Ziba Qəniyeva – 100
Tam əminliklə deyə bilərik ki, İkinci Dünya müharibəsinin qəhrəmanı Ziba Qəniyeva müasirimiz olsaydı, Qarabağ uğrunda müqəddəs savaşda da fərqlənəcək, torpaqlarımıza göz dikən erməni işğalçılarına gözdağı olacaqdı. Çünki o, qəhrəmanlıq üçün doğulmuşdu. Amma zaman fərqi Zibanı öz dövrünün dünya müharibəsində seçilmişlərdən edib. 1941–1945-ci illər sovet–alman savaşında igidliyinin sorağı bütün keçmiş SSRİ-yə yayılıb.
Ziba Qəniyevanın atası azərbaycanlı, anası isə özbək olub. Müxtəlif mənbələrdə onun doğum yeri kimi Şamaxı, Qazaxıstanın Çimkənd və Özbəkistanın Gülüstan şəhərləri göstərilir. Ünvanın nə fərqi, əsas odur ki, qanı qanımızdan, canı canımızdan olub.
Məktəbli ikən zərifliyi ilə seçilən Ziba rəqsə könül verib, konsertlərin ulduzu olub. Amma onun bəxtinə çox erkən acılı günlər düşüb: 1937-ci ildə anası repressiya edilib, atası isə Zibanın həyatını xilas etmək üçün məcburən ondan imtina edib. Bundan sonra 14 yaşlı qız rəqs müəlliminin təşəbbüsü ilə xoreoqrafiya məktəbində oxumaq üçün Daşkəndə gedib. 1940-cı ildə Moskvada Teatr Sənəti Dövlət İnstitutunun aktyorluq fakültəsinə daxil olub. Bu dəfə müharibənin başlanması ilə onun arzuları yarımçıq qalıb.
Davanın ilk günlərində Ziba cəbhəyə getmək üçün hərbi komissarlığa müraciət edir. Əvvəlcə tibb bacısı peşəsini öyrənir, hospitalda həkimlərə kömək edir, sonra atıcılıq kursuna yazılır. Pulemyot və snayper tüfəngindən atmağı öyrənir. Kəşfiyyatçı olmaq istədiyinə görə, xizəkçiliyi və sambo fəndləri də mənimsəyir.
Çox keçmədən Ziba Qəniyeva cəbhədə hünər göstərir və adı dillərdə gəzir. Hətta tanınmış yazıçı və jurnalist Boris Polevoy “Pravda” qəzetində onun hünərindən bəhs edir. Teatr İnstitutundakı müəllimi və cəbhə yoldaşı Aleksandr İsbax isə “Zvezda” jurnalında yazırdı ki, döyüşlər ara verəndə Ziba silahdaşları qarşısında rəqs edir, şeirlər oxuyur.
…1942-ci il mayın 23-də sərrast atıcı olan Ziba Leninqrad vilayətinin Molvotitski rayonunun Bolşoye Vraqovo kəndi uğrunda gedən döyüşlərdə xüsusilə seçildi. O, snayper atəşi açmaq tapşırığını alaraq kəndin şərqindəki yüksəkliklərə qalxdı. Tank taqımının hücumundan sonra düşmən geri çəkilməyə başlayanda Zibanın qrupu faşistləri bir-bir dənlədi. Ziba özü 6 düşmən əsgərini öldürdü.
Bu zaman kənd tərəfdə mövqe tutan sovet döyüşçüləri Qəniyevadan kömək istədilər. Oraya doğru irəliləyərkən Zibagili dağılmış binada gizlənmiş alman avtomatçı atəşə tutdu. Özünü itirməyən Ziba düşmənin arxasına keçərək onu güllələdi. Bu zaman isə güclü bombardman başlandı və Qəniyeva qəlpə yarası aldı, amma geri durmadı. Tezliklə düşmən kənddən qovuldu.
Ziba Qəniyeva optik nişanlı tüfəngin sirlərini mükəmməl mənimsədiyi üçün heç vaxt gülləsi hədəfdən yayınmayıb. Necə deyərlər, quşu gözündən vurub, düşmənin yüzlərlə hərbçisini məhv edib. Vera Murmantsevanın “Böyük Vətən müharibəsində sovet qadınları” kitabında yazdığına görə, Ziba qısa müddətdə 21 nəfər faşisti zərərsizləşdirmişdi. Tahir Salahov isə Ziba Qəniyevanın ona dediklərini belə xatırlayıb: “Tahir, mən müharibədə 129 faşisti məhv etmişəm”.
Onu da qeyd edək ki, alman qoşunları Qafqaza və Bakı neftinə sahiblənməyə can atdıqları üçün Ziba Qəniyeva 1942-ci ildə “Rabotnitsa” jurnalında qafqazlı qadınları vətənin müdafiəsinə qalxmağa səsləyən belə bir müraciət etmişdi: “Düşmənlər bizim gözəl Qafqazımıza hücum edirlər. Ey uca dağların mərd qadınları – kazaklar, çeçenlər, kabardino-balkarlar, azərbaycanlılar, gürcülər! İşğalçı orduya qarşı vuruşan ərlərinizə və qardaşlarınıza kömək edin! Neftlə, pambıqla, çiçəkli bağların meyvələri ilə düşməni vurmaq olar! Barbarlara qarşı müdafiə olunaq: azadlıq, ləyaqət, şərəf! Evlərimizi, uşaqlarımızı düşmənə verməyək! Yağılara ölüm! Bizim kəskin, sərt silahlardan qəti ölüm!”
Həmin il o, “Qırmızı bayraq” ordeni ilə təltif edildi. Bir qədər sonra isə ağır yaralandı. Döyüş yoldaşları Zibanı təxliyə edə bildilər və təyyarə ilə Moskvaya yolladılar. Müalicəsinə ən güclü həkimlər cəlb edildi və o, ölümdən qurtarsa da, fiziki əngəlləri üzündən cəbhəyə qayıda bilmədi. “Moskvanın müdafiəsinə görə” medalına layiq görüldü. Sovet İttifaqı Qəhrəmanı adını da ala bilərdi, təəssüf ki, anası repressiya qurbanı olduğu üçün təltif vərəqi doldurulmamış qaldı (Amma 1985-ci ildə I dərəcəli “Vətən Müharibəsi” ordeni ilə təltif edildi).
Müharibədən sonra Ziba Qəniyeva, qısa müddətə də olsa, sənətə qayıdır. Özbək rejissor Nəbi Qəniyevin çəkdiyi “Tahir və Zöhrə” filmində fars şahzadəsi Moahimin rolunu oynayır. Sonra o, azərbaycanlı diplomat, SSRİ-nin Türkiyədəki müvəqqəti işlər vəkili Tofiq Qədirovla ailə qurur. Cütlük Moskvaya qayıdır və bir oğulları olur. Ziba xanım şərqşünaslıq üzrə ali təhsil alır, dissertasiya müdafiə edərək, filologiya elmləri namizədi olur. 1955–56-cı illərdə Bakı Ali Partiya Məktəbində kafedra müdiri vəzifəsində çalışır. Sonra yenidən Moskvaya köçür, SSRİ EA Şərqşünaslıq İnstitutunda elmi işçi kimi fəaliyyət göstərir.
Ziba Qəniyeva məşhur azərbaycanlı alim və sənətçilərlə, o cümlədən onun portretini çəkmiş məşhur Xalq rəssamı Tahir Salahovla dostluq edib. Heykəltəraş Cəlal Qaryağdı “Snayper Ziba Qəniyeva” adlı abidə yaradıb. Hind fəlsəfəsinə maraq göstərən igid qadın soydaşımız bir müddət Dehlinin yaxınlığındakı Aliqarh Universitetində urdu dilini öyrənib. Orada Cəvahirləl Nehrunun və İndira Qandinin qonağı olub. Sonra isə uzun illər Ankarada yaşayıb və qadınların “Yer üzündə sülh uğrunda mübarizə” hərəkatında yaxından iştirak edib.
Ziba Qəniyeva vaxtaşırı Bakıya gələr və hər dəfə mütləq Şəhidlər xiyabanını ziyarət edərdi. Qəhrəman qadın soydaşımız 2010-cu ildə Moskvada dünyasını dəyişib.
Bu gün 100 yaşı tamam olan Ziba Qəniyevanın xatirəsi solmazdır. Mənəvi varisləri – neçə-neçə hünərvər azərbaycanlı qızı Böyük Zəfərlə başa çatan İkinci Qarabağ müharibəsində şücaət göstərməklə onun da ruhunu şad edib.
Əli ƏLİYEV