Ölkəmizdə keçirilən Qırğız Mədəniyyəti Günləri çərçivəsində dünən Azərbaycan Milli Kitabxanasında “Azərbaycan – Qırğızıstan mədəni-humanitar dostluq əlaqələri” mövzusunda “dəyirmi masa” keçirildi. Müzakirələrdə qardaş xalqların ortaq keçmişinə nəzər salındı, ümumtürk ailəsinin mədəni tərəqqisi ilə bağlı məsələlər diqqət mərkəzində oldu.
Qırğız ziyalılarını qarşılayan Milli Kitabxananın direktoru, professor Kərim Tahirov onlara bu nəhəng bilik saxlancının fəaliyyəti, xarici əlaqələri barədə məlumat verdi. Qonaqlar Milli Kitabxananın zəngin fondu ilə tanış oldular. Söhbət zamanı iki ölkənin milli kitabxanaları arasında kitab mübadiləsi, kino, teatr və mədəniyyətin digər sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsinin əhəmiyyəti vurğulandı.
Azərbaycanın mədəniyyət nazirinin müavini Murad Hüseynovun və Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti nazirinin birinci müavini Timurlan Ajimaliyevin moderatorluğu ilə keçən görüşdə iki ölkənin tanınmış elm, mədəniyyət və incəsənət xadimləri iştirak edirdilər.
Qırğız Diplomatlar Birliyinin sədri Janıl Tumenbayeva bildirdi ki, qloballaşma çağında türk xalqları mədəniyyətini, milli dəyərlərini qorumaqla özünü dünyaya təbliğ etməlidir. O, Qırğızıstanda çoxsaylı azərbaycanlının yaşadığını və onların diaspor təşkilatının uğurla fəaliyyət göstərdiyini bildirdi.
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ölkələrimiz arasında dostluq münasibətlərinin daha da inkişafında Ulu öndər Heydər Əliyevin rolundan danışaraq xatırlatdı ki, türk xalqlarının böyük oğlu 1995-ci ildə Bişkekdə “Manas” eposunun minillik yubileyində çıxışı zamanı xalqlarımızı birliyə səsləyib və bu gün Prezident İlham Əliyev bu yolu uğurla davam etdirir.
Çingiz Aytmatov Fondunun rəhbəri Eldar Aytmatov atasının Azərbaycana bağlılığından, buradakı dostları ilə münasibətlərindən danışıb, xatirələrini bölüşdü. Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa, akademiklər Dillər Universitetinin rektoru Kamal Abdulla və Azərbaycanda Atataürk mərkəzinin rəhbəri Nizami Cəfərov, tarixçi-alim, diplomat Həsən Həsənov çıxışlarında “Manas” dastanının Azərbaycan xalqına “Dədə Qorqud” eposu qədər doğma olduğunu vurğuladılar.
Qırğızıstan Milli Tarix Muzeyinin direktoru Jıldız Bakanova, qardaş ölkənin Dövlət Filarmoniyasının direktoru Xalq artisti Kırqızbay Osmonev və Milli Konservatoriyasının rektoru Muratbek Beqaliyev, Dövlət dil siyasəti komissiyasının sədri Melis Murataliyev, Qırğız Respublikası Qəhrəmanı Medetkan Şerimkulov türk xalqları ədəbiyyatı və mədəniyyətinin qarşılıqlı təbliğinin ölkələrimizin daha da yaxınlaşmasında müstəsna rol oynayacağını bildirdilər.
Bakıda Çingiz Aytmatovun heykəlinin qoyulmasını yüksək qiymətləndirən qonaqlar ölkələrində görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Fikrət Əmirov və Arif Məlikovun əsərlərinin daim səsləndiyini, “Arşın mal alan” filminə, onun səhnə versiyasına qırğızların böyük sevgi ilə baxdıqlarını söylədilər.
Görüşdə Azərbaycanın Vətən müharibəsində Qələbəsi, torpaqlarımızın çoxillik işğaldan azad edilməsi və ölkəmizin suverenliyinin tam təmin olunmasının qırğız ictimaiyyətinin sevincinə səbəb olduğu da diqqətə çatdırıldı.
Sonda Türk Mədəniyyəti və İrsi Fondu, Qırğızıstanın ölkəmizdəki səfirliyinin dəstəyi ilə nəşr olunmuş “Zamandan-zamana” kitabı və digər qırğız nəşrləri Azərbaycan Milli Kitabxanasına hədiyyə edildi.
Ceyhun MİRZƏLİ