“Mədənlərin fəaliyyəti etraf mühiti çirkləndirir”-Zənganda etiraz

by Samir Asadli

Zəngan əyalətinin Mahnişan (Manişan) bölgəsində fəaliyyət göstərən 48 mədən bölgə əhalisi üçün yalnız əlavə problemlər yaradır və ətraf mühiti çirkləyir. Bu barədə Zəngan əyalətinin İslami Şurasının başçısı İskəndər Abidini açıqlama verib.

“Mahnişan bölgəsinin ərazilərinin 52%-i mədənlərlə zəngindir. Hazırda burada 4 mədən fəaliyyət göstərir.

Ancaq bu mədənlərdə hasilat fəaliyyəti bölgə əhalisi üçün yaxşı heç nə gətirməyib”,- o, İRNA xəbər agentliyinə verdiyi müsahibədə bildirib.

Abidini deyib ki, mədənlərin fəaliyyəti nəticəsində ətraf mühitə dəyən zərərin bərpası üçün gəlirlərdən pay ayrılmalı olduğu halda, bu günə kimi bu, yerinə yetirilməyib.

Qeyd edək ki, Azərbaycanın Zəngan əyaləti bir çox mədənlərlə, o cümlədən qızıl, qurğuşun və sink mədənləri ilə məşhurdur.

Zənganın “Ənquran” qurğuşun və sink mədəni Orta Doğunun bu qəbildən olan ən böyük mədənləri sayılır və 70 ildən çoxdur ki, buradan istixrac olunan faydalı qazıntılar İranın mərkəzi əyalətlərinə daşınır.

Bundan öncə Mahnişan şəhərinin keçmiş bələdiyyə başçısı Mənsur Məlikinejad da duruma etiraz edib.

O, Zəngan mədənlərinin talandığını, bunun yerli əhaliyə heç bir xeyrinin olmadığını bildirib.

“Bölgə dünyanın yeddinci, Orta Doğunun isə birinci ən böyük qurğuşun və sink mədənlərinə malik olmasına baxmayaraq, buradan əldə edilən gəlirlər Kirman və İsfahan şəhərlərinin bələdiyyələrinin xəzinəsinə axıdılır.

Mahnişan əhalisinin başı isə yenə də papaqsız qalır”-deyə, Məlikinejad zənganlıların öz sərvətlərindən pay əldə edə bilməmələrinə etiraz edib.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK