İranla Rusiya arasında gərginlik artır – Səbəb

by Samir Asadli

Tehranın gözləntisi budur ki, Çin və Rusiya ərəb dövlətləri ilə münasibətlərini İrana görə tənzimləsin. Bu isə mümkün deyil. Rejimə müxalif KİV-lər, hətta dünya mediası dəfələrlə Rusiyanın İrana dəyər vermədiyini yazıb.

Bu sözləri Axar.az-a tanınmış güneyli yazar və siyasi şərhçi Əlirza Ərdəbilli son günlər Rusiya və İran arasında yaranan soyuq münasibətlərdən danışarkən deyib.

İranın öz anlayışı, təbliğatı və ağırlığı haqqında fikirlərinin tamamilə illüziya olduğunu deyən siyasi şərhçi bildirib ki, Rusiyaya indiki məqamda özü haqqında yanlış təsəvvürləri olan İran lazım deyil:

“Moskvada keçirilən Körfəz Əməkdaşlıq Şurasının bəyanatından narazı qalan İran, əslində, öz xəyallarının qurbanı olub. Çünki özünü istər Avropa, istərsə də Rusiya üçün dəyərli hesab edirdi. Düşünürdü ki, bu ölkələr İrana görə öz maraqlarından keçəcək. Lakin belə olmadı. İranla münasibətlərdə söz sahibi Rusiyadır. İran hər nə qədər əksini iddia etsə də, gerçəklik başqadır. Çin, Rusiya və digər ölkələr İrana görə ərəb dövlətləri ilə münasibətlərini korlamadı. Çünki Moskvaya varlı ərəb ölkələri İrandan daha çox lazımdır”.

O, mübahisə predmeti olan adaların əslində ingilislərə məxsus olduğunu bildirib:

“BƏƏ ilə İran arasında 3 ada – Böyük Tunb, Kiçik Tunb və Əbu Musa adası ilə bağlı narazılıq var. İran iddia edir ki, bu adalar ona məxsusdur. Lakin adıçəkilən adalar vaxtı ilə ingilislərin əlində idi. İngiltərə adalardan çəkilən kimi Şah rejimi dövründə İran onu götürdü. Adalar İrana təhvil verilməmişdi, sadəcə, İran onları özünə götürmüşdü”.

Siyasi şərhçi Tehranın Moskva üçün önəmi ilə bağlı İran daxilində parçalanmalar yarandığını diqqətə çatdırıb:

“Gecə-gündüz rejimə müxalif KİV-lər bu barədə yazır. Rusiyanın adını konkret çəkmirlər. Hətta rejimin öz içində olan cinahlar da dilə gəlib. Məhəmməd Cavad Zərif İranı Moskvanın əlində alət olmaqda suçlayıb və deyib ki, Tehran hökumətinin Rusiya üçün bir dəyəri yoxdur”.

Xatırladaq ki, Moskvada Körfəz Əməkdaşlıq Şurasının 6-cı strateji toplantısının bəyanatında Körfəzdə yerləşən Kiçik Tunb, Böyük Tunb və Əbu Musa adalarının BƏƏ-yə məxsus olduğu bildirilib. Bununla bağlı İranla ikili danışıqların aparılması, yaxud beynəlxalq qanunlara və BMT-nin nizamnaməsinə əsasən Beynəlxalq Ədalət Məhkəməsi vasitəsi ilə münaqişənin həll olunması dəstəklənib. Tehran rejimi isə bu bəyanatı rədd edərək, 3 adanın İranın ayrılmaz əraziləri olduğunu iddia edib.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK