Kiçik otaqdan böyük aləmi görən şair

by Samir Asadli

Onun haqqında yazmazdan əvvəl bu sözləri xatırlatmaq yerinə düşərdi. “Söz söyləyən yaxşı bir qəlbə, parlaq bir vicdana, gözəl bir əxlaqa malik olmalıdır”. Heç tərəddüt etmədən deyərdim ki, bu sözlər Əbülfət Mədətoğlunun söz aləmi, əxlaq dünyası üçün ölçülüb-biçilib.

Mən bu yazımda 1992-ci ildən bu günə kimi tanıdığım, bir zamanlar iş yoldaşım, həmkarım olan, təksə sözü ilə yox, həm də əxlaqı, tərbiyəsi, insanlığı, xeyirxahlığı ilə çoxlarına nümunə olan Əbülfət Mədətoğlundan danışmaq istərdim. Onun poetik deyimini yüksək qiymətləndirən B.Vahabzadə, Elçin, R.Rövşən, S.Səxavət, V.Bəhmənli, V.Nəsibli, V.Yusifli, F.Xəlilzadə və necə-necə söz sərraflarından sonra söz demək, təhlil aparmaq təbii həm çox çətindir, həm də mənə elə gəlir ki, elə ən qiymətli, ən dəyərli sözləri də onalr deyib, onlar yazıb.   Mənsə, yalnız qəlbimdən keçənlərin bir qismini korrektəsiz-filansız…

BDU-nun Jurnalistika fakültəsini yenicə bitirib “Ədalət” qəzetində işə başladım. Ömrümün ən gözəl, ən çoşqulu çağlarında “Ədalət”də haqq-ədalət sorağına düşərkən, yalnız jurnalistikanın özünəməxsusluqlarını deyil, həm də həyat dərsini öyrəndim. Qəzetin o zaman ilk və yeganə qadın müxbiri (bir necə il) kimi təbii başda Aqil Abbas olmaqla, bütün kollektivdən hər zaman hörmət, diqqət, qayğı gördüm. Əbülfət müəllimdən isə bunları “bir pay” daha artıq hiss etdim. Bəlkə də bu hadisələrə yanaşma münasibətimizin, üslub tərzimizin arasında bir yaxınlıq olduğu üçün belə idi. Bəlkə də Sizin “gönül, göz toxluğunuz”, “Vicdanı və Şərəfi ehtiyacdan qat-qat uca tutmağınız”, yurda, yuvaya bağlılığınız, arzunuzu, istəyinizi, dərd-sərinizi belə ən əzizinizə, yaxınınıza deməyib, öz ürəyinizə yük etməyiniz və s.

Deyilər ki, “aristokratlıq yalnız süd gölündə üzmək deyil”. Doğrudan da o qədər zənginlik içində gözü, gönlü açlar var ki. “Ədalət”də haqq-ədalət axtarışında olarkən cəmiyyətdə bunları da gördüm, ömrünü-günün söz, elm, mərifət yolunda fəda edənləri də. Bu fəadalardan biri də şair, publisist, jurnalist, “Ədalət” qəzetinin baş redaktorunun birinci müavini Əbülfət Mədətoğludur.

Əbülfət Mədətoğlu da onu zirvədən-zirvəyə aparan haqq sözünün işığında uzun illərdir bir yol gəlir. Bu yol bəzən daşlı, kəsəkli olsa da sonu işıqdır, nurdur, hürriyyətdir, zəfərdir! Zəfər demiş, burada üç il bundan əvvəl olan bir hadisəni danışmaq istərdim.

Şuşa mənfur düşməndən azad olunduğu günün səhəri, “bitdi qardaş, səni ağrıdan o ağrı-açı” -deyə Əbülfət müəllimi təbrik etmək üçün “Ədalət” qəzetinin redaksiyasına gəldim. Həmişəki kimi yenə də “o balaca otağında” yazı-pozusu ilə məşğul idi. Amma bu dəfə üzündə-gözündə yorğunluq yox idi. Əksinə çoxdan, lap çoxdan həsrət qaldığı (bəlkə də unutduğu) xoşbəxtlik, bəxtəvərlik süzülürdü, üzündən, gözlərindən, qamətindən. Qaməti də düzəlmişdir. Otuz ilin ağrı-acısını sanki bir gecədə unutmuşdu. Gözləri gülürdü. Menə elə gəldi ki, qarşımda 1992-ci ildə, ilk dəfə redaksiyanın dəhlizində gördüyüm Əbülfət müəllim dayanıb. Axı bu zəfər ona təkcə Şuşasını qaytarmadı. Bu Böyük Zəfər ona yarımçıq qalan arzularını tamamlamağa, yurd-yuvasını sahmana salmağa yol açdı. Əlini sıxdım, təbrik etdim. O, isə bir-necə dəqiqi danışa bilmədi. Sevincdən qəhər onu boğdu. Gözləri danışdı: “Qərənfil, şükür Tanrıya bu günü görməyi mənə qismət etdi”. Əbülfət müəllimlə sağollaşıb otağı tərk edərkən yadıma Vaqif Yusifin bu sözləri düşdü: “O Otaqda Dünyanı görür”  Əbülfət müəllim. O, dünyanı ki, bizim haqq səsimizə kar oldu, gör oldu. Böyük Zəfərimizlə o kar qulaqları, gör gözləri açdıq və dünya hərb tarixinə bir Şuşa Zəfərini yazdıq…

1959-cu ilin qarlı-boranlı bir qış gecəsində Xocavənd rayonunun Tuğ kəndində Mədət kişinin ailəsində bir oğlan uşağı dünyaya gəldi. Çoxlarından fərqli olaraq ağlı kəsəndən, əli qələm tutandan, sözünü-özünü dərk edəndən xoşbəxtliyini, ağrı-acısını, umu-küsüsünü sözü ilə dedi, sözü ilə eşitdirdi. Və bir gün Əbülfət Mədətoğlu “ədəbiyyat məkanının adamı oldu”.

Hələ çox çavan idi söz aləminə gələndə. Onu bir gün yurdundan-yuvasından perik salan sovetlər hələ yaşıyırdı. Əbülfət də o sovetlərin kolxozunda işlədi, hərbisində xidmət etdi, mətbuatında çap olundu. “Azərbaycan pioneri”nin, “Azərbaycan gəncləri”nin, “Sovet kəndi”nin səhifələrində  imzası göründü. Onda hələ Vaqif müəllimin təbrincə desək “bircə misrasından tanınan şair” deyildi. Onda hələ çoxlu sayda nəsr və şeir kitablarının, saysız hesabsız bədii-publisistik məqalələrin müəllifi deyildi. Şeirləri Türkiyədə, İranda çap olunmamışdır. Onda Əbülfət müəllim nə Əməkdar jurnalist idi, nə də “Qızıl qələm”, “Qızıl kəlmə”, “Məmməd Araz”, “Media Açarı” və s. və i. mükafatlara layiq görülmüşdür.

Amma onda “ürəyinə dəli bir sevda girmişdi”. Ömrünü-gününü haqq sözünə çulğalamaq. Sözün işığında Tanrısına üz tutaraq ağrı-acılarını, həsrətini, vüsalını, “yaşanmış duyğularını” sözlə ovundurmaq, oxşamaq, sözün yaddaşına köçürüb əbədiyyata qovuşdurmaq.

İllər kecdi Əbülfət Mədətoğlu buna nail oldu. İmzası tanındı, sevildi, secildi. Tək şair kimi yox, həm də bir publisist kimi sözün qüdrətindən istifadə edərək ətrafında baş verənlərə çox aydın və kəskin münasibət bildirdi. Hər vəclə oxucusunu xoş gələcəyə inandırmağa çalışdı.

Bəlkə də çoxları mənimlə razılaşmaz, amma mənə elə gəlir ki, Əbülfət müəllimi söz dünyasına bağlayan yaşadığı ağrı-açılar, yarımçıq qalan xoş günləri, arzuları, istəkləri, xəyalında bütövləşən və daşlaşan bəxtəvər uşaqlıq illəri, ata yurdu, Vətən içində vətənsizləşən yurd-yuva, el-oba xiffəti daha nələr, nələr oldu. Şuşasızlıq ömrünün ən acı, ən faciəli illəri oldu. Bax elə buna görə Əbülfət müəllimin həm şeiriyyatından, həm publisistikasından “yurdu yağmalanan, xanimanı dağılan, ev-eşiyi viran qalan, uşaqlığı əlindən alınan, gəncliyi talan edilən yarım milyonluq bir köçün” ağrısı-açısı, tükürpədici fəryadı, sahibsiz yurdların hıçqırtısı, müqəddəs yurdun qulaqları dəlib keçən hayqırtısı eşidilir. İngilis yazarı Corc Eliot da yazırdı ki, “Şairi şair edən iztirab və dərdləridir”.

…Böyük Türk Dünyasının sevimli şairi Bəxtiyar Vahabzadə Əbülfət Mədətoğlunun yaradıcılığı haqqında  yazırdı ki, “Onu oxuyanda varımdan yox oluram, tüstüm təpəmdən çıxır. Köz-köz olur ürəyim”. Vaxtilə güllü-gülüstanı xatırladan yurd-yuvasının viranına dözə bilməyən şairin söz dünyası onun məlhəminə çevrilsə də, o dünyada insanı varından yox edən baxışlar, donub yanaqlarda qalan göz yaşları, diri ikən ölüyə çevrilən insanların ərşə çəkilən harayı, fəryadı var. Sabir Rüstəmxanlının təbrincə desək “poeziya güzgüdür və müəllifin bütün ruh aləmini, həyatını, yaşam tərzini nümayiş etdirir”.

Əbülfət müəllim, otuz il yurd-yuva həsrətilə yandı-yaxıldı, amma ümudini itirmədi. Bu inam yaşatdı onu da, sözünü də. Odur ki, müəllifin hansı bir şeirini, məqaləsini oxusan sözün sirli-sehirli, cazibədar axınına düşərək o ümid çırağının arxasınca gedirsən.

Əbülfət Mədətoğlu həyatda olduğu kimi poetik dünyasında da sadədir, səmimidir. Yazı tərzi aydın, ifadə tərzi lakonik olduğu üçün oxucusunun qəlbinə tez yol tapır, ruhuna hopur, ruhu durulur, əqidəsi saflaşır. Odur ki, bu gün Azərbaycanın söz məkanında, musiqi dünyasında özünəməxsus yeri olan bir qələm əhlidir və onun onlarla şeirlərinə musiqilər bəstələnib.

Ə.Mədətoğlu “Möcüzə axtaran səyyah” adlı publisistik məqaləsində yazır ki, “bütün söz adamlarının içində özəl mövzular olur. Bu mövzular da, təbii ki, yaşamdan doğulub-törəyir. Yəni nəyi özünün içində görürsənsə və özün nəyin içində olursansa, onu özünə bir köynək yaxın bilirsən”. Bax, Əbülfət müəllim də öz içində, ona bir köynək yaxın olan mövzulara daha çox müraciət edir. Özü dediyi kimi, o da bu mövzuların içində doğulub, böyüydüyü üçün sözüilə söz dünyamıza, ruhumuza yol tapa bilir.

Müəllifin 2016-cı ildə qələmə aldığı “Təqdimatdan sonrakı təqdimat” başlıqlı məqaləsindəki sonuncu çümlə bu gün Əbülfət müəllimin necə uzqgörən bir qələm, söz əhli olduğuna sübutdur. O, yazır ki, “Biz öldürülmüş torpaqlarımızı çiynimizdə tabut kimi yox, əllərimizin üstündə millətimizə, bütövlüyümüzə qaytarıb qovuşduracağıq!..”. Bəli, ürəklə, inamla deyilən bu söz bizə 44-günlük Böyük Zəfərimizin sevinçini yaşatdı və öldürülmüş o torpaqlarımıza zəfərlə qayıdaraq həyat verdik, işğaldan azad etdik.

Həmin məqalədə Ə.Mədətoğlu daha bir uzaqgörənlik edərək yazır “Azərbaycan müstəqillik qazananda Arazın o tayından da, bu tayından da sərhəd məftillərini yalın əlləriylə çəkib qoparan millət var, yaşayır”. Əbülfət müəllim arzu edirəm Ulu Tantı tezliklə o millətə Bütöv Azərbaycan Zəfərini yaşatsın, Siz də o zəfərə şeirlər həsr edəsiniz.

Qərənfil Dünyaminqızı,

Əməkdar jurnalist

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK