Mədəniyyət nazirliyinin daha bir qurbanı

by Samir Asadli

Mədəniyyət nazirliyinin daha bir qurbanı

Nardaran Bakının ən qədim kəndlərindən biridir. XIV əsrə aid edilən Nardaran qalası, 1681-ci ildə Səfəvilər tərəfindən inşa olunmuş karvansaray, qədim su ovdanları, Nardaran mayakı, tarixi məscidlər, türbələr və köhnə qəbiristanlıqlar da daxil olmaqla 20-dən çox tarixi abidə var bu qədim yerdə.
Bu qədim abidələrdən biri də Nardaranın qədim “Xan hamamı”dır. 1388-ci ildə inşa edilən bu hamama kənd sakinləri “Qum hamamı” da deyirlər. Tarixin bütün çətinliklərinə dözən bu qədim hamam XIX əsrin sonlarından sonra torpaq altında qalmışdır. Uzun müddət burda abidənin ancaq günbəzləri görünüb. 1913-cü ildə Kərbəlayi Hacı Mollaoğlu adlı şəxs burda tikinti aparmaq istəyən zaman qədim abidəni aşkar etmiş, oranı fəhlələr çağıraraq təmizlətmişdir. Qədim Hamam olmasını isə memarlıq quruluşuna görə müəyyən etmək olmuşdur. Abidənin tikilməsinin tarixi üzərində olan kitabədən görünür. 1388- ci ildə Xacə Zeynəddinin sifarişi ilə memar Güştasf ibn Musa tərəfindən inşa edilib deyə kitabədə yazılıb. Rus tədqiqatçısı Şeblikin burda araşdırma aparıb və kitabında da yazıb ki, Xan hamamı saxsı borular vasitəsilə isti və soyuq su ilə təmin edilir, suyun qızdırılması zamanı yaranan isti hava axını daş döşəmələrin altından keçən daş kanallara buraxılırdı. O zaman memar bunu elə planlaşdırmış idi ki, hamamın otaqlarının və döşəmələrin isidilməsini bu cürə mümkün olsun. Hamam hovuzlarına su tikilinin yaxınlığında yerləşən su quyularından qapalı kanallar vasitəsilə gətirilirdi.
Bu tip hamamlarda səkkizguşəli formaya malik mərkəzi zal olmur və bütün otaqlar dördbucaqlı fomaya malikdir. Abşeron hamamları adətən yarım-yeraltı formada inşa edilib o dövrdə. Eyni tipli hamam da Kürdəxanı kəndində inşa edilib.
XV əsrdə bu hamam Şirvanşların şəxsi nəzarətinə keçir. Qeyd edim ki, I İbrahim Xəlilullahın sifarişi ilə Nardaranda inşa edilmiş Şirvanşahların yay iqamətgahına tabe edilən bu Xan hamamı uzun müddət saraya xidmət edib.
Şirvan-Abşeron memarlıq məktəbinin nümunələrindən hesab olunan tarixi abidə hazırda zibilliyi xatırladır. Daxilinə və ətrafına atılan tullantılar, abidəni hər tərəfdən mühasirəyə almış alaq otları, hamamın otaqlarında araşdırma aparmağa imkan vermir. Cəhd etsəm də zibillik və natəmizlik səbəbindən içəri keçə bilmədim.
1388-ci ilin yadigarı olan tarixi “Xan hamamı” tamamilə qəzalı vəziyyətdədir. Demək olar ki, bura nazirliyin və kənd camaatının diqqətsizliyinin qurbanına çevrilib. Nazirlik isə bu qədim abidəni nəzarətə götürməsə bu tikili tarixin yaddaşından birdəfəlik silinə bilər. Bir tarixi abidənin yox olması isə bizim keçmişimizin silinməsidir
Zaur Əliyev, dosent

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK