İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin İSBAM təşkilatçılığı ilə Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Xətai Sənət Mərkəzində “Xocalıya qayıdış” adlı sərgi təşkil edilib.
Sərgidə “Rəngarəngəli” art studionun müəllimi, ən çox şəhid portretləri işləmiş tanınmış gənc rəssam Əli Təhminənin 30-a yaxın yetirməsinin əsərləri nümayiş olunur.
Tədbirin açılışı şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Açılış mərasimində çıxış edən layihə rəhbəri, sənətşünas, Əli Rəşad bildirib ki, sərgilənən əsərlərdə iki məqam əsas götürülüb:
“Artıq Xocalıda da üçrəngli Bayrağımız dalğalanır. Bu sərgidə nümayiş etdirilən əsərlərdə həm faciə, həm də qələbə ruhu, Xocalıya qayıdış sevinci göstərilir”.
Sərginin açılışında çıxış edən QHT rəhbərləri Esmira Orucova, Mətanət Əsgərqizi, Maral Qocaman, DAK Avropa təmsilçisi Əli Hacı, Kəmalə Həşimova və başqaları Vətənə sevgi, məhəbbət hissləri aşılamaq, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək və istedadlı şagirdləri aşkara çıxarmaqda bu kimi sərgilərin əhəmiyyətini yüksək qiymətləndiriblər. Qeyd edilib ki, bundan sonra rəssamlarımızın mövzuları düşmənin viran qoyduğu yurd yerlərimizə yeni həyatın qayıtmasına həsr olunacaq.
Tədbirdə çıxış edən
” Rəngarəngəli” art studionun rəhbəri, rəssam Təhminə Əli təşkilatçılara, bütün iştirakçılara təşəkkürünü bildirib. O, xüsusilə şagirdlərinin sərgilənən əsərlərinə görə qürurlandiğını diqqətə çatdırıb.
Sonda fərqlənən gənc rəssamlara fəxri fərmanlar təqdim edilib.
Tədbirin təşkilinə Xətai rayon icra hakimiyyəti və Xətai Sənət Mərkəzi dəstək göstərib.
İSBAM mətbuat xidməti .