Məhəmməd Əmin bəy – Fazil Mustafa yazır

by Samir Asadli

Ankaranın sakit guşələrinin birində öndərimiz Məhəmməd Əmin Rəsulzadə uyuyur. Hər dəfə məzarını ziyarət edərkən, onun bəlkə indi də torpağın altından “Azərbaycan” deyə inildəyən sümüklərinin vətənə köçürülmədiyinə min dəfə şükür edirdim. Öndərin ruhunu məmləkətə çoxdan daşımışıq. Hər gün dostlar üçrəngli bayrağımızın sevgisini, düşmənlər xofunu yaşamaqdadırlar! Hər gün milli himnimizin sədaları dostların ürəyinə axır, düşmənlərin qulağını dəlib keçir. İndi milli dövlətimizin adının çəkilişinə gözlərimiz yaşarır. Yəni bunlar hamısı bütövlükdə Rəsulzadənin yaşayan ruhudur. Sümüklərini isə hələlik rahatsız etməyin. Bu gün onun ruhunu söyənlər, ətini yeyənlər mütləq sümüklərinə də göz dikəcəklər. Ötən yüzilin 80-ci illərində qərib şəhid Hüseyn Cavidin sümüklərini xoş niyyətlə məmləkətə gətirəndə də içimdən belə bir sızıltı keçmişdi: “Ruhu məmləkətimiz üzərində dolaşan şəxsiyyətlərin sümüklərinə toxunmamaq da olar. Rusiyanın soyuq havasında Yusif Vəzirin heç sümükləri də tapılmadı. Sümükləri boş verin, dolaşan ruhunu millət olaraq görməyimiz, duymağımız yetərlidir”.

***

Bu gün də bəzi siyasi liderlər iddia edirlər ki, biz Rəsulzadə yolunu gedirik. Biz də onları tənqid edirik ki, Rəsulzadə yolunu şüar olaraq öyrənmək başqa şeydir, onun nəzəri məktəbini anlamaq, dərk etmək və o nöqteyi-nəzərdən çıxış etmək tam başqa bir şey. Məsələn, Rəsulzadənin tarixə baxışını bu gün demokratik cinahda olan insanların böyük əksəriyyəti inkar edir. Elçibəyin “Azərbaycandan başlayan tarix” əsəri Rəsulzadənin tariximizə konseptual baxışı ilə ziddiyyət təşkil edir. Fikrimcə, Rəsulzadənin tarix anlayışı daha obyektiv və əsaslı sayıla bilər. Biz bir çox hallarda Rəsulzadədən misal gətiririk ki, irançılığa, türkçülüyə, Azərbaycanın etnik mənzərəsinin formalaşmasına baxışın məhz belə olduğunu göstərək. Əzbərlədiklərinə uyğun gəlmədiyindən, deyirlər ki, bəs bu məsələdə milli öndər yanılıb. Biz indiyədək olan düşüncəmizdə qalırıq. Sonra da durub bağırırlar ki, guya ki, Rəsulzadə yolu gedirlər. Qərb düşünənlərindən Ted Turner bu cür zehniyyət sahiblərinin qarşısına maraqlı imperativ şərt qoyurdu: Ya bir yol açın, ya bir yol tapın, ya da yoldan çəkilin. İndi sizlər, yəni əzbərçilər, Məhəmməd Əmin bəyin yolundan çəkilin ki, onun aydınladıcı işığı Azərbaycanın üzünə düşə bilsin!

***

Məhəmməd Əmin bəy! Azərbaycan adını şərəfləndirən zəki və nəcib insan! Bu millətə müstəqillik əxlaqını mənimsətdin, müstəqilliyin dəyərini canına hopdurdun. Sadəcə sənin şüarlarını əzbərləyənlərin çoxluğu səni hər anımızın düşüncə kitabına deyil, bir sevgi bütünə çevirməyi bacardı. Siyasət əxlaqını, tarixə baxışını, düşüncə irsini yetərincə öyrənmədilər. Halbuki Azərbaycan adı Vətən dediyimiz bir tarixi coğrafiyanı birləşdirdiyi kimi, sənin də adın bu coğrafiyada yaşayan bütün istiqlalsevər insanları birləşdirən məqamdır. Sənin doğuşun həm də bu gün Azərbaycan ruhunu canında yaşadan hər kəsin doğuşudur. Sənin müstəqillik yolunu izləyənlər, kaş ki, siyasi nəcibliyini, düşüncə aydınlığını da anlasaydılar. O zaman bambaşqa aydınlıq dolu bir Azərbaycan olardıq. Ruhu sözüylə, yazısıyla, Azərbaycan adlı kəşfiylə anılan tək insan!

***

Böyük fransız yazıçısı Viktor Hüqo dahi filosof Volterin ölümünün yüzüncü ildönümündəki çıxışında qeyd edirdi ki, Volterdən sonra daha iki böyük filosof Russo və Didro öz əsərləri ilə insanlara doğru düşünməyi öyrətdilər və nəticədə, doğru davranışlar ortaya çıxdı. Bugünkü Avropa məhz bu doğru düşüncə ilə texnoloji üstünlüyə sahib olub. Bizim ədəbiyyatda doğru düşüncəni təqdim edən əsərlər ortaya çıxdı, dində və fəlsəfədə isə tam bir boşluq qaldı. Hamının nümunə olaraq göstərdiyi ilk modern filosofumuz Axundov cəhalətin üzərinə getsə də, bütövlükdə İslamı hədəf aldı, Peyğəmbərin əxlaqını müzakirəyə açdı. Halbuki Axundovu iyrəndirən şey İslam deyil, İslam adı ilə yüzilliklər boyu yaşanan mövhumat, xurafat və mənəviyyatsızlıq idi. Həqiqətən də, Azərbaycan coğrafiyasında ömür sürən bizlər bu günədək İslam tarixinin intriqalarından başqa bir şey yaşamadıq, indi-indi tərcümə olunan kitablar hesabına özümüz oxuyaraq İslam haqqında sağlam təsəvvürlər əldə edə bildik, İslam Peyğəmbərinin məntiqdən kənar olan hansısa davranışını müşahidə etmədik. Siyasətdə isə tək bircə Məhəmməd Əmin Rəsulzadə doğru tarix və din şüurunun daşıyıcısı oldu və modern Azərbaycan dövlətini məhz antiiran modelində qurulmasının vacibliyinə cəmiyyəti inandıra bildi. Böyük əksəriyyət Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz!” şüarının ədəbiyyat pafosundan uzağa gedə bilmədi, halbuki bir dəfə yüksələn bayrağın bir daha enməsinin mümkünlüyünə tarixdən onlarla nümunə gətirə bilərik. Milli öndər Rəsulzadədən əxz olunan məhz üç məqam vardır: doğru tarix şüuru doğru din şüuru antiiran dövlət modeli.

***

Məhəmməd Əmin Rəsulzadə öz siyasi yaşamı boyu haradasa beş düşüncə sistemi daxilində dəyişim edibdir. Onun həyatını araşdıranlar bir-bir baxar ki, bu şəxsiyyətdə sosial-demokratlıqdan tutmuş milliyyətçiliyə, milliyyətçilikdən tutmuş türk-konfederasiya fikrinə, milli təsanüdə qədər gələn bir anlayış vardı. Məhəmməd Əmin Rəsulzadə qədər siyasi düşüncə baxımından dinamik şəxs tapmaq çətindir. Bilirsinizmi, “Mən əqidəmdə qalıram, Azərbaycan harada qalırsa-qalsın”, kimi anlayışla siyasət həyata keçirilməz! “Azərbaycan harada olmalıdırsa, mən də ona uyğun siyasət formalaşdırmalıyam”, söyləyən zəkalara salam olsun!

***

Böyük öndər M.Ə.Rəsulzadə o vaxt “Əsrimizin Siyavuşu” əsərində iddia edirdi ki, Turan və İran mədəniyyət qütblərinin sintezi ilə ideal azərbaycanlı obrazını yaratmaq mümkündür. Zaman isə başqa gerçəkliyi önümüzə qoydu: iranlı dinçi kimliyindən qurtulmayan azərbaycanlı tədricən avropalaşmış obrazını da itirəcəkdir. Yəni bu gün azərbaycanlının vücudunda, əslində, bir tərəfini mədəniyyət baxımından avropalaşmağa yönəldən 50 faizlə, digər tərəfini iranlı olmağa qaytarmaq istəyən 50 faiz vardır və bu cür ikiqütblülük müstəqillik dövrünün ən ciddi təhlükəsinə çevrilməkdədir.

***

Heykəl siyasi liderləri, tarixi simaları insan təsəvvürlərində donuqlaşdıran, gözlərində daşa çevirən subyektiv bir əsərdir. Təsəvvür edin ki, bir insan eyni hərəkətsizlik obrazında yaddaşlara köçürülür, yaddaşlarda dondurulur. Ancaq Məhəmməd Əmin bəy dondurulan insan tipi deyil, zaman-zaman açılan və ruhlara, qəlblərə yayılan bir insan obrazıdır. Bir az da mistik tərəfdən bu heykələ necə birləşdirəcəksiniz onun daşıdığı Azərbaycanı? Bəlkə də buna görə onun qəbrinin Ankaradan Bakıya köçürülməsini lüzumsuz bir addım sayıram. Məhəmməd Əmin bəy dost-doğmaca Vətən torpağımız olan Anadoludakı qəbrinə görə qürbətdə deyil ki? Zira cəmiyyətin və ayrıca Azərbaycan insanının ona münasibətinə görə qürbətdə sayıla bilər. İndi doğumunun 140 illiyinin rəsmi qeyd olunması özlüyündə müsbət təmayül olsa da, əsas olan azərbaycanlıların Məhəmməd Əmin bəyin doğru düşüncə sistemini anlamasıdır. Bu vacib amili anlayıb-anlamamaq bəsit bir yanaşma məhsulu olan Rəsulzadə-Elçibəy yolunu gedib-getməmək üzərində siyasi cinahları müəyyənləşdirməklə olmaz. Burada onun düşüncə kodunun doğru açılışından söhbət gedir.

***

Azərbaycanın etnik və dini strukturunun, siyasi gələcəyinin dəqiq təyinatını vermiş Məhəmməd Əmin bəylə bağlı bircə istəyim var: onun Azərbaycan sevgisinin və Azərbaycanı tam anlamıyla tarixdən bu günə dəqiq tanıyan təfəkkürünün, düşüncə tərzinin Azərbaycan insanına, konkret Azərbaycan siyasətçilərinə köçürülməsini istərdim. Bu köçürülmənin maddiləşmiş izahı necə ola bilər? Onun hər bir hadisəyə, tarixə, etnik sistemimizə, dini düşüncəmizə, xarakterimizə baxışını sadə dillə açaraq məktəblimizə, tələbəmizə, aydınımıza, düşünmək, öyrənmək istəyən hər kəsimizə çatdırmaq vacib bir çağırışdır. Çünki o, haçansa müasirliyini itirməyəcək, onun siyasət əxlaqı hər zaman örnək olacaq, onun ən ağır şərtlərdə belə çalışqanlığına heyran qalınacaq.

***

Azərbaycan çağdaş siyasi düşüncə sisteminin yaradıcısı və qoruyucusu Məhəmməd Əmin bəy, Azərbaycan xalqının, buradakı Türk etnosunun varlığının qoruyucusu isə Nuru Paşadır. Nə yazıq ki, bir xalq olaraq hər ikisinə verdiyimiz dəyər, halallıq qazanmaq əmsalına uyğun gələcək səviyyədə deyil. Bu iki nəhəng simanı bizlər qoşa qanad kimi həmişə yüksək məqamlarda, qəlbimizin baş köşəsində tutmağa yalnız borclu deyil, həm də məhkumuq.

***

Məhəmməd Əmin bəyi necə sevməkdən danışmıram. İnsan duyğularının içinə girmək bizim həddimiz deyil. Onu necə anlamaqdan, anlatmaqdan danışıram. Azərbaycanı onun qədər sevmək, doğru düşünmək, düşündüklərini yılmadan, usanmadan yazmaq, hərəkət etmək və bütün bunların axarında da insan dürüstlüyünü itirməmək yetərlidir Rəsulzadəyə bənzəmək üçün. Hər bir doğru düşünən azərbaycanlının öz Məhəmməd Əmin Rəsulzadəsi olmalıdır. Çünki doğru düşünən azərbaycanlı həm də Məhəmməd Əmin Rəsulzadəni öz obrazında yaşadan azərbaycanlıdır.

***

Rəsulzadə qan, vicdan və əməl anlayışlarının sintezini bayrağa köçürə bildi. Bu dövlətin əsas məsuliyyətinin aparıcı etnos olan türklərin üzərində olduğunu, türklərin isə digər xalqların hüquq və azadlıqlarının demokratik və unitar dövlət çatısı altında qorunmasında məsuliyyət daşıdığını vurğuladı. Müasirliyə birləşdirici çalar gətirərək, milli obrazda, İslam inanc dəyərləri ilə çağdaş əməllə yaşamağın qaçılmaz olduğunu söylədi. İmansız bir cəmiyyətin sağlam dövlət düşüncəsini bünyəsində daşıya bilməyəcəyini üçüncü rəngdə əks etdirdi. Elə bir real sintez yaratdı ki, bununla Azərbaycan dövlətinin, Azərbaycan vətəndaşının ideal kimi götürüləcək xarakterinin qalıcı forması müəyyənləşmiş oldu. Bu üç mənanı içində birləşdirməyən kimsənin Azərbaycan təsəvvürlərində bir natamamlıq olacağının işarəsini verdi.

***

Rəsulzadə fikir adamıydı, hər bir problemə öz baxışı vardı, Atatürk isə praktik bir zəkaya sahibdi, tezislərinin çoxunu Ziya Gökalpdan, Əhməd Ağaoğlundan götürmüşdü. Sadəcə, bir çox nadanların Əhməd Ağaoğlunun “İran və inqilabı” əsərini oxuması yetərlidir ki, doğru yanaşmanın necə olduğunu öyrənsin. Burada problem inanc və ya inancsızlıq məsələsi deyil, çünki modern dünyada hər bir kəsin hürr seçimi vardır. Söhbət din adı altında elə minaların işə düşməsindən gedir ki, bunlar az-çox qazandığımız modern dəyərləri ilk fürsətdəcə darmadağın edə bilər. Ona görə də bütün düşünən insanların fikir, düşüncə fərqliliyini bir tərəfə buraxıb, cəhalətə qarşı vahid cəbhədə yer alması qaçılmazdır.

***

Məhəmməd Əmin Rəsulzadə Azərbaycan xalqının mahiyyətidir. Mahiyyəti dərk etmək üçün isə uzun müddət vaxt tələb olunur. Biz xalq olaraq, mahiyyətə yox, epizoda bağlı millətik. Epizodlara daha çox dəyər veririk. Dində də epizoda dəyər veririk, siyasətdə də, hər bir şeydə rahatlıqla görə bildiyimizə dəyər veririk. Ümumiyyətlə, gözümüz qarşısında olan hadisələri dəyərləndirmək bizim üçün çox asan olur. Lakin düşünərək dərk etdiklərimiz çox çətin olur. Məhəmməd Əmin Rəsulzadəni dərk etmək üçün isə düşünərək dəyər vermək lazımdır və bir şəxsiyyəti düşünmədən dəyərləndirəndə nəticələr heç də ürəkaçan olmur. Anlaşılır ki, biz hələ də mahiyyəti dərk etmirik. Əsrlərdir biz böyük şairi öldürüb, ortabab şairə dahi deyirik. Hinduların məşhur bir deyimi var: “Ölülər güc və bilgilərini özləri ilə götürməzlər, yaşayanlara əlavə edərlər”. Məhəmməd Əmin bəy və o nəslin başqa təmsilçilərinin bizə miras qoyduğu əlavələrin nə olduğunu kaş ki, oxuya biləydik…

***

Bizdə dövlətçilik duyğuları az-çox mövcuddur. Amma bu duyğular sağlam olmalıdır. Səfəvilər iki milyon kvadratkilometrlik bir ərazini ələ keçirmələrindən fəxrlə danışırlar. Bu gün o ərazilərlə kəmiyyət müqayisəsində qat-qat kiçik görünən Qarabağı böyük bir əzab və fədakarlıqla ancaq azad edə bilmişik. Bu baxımdan, iki milyon kvadratkilometrlik bir ərazinin geri qaytarılması hoqqabazlığı ilə xalqı yazıq günə qoymağın mənası yoxdur. Cənubi Azərbaycanda olan soydaşlarımız öz elementar təhsil haqlarını belə əldə edə bilməmişdir. İdealları yaşatmaq yaxşı şeydir. Amma buna aludə olub mövcud dövlətimizi də itirə bilərik. Qəbul etməliyik ki, Azərbaycanda istinad edəcəyimiz ən böyük tarixi şəxsiyyət Rəsulzadədir. Onun modern düşüncəsini Azərbaycan doğru yerinə yetirərsə, ölkəmiz daha qüdrətli bir dövlətə çevrilə bilər. Nadanlar, cahillər hansı ölkədə yaşamalarından asılı olmayaraq, maraqlıdır ki, eyni hədəfə gəlirlər. Biz öz ölkəmizə bağlı insan tipinin üzərində düşünməliyik. Əminəm ki, Azərbaycanda sağlam düşüncəli insanların istinad mənbəyi Rəsulzadədir. Hansısa bir feodal dövrünün ərazi ələ keçirməsi faktı bizim dəyərimiz ola bilməz. Feodal qafamızı yaşadan deyil, məhz müasirlik obrazımızı yaşadan dəyərlərə istinad etmək lazımdır.

***

Məhəmməd Əmin Rəsulzadə tarixdə ilk demokratik Azərbaycan dövlətinin qurucularından biri kimi tanınır. Ancaq düşünürəm ki, onun bu qədər fərqli xatırlanmasının, dəyərləndirilməsinin səbəbi yalnız dövlət quruculuğunda böyük rolu ilə bağlı deyildir. Dəyərləndirmədə əsas meyar odur ki, Rəsulzadə XX əsrin əvvəllərində Azərbaycan problemini bütöv görə bilmiş yeganə siyasi şəxsiyyət olaraq tanınır. Onun Azərbaycan cəmiyyətinin siyasi modeli üzərində düşüncələri bəlkə də bizlərin daha çox məlumatlı olduğumuz bir sahədir. Ancaq Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti , etnoqrafiyası, dünya arenasında yerinin müəyyən olunması, Azərbaycanın bütünlüyü , Qafqaz birliyi modeli, Türk birliyi modeli və başqa problemli məsələlərə kompleks baxışı Rəsulzadə irsinin nə qədər zəngin olduğunu göstərir.

***

Hərdən düşünürəm: Ötən əsrin başlarında doğulsaydım, siyasətdə, ədəbiyyatda kimin yerində olmağı arzulayardım. Yerində olmağı düşündüyüm xüsusi bir obraz axtarışım hələ də davam etməkdədir. Ədəbiyyatda heç tərəddüdsüz Mirzə Cəlil obrazı dərhal gözümün önünə gəlir, siyasətdə isə daha çox Məhəmməd Əmin Rəsulzadə obrazının yerində olmaq daha cazibəli görünür. Xüsusilə siyasətdə Məhəmməd Əmin bəyin yerinə düşünərdim ki, dövrün şərtlərinə uyğun daha nələri etmək mümkündür? Yenə də o qənaətə gələrdim ki, Məhəmməd Əmin bəyin etdiklərinə əlavə heç nə edə bilməyəcəyəm. Çünki onun uzaqgörənliyinə, onun təfəkkürünə yetişmək mənim üçün əlçatmaz bir şeydir. Adamın həm təqdim etdiyi siyasətçi modeli, həm də bütün tarixi şərtlərdə dəyişməyən ziyalı obrazı çox nadir bir şəxsiyyətdən bəhs etdiyimizi göstərir. Hərdən öz xarakterimi çək-çevir edəndə görürəm ki, kiməsə əsəbiləşəndə söyüş söyə bilərəm, kimisə yerində oturtmaq üçün hansısa bir sərt üslub seçə bilərəm. Ancaq Məhəmməd Əmin Rəsulzadənin hansısa məqamdakı davranışlarında bunu görmürəm. Rəsulzadə bütün situasiyalarda ziyalılığından uzaqlaşa bilməyən bir şəxsiyyətdir. Onun səbri, bir hədəfə doğru soyuqqanlı addımlaması çox tarixi obrazlar içində nadir hallarda rast gəldiyim cəhətlərdir.

***

Bizim üçün hər şeydən öncə intellekti ilə nəyisə dəyişə biləcək insanlar qəhrəman obrazına daha uyğundur. Məhz bu səbəbdən də Rəsulzadənin kəşf etdiyi bayrağın rəmzlərinə möcüzə kimi baxıram! Rəsulzadənin kəşf etdiyi Azərbaycan dövlətinə möcüzə kimi baxıram! Heyrətlə anlamağa çalışıram ki, ortada oxumuş, təhsilli, yetkin bir xalq olmadığı halda, belə bir kəşfə necə imza atmaq mümkün olmuşdur? Bunu yüz cəngavər, yüz qılınc vura bilən adam da edə bilməzdi. Bu baxımdan da tarixdə qəhrəman obrazını düşüncə insanlarının sırasında axtarmağa daha artıq maraq göstərirəm. Düşünürəm ki, əsasən həlledici tarixi anlarda millətimizin taleyi üçün daha optimal qərarların alınması məsələsində onun yerinə olub, nələrisə əlavə edə bilərdim, ancaq yenə də bu əlavələri tapmaqda çətinlik çəkirəm. Rəsulzadənin mükəmməlliyi, dahiliyi məhz bu məqamda axtarılmalıdır. Onun əvəzolunmazlığında, əvəzolunmaz yerində…

***

Rəsulzadə bayraqlaşmış şəxsiyyətdir. Hər dəfə üçrəngli bayrağımız dalğalandıqca Rəsulzadə xatırlanırsa, başqa atributları bu dərəcədə inadla tələb etməyə nə gərək var? Əsas iş Rəsulzadə irsini öyrənmək və öyrətməkdir. Onun məfkurə yolunu ardıcıl, sapmadan getməkdir. Budur Rəsulzadənin heykəli, şəkli, küçəsi. Məzarını da buraya daşıyıb bütxanaya çevirməyə gərək yox. Anadolu da bizim vətənimiz. Orada rahatca uyumuş. Gətirsəniz, onun yoluna yox, məzarına ibadətə aludə olacaqlar. Şəhidlərimizə münasibətdə eyni şeyi illərdir görmürükmü? Yüz dəfə gedib oraya əklil qoyan kimsələr Azərbaycanın azadlığı və gələcəyi üçün bir iş görməyəcəklərsə, bu addımlar Vətən üçün şəhid olmuşların ruhuna hörmət sayılmaz. Məhəmməd Əmin bəyi məzar kimi görməyə deyil, bayraq kimi görməyə alışdırın özünüzü. Bir rəngdə deyil, üç rəngdə olan bayraq kimi…

Fazil MUSTAFA,
Böyük Quruluş Partiyasının başqanı, millət vəkili
(“Dirilən adamın düşüncələri” kitabından)

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK