkəzində yer alır. Bu gün Qərbin əlverişli, güvənilən enerjiyə, tranzit və ticarət yoluna ehtiyacı var. Keçmiş yollara, enerji təminatçılarına güvən qalmayıb. Məhz belə bir məqamda türk dünyasının bu ehtiyaclara cavab verə biləcək ən ciddi alternativ olması bu ölkələrin geostrateji, geosiyasi önəmini artırır. Güney Azərbaycan olmadan Azərbaycanın, ümumiyyətlə, türk dünyasının geopolitik əhəmiyyətinin tamamlanmasından söhbət gedə bilməz. Bölgəmizdə xaos və savadsızlığın ən önəmli aktorlarından biri olan İranın məhz Güney Azərbaycan türk dünyasına inteqrasiya prosesinə daxil olduğu təqdirdə bölgədə təhlükəsizliyi təhdid edə bilməyəcəyi aşkardır. Güney Azərbaycanın İrandan ayrılması və bütöv Azərbaycanın yaradılması bölgədə sülhə və təhlükəsizliyə ciddi töhfə verəcək.
Aynur İbrahim
BakuPost

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK