O, Azərbaycan tamaşaçısının yaddaşında daha çox “Dəli Kür” bədii filmindəki Rus Əhməd obrazı ilə qalıb. Bəlkə də vaxtilə atası – tanınmış teatr rejissoru, teatr aktyoru, eyni zamanda, pedaqoq olmuş Həsən Əliyevdən müəllimliyə məhəbbət əxz etdiyinə görədir ki, həmin rolda onun oyunu çox təbii alınıb. Əlbəttə, istedad da öz sözünü deyib.
Söhbət aktyor, teatr və kino rejissoru olmuş Eldar Əliyevdən gedir. Bu günlərdə Bakı Rus Evində onun yaradıcılığına həsr olunmuş gecə keçirilib. Tədbirin əvvəlində aktyorun rol aldığı filmlərdən musiqi əsərləri səsləndirilib. Sonra Eldar Əliyevin qızlarının təşəbbüsü ilə 2021-ci ildə yaradılmış “Eloba” film şirkətində istehsal edilmiş “Mənim xoşbəxtliyim” sənədli filminin nümayişi olub. Filmdə Rus Dram Teatrının aktyorları ilə yanaşı, rejissor Oktay Mirqasimov, Rüstəm İbrahimbəyov, digər teatr və kino xadimləri də iştirak ediblər. Ekran işində aktyorun sənət yoldaşları – Xalq artistləri Məbud Məhərrəmov, Cənnət Səlimova, Lyudmila Duxovnaya Eldar Əliyevlə bağlı xatirələrini bölüşür, onunla birgə çalışdıqları dövrə nəzər salaraq, həmin illərdə yaşanmış maraqlı anları xatırlayırlar.
Qeyd edək ki, Səməd Vurğun adına Rus Dram Teatrında rejissor kimi çalışan aktyorun ilk işi – “İnkoqnito” tamaşası olub. Sonralar teatrın səhnəsində “Qohumlar”, “Mənim ümidlərim”, “Vəhşi mələk”, “Mənim səadətim”, “Şeyx Sənan” əsərlərinə uğurlu quruluş verib. Eldar Əliyev Azərbaycanda Musiqili Komediya və Rusiyada Leninqrad Musiqili Komediya teatrlarında da müxtəlif janrlarda tamaşalar qoyub. Aktyor, eyni zamanda, “Azərbaycanfilm”də və Rusiyada istehsal olunan filmlərdə rollar alıb. O, “Gümüşü furqon”, “Qız qalası əfsanəsi”, “Sən niyə susursan?”, “Mən ki gözəl deyildim”, “Papaq”, “Azadlıq şirin sözdür” və s. filmlərdə rəngarəng obrazlarla yadda qalıb. Eldar Əliyev 1984-cü il fevralın 27-də dünyasını dəyişib.
Fidan SALMANOVA