Danimarka ilə İsveçin paytaxtları Kopenhagen və Stokholmda 28 May – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə musiqili gecələr keçirilib.
Konsertlərin əvvəlində ölkəmizin Danimarka, İsveç, Norveç və Finlandiyadakı səfiri Zaur Əhmədov çıxış edərək Azərbaycanın keçdiyi inkişaf yolu, Avropa dövlətləri ilə ikitərəfli əlaqələrin inkişafı, bu ilin noyabr ayında ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) haqqında söz açıb. Danimarka Xarici İşlər Nazirliyinin Avropa qonşuluğu üzrə direktoru Henrik Vinter Azərbaycanın Müstəqillik Günü münasibətilə təbriklərini çatdırıb.
Sonra Əməkdar artist, tanınmış pianoçu Emil Əfrasiyab, Əməkdar artist İsgəndər Ələsgərov və Elvin Nəbiyevdən ibarət caz triosu konsert verib. Onların çıxışları böyük maraqla izlənib.
Tədbirdə yerli dövlət qurumları və ictimaiyyətin nümayəndələri, diplomatik korpusun təmsilçiləri, Azərbaycan və türk diasporunun üzvləri iştirak ediblər.