M.Ə.Rəsulzadə necə dəfn edilib? – Nəsiman Yaqublunun yazısı

by Samir Asadli

Azərbaycan Milli Qurtuluş hərəkatının böyük ideoloqu M.Ə.Rəsulzadə 1955-ci ilin martın 6-da Türkiyədə, Ankara şəhərində vəfat etdi. Ankara radiosu martın 7-də saat 22:45-də M. Ə. Rəsulzadənin vəfatı xəbərini bütün dünyaya yaydı.

Martın 8-də  Ankaranın Hacı Bayram camisində M.Ə. Rəsulzadənin dostları onun tabutu başında fəxri qarovulda dayandılar. Ankara şəhər valisi Kamal Aygün də başsağlığı verməyə gəlmişdi.
Saat 12:30-da M.Ə.Rəsulzadənin cənazəsini Əsri məzarıstanlığına apardılar. Cənazənin önündə “Azərbaycan Kültür Dərnəyi”, “Yardımlaşma Dərnəyi”, “Milli Kitabxana”, “Türk Kitabxanaçılar Dərnəyi”, “Qarslı Yüksək Tələbələrə Yardım Dərnəyi”, “Qəzetəçilər Cəmiyyəti” təmsilçiləri, İdil-Ural  və Krım türklərinin, polşalıların nümayəndələri vardı. M.Ə.Rəsulzadənin cənazəsi Əsri məzarıstanlığında (156 ada 12 parsel saylı  məzar) torpağa tapşırıldı.
Məzarı başında ilk sözü Əbdülvahab Yurdsevər söylədi: “Əziz qardaşlarım! Bu gün son yarım əsrlik türk tarixinin ən böyük, ən nurlu simalarından birini torpağa təslim edirik. Məhəmməd Əmin Rəsulzadə əlli ildən çox siyasi, ictimai,elmi, ədəbi çalışmaları, türklük və Azərbaycan istiqlalı uğrundakı qəhrəmanca savaşları ilə bu yüksək ünvana və şanlı mərtəbəyə çatmışdır. Emin bəy türk ulusunun qurtuluş yolunu təşkilatlandıran, parlaq bir istiqbala doğru götürənlərdən biridir. Onun adı şanlı bir mübarizə simvoludur. Onun həyatı sönməz bir məşəldir. Onun yolu istiqbal və zəfər yoludur”.
Professor Əhməd Cəfəroğlunun çıxışı isə belə oldu: “Vücudunu bir gün göz yaşları içində Anadolunun əziz torpaqlarına əmanət etdiyimiz böyük ustad Məhəmməd Əmin Rəsulzadə milli hürriyyətvə istiqlal uğrunda əlli ildən bəri şanla və şərəflə apardığı çətin mübarizə yoluna gənc yaşlarında Bakıdan başlayaraq Tehranda və İstanbulda eyni şövq və həyəcanla davam etmiş, hadisələrin seyrinə təkrar Azərbaycana dönmüş, orada yandırdığı müqəddəs qurtuluş məşəlini 1917-ci ildə Moskvada toplanan türk və müsəlman nümayəndələrinin tarixi qurultayına qədər götürmüş, orada inam ilə qəlbləri tutuşdurmuş, dönüşündə Azərbaycanın rus zülmündən qurtuluşunda və  istiqlalını elan edişində baş rol oynamış, bolşevik istilasından sonra yenə yurdunu tərkə məcbur qalaraq Avropa məmləkətlərinə çıxmış… Nə şərəfli bir həyat!”.
Türküstanlılar adından- danışan tanınmış mücahid Tahir Cağatay isə fikrini belə ifadə etdi: “Bu gün türkçülərimizdən, qurtuluş  başçılarımızdan Azərbaycan istiqlal hərəkatının banisi və rəhbəri, böyük ustad Rəsulzadə Emin bəy fani dünya və onun sakinləri olan biz fanilərlə vidalaşır. Bu vidalaşmada biz fanilər ağlarkən Azərbaycan istiqlalıının və Türk Qurtuluş Hərəkatlarının əziz şəhidləri onu qarşılamaq və cənnəti-əlada özünü gözləyən mümtaz məqamına mərasimlə götürməyə hazırlaşırlar.
Azəri qardaş, ağlayırsan, qan ağlayırsan, haqlısan. Çünki qeyb etdiyin qiymət böyükdür. Yalnız burası sənin üçün bir təsəlli qaynağı olacaqdır ki, bu itkinin acısını, kədərini təkbaşına deyil, bütün türklüklə birlikdə daşıyacaqsan. Bu gün bütün inamlı türklük bir bütün olaraq ağlamaqda və matəm tutmaqdadır. Bu gün qoca Türküstanın otuz milyonluq türk xalqı sənin yanında yer almış kimidir”.
Məhəmməd Əmin Rəsulzadənin ölümü ilə bağlı Ankarada və İstanbulda keçirilən matəm yığıncaqlarında onu dəyərləndirən insanlar çox təsirli çıxışlar edirlər.
Mirzə Bala Məmmədzadənin çıxışından:“Milliyyətçi, istiqlalçı, demokrat və inqilabçı Rəsulzadə “İnsanlara hürriyyət, millətlərə istiqlal!” – deyə dünyaya göz açdı və yenə “İnsanlara hürriyyət, millətlərə istiqlal!” – deyə həyata göz yumdu.
O, prinsipə sədaqətin, məfkurəyə bağlılığın və bu yolda fədakarlıq, əzm və səbatın da timsalı idi. Çünki o, tam mənası ilə fəzilət sahibi, kamil bir insan idi”.
Həmdulla Sübhi Tanrıövərin çıxışından:“Ustadı uzun illərdən bəri tanıyıram. Onunla məmləkətin həm daxilində, həm də xaricində çalışmışıq. Eminlə “Türk Yurdu”nda “Türk Ocağı”nda, Ankarada və Buxarestdə bir yerdə olmuşuq, çox qiymətli arkadaşımızı itirdik”.
Sədri Məqsudi bəyin çıxışından: “Biz də Rəsulzadənin tarixi qiymətini tanıyanlardanıq… Möhtərəm, rəhmətlik arkadaşım Rəsulzadə tanrının türklük aləminə göndərdiyi bir ərməğan idi”.
Cəfər Seyidəhməd Krımərin çıxışından:“İslamda təcəddüd hərəkatını, türkçülük idealının işlənməsini, Azərbaycan istiqlalını, Qafqasiya millətçilərinin konfederasionunu, məhkum millətlərin qurtuluş davalarını incələyəcək olan tarix mütləq Emin bəyi tapacaqdır. O, bu surətlə özünü əbədiləşdirdi”.
Abdulla Battal Taymasın çıxışından: “Emin bəy yalnız azərbaycanlılar üçün deyil, bütün türklər üçün böyük bir dəyərdir. Ölümü də bütün türklük üçün böyük bir dərddir. O, inandığı mübarizə uğrunda hər şeyini, ailəsini, rahatlığını, səhhətini, nəhayət həyatını fəda etmişdi. Özü də nadir bir idealist idi. O, bu  dünyadan ayrılmışsa da, tarix səhifələrimizdə, beynimizdə və qəlbimizdə daima yaşayacaqdır”.
Professor Zəki Vəlidi Toğanın çıxışından:“Əgər bu mühit əzizləri seçən bir mühit olsaydı, mən mərhum Emin bəyin əziz olaraq seçilməsinə rəy verərdim. Bu günə qədər onun əleyhinə olanlar tövbə etməlidirlər. Yoxsa Allah günahlarını bağışlamaz!
Emin bəyi öldükdən sonra da yaşatmaq üçün azərbaycanlılar onun yolunu davam etdirməlidirlər!”.
Türkiyədə nəşr edilən “Dünya”, “Birlik”, İranda çap olunan “Aram”, “İrani-Nov” qəzetləri, Almaniyada yayımlanan “Azadlıq” radiosu M. Ə. Rə¬sulzadənin ölümü ilə bağlı məlumatlar verirdi.“Azərbaycan Kültür Dərnəyi”nə isə onun vəfatı ilə bağlı dünyanın müxtəlif ölkələrindən matəm məktubları və teleqramları gəlirdi.
Bax: 1. “Azərbaycan” jurnalı. Ankara, il:4, N12-36, mart 1955-ci il. 

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK