Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində əldə olunan şanlı Zəfərimizin ikinci ildönümü ilə bağlı Türkiyənin Kocaeli vilayətinin İzmit rayonunda şəhid general-mayor Polad Həşimov adına parkın açılışı və anım mərasimi keçirilib.
DAK.az xəbər verir ki, tədbir Azərbaycanda fəaliyyət göstərən İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM), İzmit Bələdiyyəsi və Kocaelidə fəaliyyət göstərən Heydər Əliyev Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə baş tutub.
Əvvəl Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, şəhidlərin əziz xatirəsi yad edilib.
Anım mərasiminin rəsmi hissəsində şəhid general-mayor Polad Həşimov barədə iştirakçılara geniş məlumat verilib.
Anım mərasiminin rəsmi hissəsində şəhid general-mayor Polad Həşimov barədə iştirakçılara geniş məlumat verilib.
Tədbirdə çıxış edən Heydər Əliyev Mədəniyyət Evinin rəhbəri Bilal Dündar, DAK-ın İcra Aparatının rəhbəri, İSBAM sədri Samir Adıgözəlli, Vətən müharibəsi qazisi İbrahim Cabbarov, ölkəmizin İstanbuldakı Baş konsulluğunun vitse-konsulu Murad Balacayev, İzmit Bələdiyyəsinin sədri Fatma Kaplan Hürriyet tarixi və milli dəyərlərimizin gələcək nəsillərə çatdırılması baxımından günün əhəmiyyətini vurğulayıblar.
Azərbaycanın tarix boyu öz azadlığı uğrunda mübarizə apardığını qeyd edən natiqlər bu yolda minlərlə qəhrəman bacı və qardaşlarımızın canından keçdiyini xatırladıblar.
Bildirilib ki, Azərbaycan 44 günlük Vətən müharibəsi və bu savaşın sonunda əldə edilən tarixi şanlı Zəfərlə bütün şəhidlərimizin intiqamını aldı, tarixi Qarabağ torpağını öz sahiblərinə qaytardı.
Türkiyə-Azərbaycan birliyinə toxunan çıxışçılar iki qardaş ölkənin daim çiyin-çiyinə mübarizə apardığını qeyd ediblər.
Bildirilib ki, Türkiyə hər zaman olduğu kimi, Vətən müharibəsi dövründə də Azərbaycanın yanında oldu. Qardaş ölkədə Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimov adına növbəti parkın açılışı isə bu birliyin ən parlaq nümunələrindən biridir.
Mərasimdə çıxış edən general-mayor Polad Həşimovun bacısı Kamalə Həşimova parkın açılışında əməyi olan hər kəsə, eləcə də istər ölkəmiz, istərsə də Türkiyə dövlətinin qardaşına verdiyi yüksək qiymətə görə minnətdarlığını ifadə edib.
Sonra parkın və bu məkanda Polad Həşimovun xatirəsinə ucaldılan büstün açılışı olub.
Tədbirdə Türkiyənin siyasi partiyalarının, ictimaiyyətin, Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdində Hərbi Attaşelik Aparatının nümayəndələri, millət vəkilləri, yerli sakinlər və digərləri iştirak ediblər.