
Dünyaya Azərbaycan həqiqətlərini təsdiq etdirən Zəfər Savaşı həm də “Qarabağ Azərbaycandır!” şüarını bunun əksini iddia edən erməni liderinə qəbul etdirdi. Savaşdan öncə Cıdır düzündə kev məclisi qurub sərsəm iddialarda olan Paşınyan ən yüksək səviyyədə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və Qarabağın da ölkəmizin ayrılmaz hissəsi olduğunu bəyan etdi. İndi erməni baş nazirinin daha bir sözünü geri götürmək zamanıdır. Söhbət Laçın sərhəd keçid məntəqəsindən və Zəngəzur dəhlizindən gedir. İlk öncə onu qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd keçid məntəqəsinin yaradılması tarixi hadisə olaraq Zəvər Savaşından sonra ikinci böyük uğurumuz sayıla bilər. Bununla Zəfər Savaşındakı Qələbəmizə həm də rəsmi möhür vurulmuş oldu. Çünki Laçın yolu ermənilərin istədiyi kimi istifadə etdiyi marşruta çevrilmişdi və bu yolla Ermənistandan silah-sursat, hərbi texnika, minalar və canlı qüvvə daşınır, istənilən şəxs rahat şəkildə Azərbaycan ərazisinə girib-çıxa bilirdi. Daşınan minaların Azərbaycan ordusunun hərəkət marşrutlarında basdırılması nəticəsində onlarla hərbçimiz şəhid olub. Sərhəd-buraxılış məntəqəsinin qurulması Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasını maksimum şəkildə məhdudlaşdırmış oldu. Bu addım Azərbaycan dövlətinin qətiyyətini və cənab prezidentin “nəyi nə zaman etmək lazım olduğunu mən yaxşı bilirəm” həqiqətini bir daha təsdiq etmiş oldu. Ötən müddət ərzində keçid məntəqəsində ermənilərin normal qaydada yoxlanılaraq gediş gəlişinə şərait yaradılıb, eyni zamanda Azərbaycan Qarabağda yaşayan ermənilərə humanitar yardım üçün Ağdam Xankəndi yolunu təklif edib. Amma humanitar böhrandan dəm vuran ermənilər təklifi rədd ediblər. Əvəzində hər vəchlə çalışırlar ki, Laçın koridorunda hansısa bir təxribata yol açsınlar. Ölkəmiz ilə razılaşdırmadan suveren ərazimizə “humanitar yük” adı altında avtomobil karvanı göndərən Ermənistan sözün həqiqi mənasında təxribat şousu yaradır.