İstanbul martiroloqu – Vilayət Quliyev yazır

by Samir Asadli

Vilayət QULİYEV

Ölülərimi toxum kimi basdırmışam Yer üzünə,

Kimi İstanbulda yatır, kimi Parisdə, Moskvada kimi

Ən sevdiyim məmləkət yer üzüdür,

Sıram gəlincə Yer üzü ilə

örtün üstümü –

 

Harada bir qərib azərbaycanlı məzarı görsəm, böyük Nazim Hikmətin bu içdən gələn, səmimi, duyğusal misralarını xatırlayıram.

Vətən torpağında uyumaq da əslində bir qismətdir. Bəzən buna ən çox layiq olanlar, bunu ən çox haqq edənlər çeşidli səbəblər üzündən – əksərən də siyasi baxış ayrılıqları, ideoloji ziddiyyətlər, təqiblər, çevrilişlər, inqilablar və müharibələr nəticəsində həyatları bahasına qazandıqları böyük şərəfə nail ola bilmirlər. Son nəfəsdə vətənin, başları üstündə görmək istədikləri yaxınlarının, doğmalarının adını pıçıldayıb gözlərini uzaq, yad məmləkətlərdə yumur, tənha və qərib məzarlarda əbədiyyət uyqusuna dalırlar.

Acı da olsa, həqiqətdir ki, Azərbaycanın bir sıra ünlü şəxsiyyətləri sanki toxum kimi basdırıldıqları torpaqlarda xalqın, Vətənin simvoluna çevrilmək, milliyyət və insanlıq fidanları yetişdirmək üçün dünyanın müxtəlif guşələrinə – ucsuz-bucaqsız Yer kürəsinə səpələniblər. Nəşlərinin üzərinə vətən torpağı tökülməyib, üstləri sadəcə hamımız üçün doğma olan Yer üzü ilə örtülüb.

Abbasqulu ağa Bakıxanov Ərəbistan yarımadasında, Vadiyi-Fatimədə uyuyur. Mirzə Fətəli Axundzadənin son mənzili həyatının 40 ildən çoxunu yaşadığı, milli dramaturgiyanın banisi, şair, yazıçı, filosof, ictimai xadim, əlifba islahatçısı kimi şöhrət tapdığı Tiflisdədir. Nəriman Nərimanov Moskvada, Əlimərdan bəy Topçubaşov Parisdə, Məhəmməd Ağaoğlu Miçiqanda (ABŞ), Sadıq bəy Ağabəyzadə Lvovda, Məhəmməd Əmin Rəsulzadə Ankarada, Əhməd Ağaoğlu, Əli bəy Hüseynzadə İstanbulda dəfn olunub. Varşavanın, Tehranın, Peterburqun, Daşkəndin, Aşqabadın, eləcə də onlarla digər şəhərin qəbiristanlıqlarında “toxum kimi torpağa basdırılan”  azərbaycanlı məzarları da az deyil…

Vətənə daha çox lazım olduğunu, Vətəndə daha çox fayda gətirəcəyini bildiyin halda qürbətdə yaşayıb doğma yurddan uzaqlarda ölümə can vermək, heç şübhəsiz, kədərli taledir. Amma yenə bir təsəlli yeri var. Çoxu çətin, mürəkkəb həyat keçirməsinə rəğmən, sona qədər məqsədindən, məramından dönməyən bu ünlü soydaşlarımızın heç olmazsa son mənzillərinin yeri, ünvanı bilinir və bəlkə də tək elə bu səbəbdən onları şanslı saymaq mümkündür. Min təəssüf ki, Nəsib bəy Usubbəyov, Salman Mümtaz, Sultan Məcid Qənizadə, Yusif Vəzir, Əhməd Cavad, Mikayıl Müşfiq, Bəkir Çobanzadə kimi xeyli sayda dövlət adamı, ictimai xadim, yazıçı, şair və alimlərimizin nə zaman, necə, hansı şəraitdə dəfn edilməsi, məzarlarının harada olması hələ də mübhəm qalır…

Və yəqin ki, heç zaman məlum olmayacaq. Çünki xalqın seçkin övladlarını saxta ittihamlarla məhv edən qəddar rejim hər bir insanın əzəli haqqı olan “üç arşın torpağı” da bu siyasi terror qurbanlarına, günahsız müqəssirlərə çox görüb. Onları Vətənin bağrından qoparmağa, izsiz-soraqsız yox etməyə çalışıb.

Məzarlar tək dirilərin ölülərə son ehtiramı deyil. Şair demişkən, “hər saxsı parçası, hər məzar daşı” həm də torpağın sinəsinə həkk olunmuş  tarixdir, əsrlərdən əsrlərə, nəsillərdən nəsillərə ötürülən  yaddaş estafetidir…

Bu mürəkkəb, qarmaqarışıq duyğuları məndə İstanbuldakı Azərbaycan Baş konsulluğunun yüksək səviyyədə təqdimatını keçirdiyi və həqiqətən də belə  mərasimə layiq olan qiymətli bir kitab doğurdu.

“Son mənzili İstanbul olan azərbaycanlılar” kitabı. Əslində məlumat və mənbə genişliyinə, yeni sənədlər, ilk dəfə gün işığına çıxarılan arxiv materialları, nadir fotolar sayəsində ona bəlkə ensiklopediya da demək mümkündür.

Baş konsulluğumuz həqiqi qədirşünaslıq nümunəsi göstərərək nəcib, gərəkli bir layihə həyata keçirib. Hələlik qardaş Türkiyənin yalnız bir böyük şəhərində – İstanbulda dəfn olunan tanınmış  azərbaycanlı siyasətçi və ictimai xadimlərin, hərbçilərin, ədəbiyyat adamlarının, alimlərin, mühacirət fədailərinin, soy-kökü ilə Azərbaycana bağlı olan diqqətəlayiq şəxsiyyətlərin məzarları haqqında diqqət və ehtiram nişanəsi olan elmi-tədqiqat xarakterli ensiklopedik soraq kitabı nəşr edib. Tərəddüdsüz demək mümkündür ki, bu, İstanbulda Azərbaycan Baş konsulluğunun mövcud olduğu 32 il ərzində həyata keçirilən ən mühüm tarixi-mədəni layihələrdən biri, bəlkə də birincisidir.

Layihənin rəhbəri baş konsul Nərminə Mustafayevadır. Heç şübhəsiz, Nərminə xanımın diplomatik həyata mətbuatdan, yaradıcılıq mühitindən gəlməsi, tarix və mədəniyyətimizə bələdliyi, ən başlıcası isə dərin sevgi və ehtiramı belə lazımlı, faydalı təşəbbüsün meydana çıxmasına təsirsiz qalmayıb. Mötəbər nəşrin işıq üzü görməsində Azərbaycan Respublikası Beynəlxalq İnkişafa Yardım Agentliyinin maddi-texniki dəstəyi də mühüm rol oynayıb.

Layihənin məsləhətçisi diplomatik qurumun konsulu Zaur Allahverdizadə, koordinatoru isə həmkarı Sevinc Süleymanovadır. Xalqın yaddaş tarixinə mühüm töhfə olan əsərin müəllifi səkkiz il ərzində Azərbaycanın və Türkiyənin arxivlərində, kitabxanalarda yorulmadan axtarış apararaq, ucsuz-bucaqsız İstanbulun müxtəlif səmtlərinə səpələnmiş məzarlıqları addım-addım dolaşaraq, mühacir ailələrinin həyatda olan üzvləri, yaxın və doğmaları ilə təmas quraraq bütün bu məlumatları toplayan, dəqiqləşdirən, sistemə salan gənc soydaşımız – 2016-cı ildən İstanbulda yaşayan araşdırmaçı-yazar, publisist, tanınmış kolleksiyaçı və kitabşünas Dilqəm Əhməddir

Onun barəsində bir qədər sonra.

Elmi redaktor son dövrlər XX yüzilliyin əvvəllərində Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin tədqiqi və azərbaycanşünaslıq sahəsindəki məhsuldar fəaliyyəti ilə diqqəti çəkən başqa bir azərbaycanlı alim – Mərmərə Universitetinin dosenti Mehdi Gəncəlidir. Üç gənc xanım – tarix üzrə fəlsəfə doktoru Həyat Şamıyeva, Fəridə Ağazadə və Vəfa Babasoy redaktor kimi nəşrin etibarlılığı və mükəmməlliyi üçün az iş görməyiblər.

Çox şadam ki, İstanbulla Sarayevo arasındakı məsafənin uzaqlığına baxmayaraq, mən də elmi məsləhətçi qismində yaranmasının addım-addım şahidi olduğum kitabın ərsəyə gəlməsində müəyyən qədər iştirak etmişəm.

lll

“Son mənzili İstanbul olan azərbaycanlılar”. Bu ad özü məndə müxtəlif duyğu və təəssüratlar oyatdı. Milli-etnik kimlik, ana vətənlə bağlı məlumat  soydaşlarımızın çoxunun baş daşlarında da təkrarlanır. Məzar sahibinin Azərbaycanda doğulması, “azərbaycanlı”, “Azərbaycan milli istiqlal mübarizəsinin mücahidi” olması xüsusi vurğulanır. Deməli, bu insanlar dili dilindən, dini dinindən olan qardaş Türkiyədə, qədim türk yurdunda yaşasalar da, Azərbaycan kimliklərini heç zaman unutmamışdılar.

Kitabın doğurduğu başqa bir vacib təəssürat: Bir daha inandım ki, həm fiziki, həm də ideoloji mənada məzarlardan qorxmaq lazım deyil. Onları qorumaq, yaşatmaq, ziyarət etmək, tanıtmaq lazımdır. Bir xalqın vahid məqsədə fərqli yollarla gedən, son hədəfi eyni olan övladları arasında ayrı-seçkilik qoymağa ehtiyac yoxdur. İstanbulda əbədiyyət yuxusuna dalan azərbaycanlıların əksəriyyəti ömürlərini Azərbaycan davasına, türklük, milliyyət, azadlıq, insanpərvərlik, şərəf və heysiyyət mücadiləsinə vermiş insanlardır. Təsadüfi deyil ki, onların arasında taleyi Azərbaycan Cümhuriyyəti ilə sıx bağlı olan, milli dövlətimizin siyasi, hərbi, mədəni və s. qurumlarında çalışan, mühacirətdə də ideyasından, idealından dönməyən fədailər üstünlük təşkil edir.

Belə şəxsiyyətlər, onları adları və irsləri müstəqil dövlətimiz üçün, çağdaş Azərbaycan gerçəkliyi  üçün önəmli və həmişəyaşar olmalıdır.

Burada tariximizlə bağlı məzarlar haqda bir xatirəmi bölüşməyə bilmirəm.

XİN rəhbəri olduğum 2001-ci ildə YUNESKO-nun Azərbaycan Milli Komissiyasının katibi, mühacirətimizin ilk tarixçisi və mahir bilicisi mərhum Ramiz Abutalıbov Paris ətrafındakı müsəlman məzarlığında dəfn edilən tanınmış mühacirlərimizin qəbirlərinin bərbad vəziyyətə düşdüyünü, itib-batmaq təhlükəsi qarşısında qaldığını dedi. Fransaya növbəti səfər zamanı Paris yaxınlığındakı kiçik Babinyo şəhərini ziyarət etdik. Cümhuriyyətin sənaye və ticarət naziri Mirzə Əsədullayevin, onun qardaşı oğlu, H.Z.Tağıyevin qız nəvəsi Nadirin, Paris Sülh konfransında Azərbaycan Nümayəndə heyətinin üzvü Məhəmməd Məhərrəmovun məzarlarını güclə tapdıq. Heyətin digər üzvü Əkbər ağa Şeyxülislamovun məzar yerini qəbiristanlıq xəritəsinə əsasən müəyyən etdik. Nazirliyin vəsaiti ilə qəbirlər səliqəyə salındı, başdaşı yazıları təzələndi. 2031-ci ilə qədər 30 illik xərcləri (Fransada məzar yerləri icarəyə götürülür və pulu verilməsə başqalarına satıla bilər) ödənildi.

Bu barədə Prezident Heydər Əliyevə məlumat verəndə çox razı qaldı. “Yaxşı iş görübsən” – dedi. Sonra 1970-ci illərin ortalarında Əlimərdan bəyin arxivini Fransadan gətirməyə çalışdığını, oğlu Ələkbər bəyi Azərbaycana dəvət etdiyini, bütün bu işləri yoluna qoymaq məqsədi ilə Mərkəzi Komitə katibi Həsən Həsənovu Parisə göndərdiyini danışdı. Axırda da özünəməxsus işıqlı təbəssümlə gülümsəyib “İndi sən tarixə bir az bələdsən. Odur ki, düzgün qərar veribsən. Dərd budur ki, çoxlarının heç nədən xəbəri yoxdur” – dedi.

lll

Türkiyəyə pənah gətirən azərbaycanlı mühacirlərin böyük qismi sadəcə “azacıq aşım, ağrımaz başım” prinsipi ilə günlərini keçirmək, öz həyatlarını yaşamaq fikrindən uzaq olmuşdu. Qardaş ölkəni özlərinə ikinci vətən saymışdı. Onun yalnız sevinc payına şərik çıxmamışdı. Dərd və ağrılarını bölüşmüş, problemlərinin həllində imkanı daxilində iştirak etmişdi. Ən müxtəlif sahələrdə türk xalqına, Türkiyə Cümhuriyyətinə həqiqi xidmət örnəyi göstərmişdi.

İstanbulun Feriköy məzarlığında uyuyan Ağaoğlu ailəsi üzvlərinin haqq səsi bir əsrə yaxın müddət ərzində əvvəl Osmanlı Məclisi-Məbusanından, sonra isə Türkiyə Böyük Millət Məclisindən gəlmişdi. Əhməd Ağaoğlu, Tezer Taşkıran-Ağaoğlu, Səməd Ağaoğlu, Nəriman Ağaoğlu qardaş ölkənin siyasi həyatında və parlamentarizm tarixində yaddaqalan izlər qoymuşdu.

1919-cu ildə Bakıdan Cümhuriyyətin Paris sülh konfransına rəsmi nümayəndəsi kimi İstanbula qayıdan Əhməd Ağaoğlu ingilis işğal qüvvələri tərəfindən haqsız göndərildiyi həbsə bərabər Malta sürgünündən döndüyü gündən Mustafa Kamal Paşanın yanında olmuş, sözü və qələmi ilə Qurtuluş Savaşı sıralarında yer almışdı. TC-nin mətbuat və informasiya siyasətinə rəhbərlik etmiş, Ankara Hüquq Məktəbinin qurucusu olmuşdu. Yeni Türkiyənin ictimai, siyasi və mədəni həyatına yön verən qüdrətli fikir adamı, nüfuzlu universitet professoru, vicdanlı qələm sahibi kimi tanınmışdı.

Qızı Sürəyya Ağaoğlu beynəlxalq miqyasda ilk türk qadın vəkili kimi ün qazanmışdı. Uzun illər Türkiyə Cümhuriyyətini Dünya Hüquqşünas Qadınlar Federasiyasının rəhbərliyində layiqincə təmsil etmişdi.

Digər qızı Tezer Taşqıran-Ağaoğlu ölkədə yeni təhsil sisteminin yaradılması sahəsində Atatürkün diqqətini çəkəcək dərəcədə fəal çalışmış, bir sıra dərslik və dərs vəsaitləri hazırlamışdı. Karsdan iki dəfə TBMM-ə seçilmişdi.

Oğlu Səməd görkəmli yazıçı-publisist, siyasətçi və dövlət xadimi idi. Demokrat Partiyanın liderlərindən biri kimi TC-də çoxpartiyalı sistemin qurulmasına töhfə vermiş, baş nazirin müavini,  nazir, millət vəkili kimi dövlətə xidmət etmişdi.

Əslən Şəkidən olan Qurtuluş Savaşı iştirakçıları – Məhəmməd  Nuri və Mahmud Sarıkərimli qardaşları (soyad qanunundan sonra Bərköz familiyası ilə tanınmışdılar) Türkiyə silahlı qüvvələrində uzun illər qüsursuz xidmət edərək ordu generalı  rütbəsinə yüksəlmiş, hərbi-diplomatik sahədə Atatürkün yüksək etimadını qazanmış, böyük hərbi birliklərinin komandanı olmuşdular.

Abdullah Cövdətin “rəsuli-həqq” adlandırdığı filosof, şair, həkim, rəssam, Azərbaycan Cümhuriyyəti bayrağının ilk eskizini çəkən Əli bəy Hüseynzadə on illər boyu Türkiyənin fikir həyatının öndərlərindən biri kimi tanınmışdı.

Gəncəli Əhməd Cəfəroğlu qardaş ölkədə müasir türkologiyanın əsasını qoymuş, Avropa miqyasında elmi məktəb yaradan alim kimi şöhrət tapmışdı.

Mühacirlərin “Azəri dayı” kimi tanıdıqları köhnə cümhuriyyətçi  Hüseyn Camal Yanarın üç bacısı qızı – qarabağlı Talıbxanbəyli bacıları Türkiyənin elm və maarif tarixinə adlarını həkk etmişdi. Böyük bacı, ilk nikahla Cümhuriyyətin sonuncu daxili işlər naziri Mustafa Vəkilli ilə evli olan  Sürəyya Ə.Cəfəroğlunun rəhbərliyi altında Qarabağ dialekti ilə bağlı tədqiqat aparmışdı, Türkiyə gözəl sənətlər məktəbinin yetirməsi Qəmər dünya miqyasında yapon və Cənub-Şərqi Asiya çinisi sahəsində görkəmli mütəxəssis kimi tanınmış, ABŞ universitetlərinin professoru olmuşdu. Kiçik bacı Dilşad Elbrus isə Türkiyədə fizika sahəsində ilk qadın professor adını qazanmışdı.

Məşhur Rəfibəyli ailəsinin üzvləri vətəndəki doğma və yaxınlarını təhlükəyə salmamaq üçün şəxsi seçimləri olan Arran, Əsgəran, Sayqın soyadları ilə yeni Türkiyəyə hərbçi, həkim, ictimai xadim kimi xidmət etmişdilər.

Siyahını yenə də davam etdirmək mümkündür. Layiqli adlar çoxdur.

Son mənzili İstanbulda olan azərbaycanlılar həyatlarının sonuna qədər onlara şərəfli türk vətəndaşlığı, azadlıq və özünütəsdiq imkanları vermiş Türkiyəyə övlad məhəbbəti, sədaqət və səmimiyyətlə bağlı idilər. Nəsillərinin həyatda olan davamçıları ailə ənənəsini yaşadır, estafeti ləyaqətlə daşıyırlar.

lll

Həyatının son illərində uzaq, yad Fransadan yorulan, oğul itkisindən sarsılan, həmkarlarının soyuq, laqeyd münasibətindən bezən Əlimərdan bəy Topçubaşı da İstanbula köçmək, fikir və əqidə dostları ilə birlikdə olmaq haqda düşünürdü. Əgər alçaq böhtana uğramasaydı (“xeyirxahlar” guya ermənilərin Türkiyəyə ərazi iddialarını dəstəklədiyi və Paris sülh konfransının rəhbərliyinə Azərbaycan Nümayəndə heyəti adından müvafiq razılıq notası göndərdiyi ilə bağlı Ankara rəsmi dairələrində əsassız şayiələr yaymışdılar – V.Q.) yəqin ki, o da son mənzilini İstanbulda tapacaqdı. Amma Türkiyəni nə qədər sevsə də, saxta Fransa reallıqları ilə çox çətinliklə barışsa da, Əlimərdan bəy bütün varlığı ilə rus işğalına uğramış vətəninin yanında idi. Dostu Əli bəy Hüseynzadəyə 1924-cü ilin iyununda göndərdiyi məktub bu cəhətdən səciyyəvidir: “Yaxşı ki, artıq sultan və xəlifənin olmadığı, respublika quruluşunun elan edildiyi, deyərdim ki, bütün mövcud və cari irsin latın əlifbasına keçirildiyi bir ölkədə yaşayırsan… Bu baxımdan aramızdakı fərqlər nə qədərdir? Doğrudur, mən də respublikada yaşayıram. Amma əvvəla, o, yad bir respublikadır, ikincisi, burada kilsənin dövlətdən ayrı olduğu elan edilsə də, katolisizmin hər yerə yol tapan ruhunu hiss etməmək imkan xaricindədir. Mənim (həm də sənin!) doğma respublikama gəldikdə isə… Heyhat! O, ikimizə də yaxşı tanış olan və indi insanımızın həyatına hakim kəsilən çirkli rus çəkmələrinin tapdağı altındadır”.

Fikrimcə, ürəyin dərinliyindən gələn kədərli sətirlərdə Əlimərdan bəy yalnız Fransa, yaxud Almaniyada deyil, bu ölkələrlə müqayisədə hər bir azərbaycanlı üçün qat-qat doğma olan, ana yurd sayılan Türkiyədəki Cümhuriyyət mühacirlərinin də ən munis hiss və duyğularını ifadə etmişdi.

lll

İndi isə əsas “günahkar” – Dilqəm Əhməd haqqında. Kitabın ərsəyə gəlməsində zəhməti olanların adlarını yuxarıda bir-bir sadalamışdım. Təbii ki, hər kəsin zəhmətini qiymətləndirmək, halal haqqını özünə vermək lazımdır. Belə layihələr yalnız birgə səyin, kollektiv əməyin nəticəsində meydana çıxır. Amma ona da qətiyyən şübhəm yoxdur ki, işin ən çoxu, yükün ən ağırı, məsuliyyətin ən böyüyü Dilqəmin payına düşüb. Həm də o, sadəcə zəhmət çəkməyib, deyərdim ki, vətəndaşlıq örnəyi, fədakarlıq nümunəsi göstərib. Günlərlə, aylarla Azərbaycanın İstanbuldakı Fəxri xiyabanı sayılacaq Feriköy islam məzarlığını, Qaraca Ahmet, Seyid Ahmet, Zincirlikuyu, Edirnekapı, Sakızağacı, Yehya Efendi Dergahı, Büyükada, Bülbüldərə, Eyup, Fatih, İhlamurkuyu, Kartal, Dedeler, Bakırköy məzarlıqlarını qəbir-qəbir dolaşıb. Bəzən bir məzarın yerini doğru-dürüst müəyyən etmək üçün necə arxiv sənədi qaldırıb, nə qədər kitablar, xatirələr vərəqləyib. Nəticədə Ağaoğlu ailəsi, Xanxoylu ailəsi, Əmircan ailəsi, Kürdəmir ailəsi, Səfiyurdlu ailəsi, Ziyatxan ailəsi, Rəfibəyli ailəsi və b. kimi Azərbaycanın seçkin nəsillərinin İstanbulda uyuyan üzvlərinin son mənzili haqda səhih məlumat toplayıb. Təbii ki, bu, ilk baxışdan göründüyü qədər asan iş deyil. Qəbiristanlıqların administrasiyası, görəvliləri, gözətçiləri ilə mübahisəyə girdiyi, bəzən şirin dillə, xahiş-minnətlə yola gətirdiyi, çoxlarına qəribə görünən axtarışının səbəblərini uzun-uzadı izah etdiyi vaxtlar da az olmayıb.

İstanbulda, Bakıda dəfələrlə görüşüb saatlarla maraqlı söhbətlər etdiyim Dilqəmlə təxminən 7-8 ildir ki, şəxsən tanışam. Mayasında xeyirxahlıq, qədirşünaslıq, vətənpərvərlik dayanan araşdırıcılıq fəaliyyətini isə daha əvvəl, hələ mətbuatda ilk qələm təcrübələri ilə çıxış etdiyi vaxtdan izləyirəm. Yaşının nisbətən azlığına (hərçənd az da sayılmaz!) baxmayaraq, yetərincə təcrübəsi, XX əsrin əvvəlləri Azərbaycan siyasi, ədəbi-mədəni mühitinə, xüsusən də Cümhuriyyət irsinə və mühacirət tarixinə hərtərəfli bələdliyi, tükənməz sevgisi var. Onu xarakterizə edən başqa bir mühüm cəhətsə tükənməz axtarış ruhu, ardınca getdiyi işin uzmanı, bilicisi olmaq istəyidir. Mətbuat və ədəbiyyat aləminə gəldiyi ilk gündən məlum olanları yeni şəkildə, fərqli formada təqdim edib təkrarlamaq deyil, naməlumluqlar üzərindən sirr pərdəsini qaldırmaq yolunu tutub. Və indiyə qədər bu sahədə az iş görməyib.

Müəllifi olduğu kitablardan birinin adına çevrilən “mühacirlərin qayıdışında” – Azərbaycan mühacirəti nümayəndələrinin öz vətənlərində tanıdılmasında böyük zəhməti var. Həyat yolları, fəaliyyətləri haqda cüzi məlumat olan, bəzən isə ümumiyyətlə heç nə bilinməyən bir sıra mühacirət xadimlərinin milli yaddaş səhifələrində həqiqi yerini tutması üçün çox zəhmət çəkib. Bir sözlə, gənc yaşdan könlünü Vətən tarixini, xüsusən də onun Cümhuriyyət səhifələrini vərəq-vərəq, səhifə-səhifə bərpa etmək, əskikləri tamamlamaq sevdasına verib.

Nəcib fəaliyyəti ilə bu mənada gənclərə, həmyaşıdlarına yaxşı nümunə göstərir.

Gizlətmirəm, bəzən mənim də şikayətçilər xoruna qoşulduğum vaxtlar olur. Gənc nəslin elmi araşdırmalara, tarix və mədəniyyətimizin ilkin mənbələr əsasında öyrənməsinə ciddi maraq göstərmədiyini, özlərini əziyyətə salmaq istəmədiyini, tanınmaq üçün asan yolla getməyə çalışdığını haqlı-haqsız iddia edənlərin fikirləri ilə razılaşıram. Əslinə baxanda, nə qədər acınacaqlı görünsə də, indi həqiqətən belə tendensiya mövcuddur. Hətta güclüdür.

Amma xoş istisnalar da var və onlar gələcəyə ümidlə baxmağa zəmin yaradır.

Gərək unutmayaq: irəliləyiş, inkişaf heç vaxt kütləvi xarakter daşımır. Bu əziyyətli, mürəkkəb proses bütün dövrlərdə qabağa düşüb zəhməti, məsuliyyət yükünü  çiyninə götürən ayrı-ayrı fərdlərin adı, fəaliyyəti ilə bağlı olur. Belə məqamlarda böyük Üzeyir bəylə ustad publisist Ömər Faiq Nemanzadənin məşhur polemikasını xatırlayıram. Üzeyir bəy “Nəyimizin vaxtıdır?” adlı məqaləsində cəmiyyəti sarmış süstlük, laqeydlik, ətalət hissindən gileylənirdi, məhz ürəyi yandığına görə millətin gələcəyi ilə bağlı bir qədər ümidsizlik ruhu aşılanmış  həyəcan və narahatlığını açıq şəkildə dilə gətirirdi. Gənc həmkarının fikirləri ilə razılaşmaq istəməyən Ömər Faiq isə “Açıq söz” qəzetinin səhifələrində dərc etdirdiyi nikbinlik və inam dolu “İşığımız sönməyəcəkdir!” (20 yanvar 1916-cı il) adlı məqaləsində onu ruhdan düşməməyə çağıraraq yazırdı: “Hər dürlü, hüquqdan məhrum məmləkətimizdə belə ən cahil və həmiyyətsiz vaxtımızda adi mirzələrdən – Fətəli Axundovlar, ən fağır baqqal Məşədi Ələkbərdən – Sabirlər, Şamaxı mühitində əsir qalmış seyidlərdən – Seyid Əzim Şirvanilər kimi ədiblər, şairlər yetişdirən bu millət işığının gələcəkdə gözlədiyimiz “haqq və ədalət” altında daha artıq parlayacağı “aşkar” deyilmi?”

Təbii ki, hər cür müqayisə qüsurludur. Lakin istənilən halda bu gün Azərbaycan humanitar elminin İstanbulda yaşayıb-yaradan Dilqəm Əhməd (hələlik rəsmən heç bir elmi dərəcəsi olmasa da), dosent Mehdi Gəncəli, Türkiyə, Polşa və Almaniyada əsaslı tarixçilik məktəbi keçmiş, indi professor kürsüsü tutmağa hazırlaşan Zaur Qasımov kimi istedadlı, məhsuldar, təəssübkeş, çətinlik və zəhmətdən qorxmayan nümayəndələrinin olması gələcəyə ümidlə baxmağa, məşhur “İşığımız sönməyəcəkdir!” düşüncəsinə şərik çıxmağa əsas verir.

lll

İstanbul martiroloqu demək olar ki, əsas adları, ünvanları ilə başa çatdırılıb. Amma azərbaycanlı məzarları tək İstanbulda deyil. Yuxarıda da qeyd etdiyim kimi, böyük Məhəmməd Əmin Ankarada, Əsri qəbiristanlığında uyuyur. Adanada, Amasiyada, Karsda, Elazığda, Trabzonda, Çanaqqalada və qardaş Türkiyənin digər şəhərlərində, qəsəbələrində onlarla soydaşımızın tanıtma, diqqət gözləyən sahibsiz, ziyarətsiz qəbirləri var. Azərbaycan mühacirətinin həyatda olan son mogikanlarından biri, canlı ensiklopediya təsiri bağışlayan professor İbrahim Yıldırım öz çıxışında gələcək axtarışların coğrafiyası və istiqamətləri barəsində geniş məlumat, ağıllı məsləhətlər verdi. Təbii ki, Dilqəm də həmin fikirləri bölüşür və hazırda növbəti cildlərlə bağlı axtarışlarını davam etdirir. Sirr açıram: əsər 3 cild olaraq nəzərdə tutulub.

Eyni zamanda İstanbulla bağlı işlərin tam başa çatdığını düşünmək də tezdir. Məncə, bəzi oçerklərin daha da təkmilləşdirilməsinə ehtiyac var. Elə kitab ətrafında söhbət zamanı son mənzili İstanbul olan daha bir görkəmli soydaşımızın – şəhid Behbud xan Cavanşirin adını daşıyan qardaşı oğlu, məşhur otolyorinqoloq-həkim, uzun müddət Türkiyə tennis və alpinizm federasiyalarına rəhbərlik etmiş professor Behbud Cümşüd Cavanşirin (1926-1999) qəbrinin yerini müəyyənləşdirə bildik. Onun Tofiq Fikrətin də son mənzili olan Aşiyan məzarlığında torpağa tapşırıldığını dəqiqləşdirdik. Behbud xanın digər qardaşlarının – İstanbulda yaşamış, Almaniya təhsilli mütəxəssislər kimi ölkənin iş həyatında iştirak etmiş Cümşüd xan və Surxay xanın məzarlarını tapmaq da, fikrimcə, çətin olmamalıdır. Onlar 1970-80-ci illərə qədər həyatda idilər. Hətta Azərbaycanla, buradakı Cavanşir ailəsi ilə əlaqələr yaratmışdılar.

lll

Baş konsulluğumuz son mənzili İstanbul olan azərbaycanlılar haqqında kitabın təqdimat mərasimini çox əlamətdar bir vaxta – Azərbaycanın dövlət müstəqilliyinin bərpası günü kimi qeyd olunan 18 oktyabra təyin etmişdi. Şübhəsiz, həyatlarını azadlığı, müstəqilliyi, dövlətçiliyi  uğrunda mübarizə apardıqları vətəndən uzaqlarda başa vurmuş insanlar üçün bundan daha yaxşı, daha münasib anım, ehtiram nümayişi düşünmək çətin olardı. Əgər ruhlar həqiqətən mövcuddursa, həmin axşam onların qərib ruhları mütləq sevindi.

Bakıdan xüsusi olaraq təqdimat mərasimində iştirak etmək üçün gəlmiş Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın, Türkiyə Böyük Millət Məclisinin Azərbaycan əsilli üzvü Şamil Ayrımın, Cümhuriyyətin qurucu baş naziri Fətəli xan Xoyski nəslinin nümayəndəsi Kərim Mehmetzadənin, professor İbrahim Yıldırımın, gecənin aparıcısı Mehdi Gəncəlinin, Ağaoğlu ailəsinin Azərbaycandakı təmsilçisi Nigar Axundovanın biri-birindən maraqlı çıxış və xatirələri iştirakçıları zamana və tarixə səyahətə apardı. Təqdim edilən kitabın işığında Nazim Hikmətin “torpağın altındakı köklərimiz”- deyə minnətdarlıqla andığı fədakar insanların əməl və fəaliyyətlərinə bir daha bələdçilik etmiş oldu.

Sarayevo

22 oktyabr 2024-cü il.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK