Kinomuzun Gülbənizi…

by Samir Asadli

Əməkdar incəsənət xadimi, ta­nınmış rejissor Gülbəniz Əzimza­də Bakıda ziyalı ailəsində anadan olub. Atası Yusif Əzimzadə yazıçı, anası Gülnaz Salamova isə rəssam idi. Gülbəniz 8-ci sinfi bitirdikdən sonra Ə.Əzimzadə adına Azərbay­can Dövlət Rəssamlıq Məktəbində oxuyub. Lakin kinoya olan sevgisi onu Moskvaya – Ümumrusiya Döv­lət Kinematoqrafiya İnstitutuna aparıb. Orada rejissorluq sənətinin nəzəri əsaslarına yiyələnib. 

Kino təcrübəsini əyani olaraq “Bi­zim Cəbiş müəllim” filmində rejissor asistenti kimi qazanmağa başlayan Gülbəniz xanım çəkiliş meydanında görkəmli rejissor Həsən Seyidbəylidən bu sənətin sirlərini öyrənib. Yalnız illər sonra öz kino dünyasını yaratmağa nail olub.

Gülbəniz Əzimzadənin ilk müstəqil ekran işi 1974-cü ildə ekranlaşdırıl­mış “Nəğmə dərsi” filmi olub. Bu, onun diplom işi idi. Film Rüstəm İbrahimbə­yovun eyniadlı hekayəsinin motivləri əsasında çəkilib. Ekran işi boşanmış ailələrdən birinin timsalında anası ilə yaşayan oğulun atası ilə münasibətlə­rindən bəhs edir. Ata (Əliabbas Qədi­rov) övladı Fəxrəddini yalnız bir dəfə – dərslərarası tənəffüs zamanı görə bilir və ona öz həyatından, çətinliklərindən danışır. Bununla da övladda ata sev­gisi yenidən baş qaldırır. Ata övladına möhkəm olmağı, həyata qaynayıb-qa­rışmağı tövsiyə edir. Beləcə, Fəxrəddin atasından ilk dəfə həyat dərsi alır…

Quruluşçu rejissor film üzərində işləyərkən operator Valeri Kərimov, quruluşçu rəssam Firəngiz Qurbano­va ilə, eləcə də aktyorlarla yaradıcılıq ünsiyyətindən gözəl nəticə əldə edib. Rejissor psixoloji anları maraqlı boya­larla əks etdirə bilib.

Anarın “Dantenin yubileyi” povesti əsasında quruluş verdiyi eyniadlı film 1978-ci ildə ekranlaşdırılıb və ma­raqla qarşılanıb. Sənətə təmənnasız xidmət və məhəbbət haqqında poetik etiraf olan film qocaman teatr aktyoru haqqındadır. Kəbirlinski (Həsənağa Turabov) epizod aktyorudur. İsteda­dı olmasa da, teatra qəlbən bağlıdır. Həmkarları daim onunla zarafatlaşır, lağa qoyurlar. Nəhayət, aydın olur ki, bu sakit, sadəlövh və gülməli adam əsl ziyalıdır, şəxsiyyətdir və milli mədəniy­yət tarixinin bir parçasıdır. Yeri gəlmiş­kən, yazıçı Anarla rejissor Gülbənizin yaradıcılıq tandemi “Şəhərin yay gün­ləri” pyesinin motivləri əsasında çəkil­miş “İmtahan” filmində də davam edib. Bu filmdə Şahmar Ələkbərov da onlara qoşulub. “İmtahan” əxlaqi əhəmiyyə­tinə görə G.Əzimzadə yaradıcılığından qırmızı xətlə keçir.

1974–1998-ci illərdə “Azərbaycan­film” kinostudiyasında quruluşçu-rejis­sor işləyən Gülbəniz xanımın filmləri bir sıra kinofestivallarda mükafatlara layiq görülüb. Kiyevdə “Molodost-80” sınağında aldığı diplom, İrəvanda lX Televiziya Filmləri Festivalında qazan­dığı baş mükafat, Daşkənd festivalında əldə etdiyi fəxri fərman bu sıradandır.

Qarabağ müharibəsi də Gülbə­niz Əzimzadə yaradıcılığından yan keçməyib. Orxan Fikrətoğlu, Rövşən Almuradlı, Elman Şeydayev və Rafiq Quliyevlə birgə ekranlaşdırılan “Ümid” filmində adı bəlli olmayan adi bir əs­gərin qəhrəmanlıq rəmzinə çevrilməsi əsas süjet xəttini təşkil edir. Filmdə o adamlardan bəhs olunur ki, müharibə onların taleyini şikəst edib. Filmdəki hadisələr cəbhə xəttində deyil, Bakı­dakı hospitalda bir gün ərzində baş verir. Müəlliflər Ana (Şükufə Yusupova) obrazının konteksində mənəvi prob­lemlərə toxunurlar. Filmin adından da göründüyü kimi, xalqda başının üstü­nü almış bəlalardan qurtarmaq üçün özündə qüvvə tapmaq, hər cür çətinlik­ləri dəf etmək hissi aşılanır.

Azərbaycan kinosunda qadın rejis­sor kimi özünü təsdiqləmiş Gülbəniz Əzimzadə 18 ildir ki, aramızda yoxdur. Amansız əcəl onu 59 yaşında aparıb. Amma yaratdığı filmlər, yaradıcılıq səyləri haqqında xatirələr onu yaddaş­larda yaşadır.

Ceyhun MİRZƏLİ

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK