Milli birliyin ədəbi təcəssümü

by Samir Asadli

Mirzə İbrahimovun ömür yolu işıqla zülmət arasında nur körpüsüdür

Müasir Azərbaycan ədəbiyyatının inkişafında misilsiz xidmətləri olan xalq yazıçısı Mirzə İbrahimovun bütün həyat və yaradıcılığı xalqına, torpağına, millətinin xoş gələcəyinə xidmətdən ibarət olub. “Böyük dayaq” romanındakı məşhur monoloq bu mənada Mirzə İbrahimovun həyatdakı məqsəd və mübarizəsinin ən gözəl göstəricisi kimi öz dəyərini həmişə saxlamaqdadır: “Ey mənim xalqım, ey mənim ümidim və pənahım! Ürəyimin istiliyi səndədir, fikrim işığını səndən alır. Həyatımın nəşə və sevincinə səbəb sənsən! Həyat yolunun sürüşkən döngələrində qolumdan tutan, məni yıxılmağa qoymayan sən olmusan”. 

Yazıçının həyat yolunun bütün mən­zərələrini əks etdirən bioqrafiyasına nəzər saldıqda bu monoloqun məna dərinliyinə heyrət kəsilirsən.

1911-ci il oktyabrın 28-də Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı balaca bir kənddə dünyaya göz açan Mir­zə hələ çox körpə ikən anasını itirib. Son­ra ailə Bakıya gəlib. Burada da tale onla­rın üzünə gülməyib. Az keçmir ki, 8 yaşlı Mirzə aclıq və xəstəlik üzündən atasını və qardaşını da itirir. Taleyin bu qaranlıq dön­gələrində yaşamaq naminə Balaxanı və Zabratda muzdurluq edib. Sonralar fab­rik-zavod məktəbinə daxil olub. Gündüz­lər fabrikdə çalışıb, axşamlar məktəbdə oxuyub.

Taleyi onda gətirdi ki, qarşısına, sözün həqiqi mənasında, mərhəmətli insanlar, əsl ziyalılar, yaxşı müəllimlər çıxdı. Hü­seyn Əfəndi, İbrahim İbrahimbəyli, Cəmil İbrahimov, Qambay Vəzirov, Mehdixan Vəkilov kimi işıqlı insanlar Mirzə İbrahi­movun yolgöstərəni və müəllimləri oldular. Səməd Vurğunun böyük qardaşı Meh­dixan Vəkilov Mirzə İbrahimova sözün həqiqi mənasında himayədarlıq edərək onu oxumağa həvəsləndirdi, ruhdan düş­məyə qoymadı.

Gənc oğlanın fitri istedada malik ol­duğu müəllimlərinin də diqqətini çəkdi. O, ötən əsrin 20-ci illərində yaradılan Prole­tar Yazıçılar Cəmiyyətinə üzv qəbul edil­di. Burada Ənvər Məmmədxanlı, Mirvarid Dilbazi ilə tanış oldu. Yaradıcılığa şeirlə başlayan Mirzə İbrahimov dövri mətbuat­da yavaş-yavaş dərc olundu. Neft Texni­kumunda oxuyub. Sonra iki illik Elmi-Tə­dqiqat İnstitutunun kurslarında təhsil alıb. Bir müddət Naxçıvanda yaşayaraq çalı­şıb. “Həyat” pyesini də (1935) elə burada yazıb. Sonra Leninqraddakı Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alıb. Cəlil Məmmədquluzadənin yaradıcılığı ilə bağlı “Böyük demokrat” mövzusunda dis­sertasiyasını müəyyən səbəblər üzündən bir qədər gec – 1941-ci ildə müdafiə edib. Repressiya tufanının qara caynaqları Azərbaycanın hər yerinə sirayət etdiyi bir zamanda Mirzə İbrahimovu Bakıya çağı­raraq Azərbaycan Dövlət Opera və Balet Teatrına direktor təyin ediblər. Az müddət­dən sonra isə Xalq Komissarları Soveti yanında İncəsənət İşləri İdarəsinin rəisi təyin olunan Mirzə İbrahimov Moskvada Stalinlə görüşmüş, Xruşşov, Molotov, Ma­lenkovla söhbət etmişdir. Təbii ki, Mirzə İbrahimov o dövrün nüfuzlu şəxsiyyətlə­rindən biri sayılırdı. Bəlkə də elə böyük sənətkarı gələcəkdə anbaan izləyən həbs kabusundan bu görüş xilas edib.

İkinci Dünya müharibəsi illərində Niza­mi Gəncəvinin 800 illik yubileyinə hazırlıq işləri gedirdi. M.C.Bağırov bu tədbirlə bağlı Mirzə müəllimdən məlumat istərkən aldığı cavabdan qəzəblənmiş, üzünə böhtanlar yağdırmış, onu kapitalist ölkələrinə “satıl­mış siyasi düşmən” adlandırmışdır. Yazı­çılar ürəklərində “heyif Mirzədən” fikirləş­sələr də, bu sözləri dilə gətirə bilməyiblər. Hətta iclas salonundan çıxandan sonra da bir müddət ona yaxınlaşıb söhbət etməyə cəsarətləri çatmayıb. Çünki bunu dərhal yuxarıya çatdıra bilərdilər. Beləliklə, Mirzə İbrahimov işdən çıxarılıb. Bir müddət işsiz qalıb. Qələmini yerə qoymadan yazıb–ya­ratsa da, ailə səksəkədə idi. Hətta Mirzə­nin pal-paltarını da hazırlamışdılar. Hər an hər şey ola bilərdi.

Görünür, bütün ziyalıları sürgünə gön­dərmək yuxarılara da çox sərf etmirdi. Bir müddətdən sonra yenidən Mirzə İbrahi­mova vəzifə veriblər. O, bu dəfə Azərbay­can xalq maarif komissarı kimi çalışmışdır (1942-1946). Bu arada təsis edilən Azər­baycan Elmlər Akademiyasının (1945) ilk həqiqi üzvlərindən biri də Mirzə İbrahimov olmuşdur.

İkinci Dünya müharibəsi zamanı sovet ordusu sıralarında Cənubi Azərbaycan­da olan Mirzə İbrahimov burada “Vətən yolunda” qəzetinin məsul redaktoru və­zifəsində çalışmışdır. O, bu dövrdə sən­gərlərdə olur, xüsusilə də azərbaycanlı di­viziyalarının vuruşduğu döyüş bölgələrinə gedir, əsgərləri qələbəyə ruhlandırırdı.

Azərbaycan Yazıçılar İttifaqının sədri işlədiyi vaxtlarda Mirzə İbrahimov eyni za­manda respublika Nazirlər Sovetinin sədr müavini olmuşdur. Lakin bu arada filosof Heydər Hüseynovla bağlı müsbət xasiy­yətnamə verməsi yuxarıların xoşuna gəl­məmiş və bu da növbəti zərbə almasına səbəb olmuşdur. Doğrudur, Stalin vəfat et­dikdən sonra Xruşşov dövründə bir qədər mülayimləşmə başlayır. Həmin vaxt Mirzə İbrahimov respublika Ali Soveti Rəyasət Heyətinin sədri seçilir (1954-1958), dal­badal keçirilən qurultayların iştirakçısı və büro üzvü olur. Kitabları çap edilir, dramla­rı tamaşaya qoyulur.

Milli düşüncənin boğulduğu illərdə di­limizin dövlət dili olması, dövlət idarələ­rində dərhal Azərbaycan dilinə keçilməsi sahəsindəki fəaliyyəti Mirzə İbrahimova baha başa gəldi. Azərbaycan dilini bil­məyənlər Mirzə müəllimi “azğın, satqın, millətçi” kimi töhmətləndirərək cəzalandır­dılar. Onu dərhal tutduğu vəzifədən – Ali Sovetin sədrliyindən azad etdilər. Yenə işsizlik, yenə xoflu görüntülər, mənəvi iş­gəncələr, qorxulu gecələr… Mirzə İbrahi­mova o dövrdə qorxudan yanaşan, salam verən az oldu. Qızı Sevda İbrahimova mənimlə söhbətində o günləri belə xatırla­yırdı: “Atamı o gün qoluna girib evə ötürən yalnız tanınmış jurnalist Nəsir İmanquli­yev olub. Atam uzun müddət Nəsir müəl­limin xeyirxahlığından, geniş ürəyindən bizə danışardı. Kaş, Mirzə İbrahimov bu gün müstəqil respublikamızda doğma di­limizin rəsmi dil kimi status qazanmasını görəydi”.

1959-cu il iyulun 6-da Azərbaycan KP MK-nın növbədənkənar plenumu çağırıla­raq tələb olunmuşdu ki, Mirzə İbrahimov mətbuatda çıxış edərək səhvlərini boynu­na alsın, üzr istəsin. Böyük yazıçı isə ona olan haqsızlığı belə cavablandırmışdı: “Dil olmasa, xalq ölüb gedər, yaşaya bilməz. Ağlı başında olan kəs doğma dilini qoru­malıdır”.

Zaman ötdü, tündləşmiş siyasi həyat­da bir qədər durulma əmələ gəldi. Mirzə İbrahimov yenidən Yazıçılar İttifaqının sədri seçildi. İstedadlılara, ehtiyacı olan­lara, mənzilsiz yazıçılara, şairlərə xüsusi qayğı və diqqət göstərdi. Mirzə İbrahimov üç dəfə müxtəlif vaxtlarda Yazıçılar İttifaqı­na rəhbərlik edib. Hər dəfə də hökumət tərəfindən aldığı zərbələrə görə vəzifədən azad olunub. Növbəti bir zərbə isə Nəsi­minin yubileyi ilə bağlı olmuşdur. Nəsimi­nin yubiley komissiyasının iclası zamanı Moskvadan zəng edərək deyirlər ki, tədbir olmasın, çünki Nəsimi türkmən yazıçısı­dır. Mirzə İbrahimov isə tarixi faktlarla Nə­siminin Azərbaycan şairi olduğunu nəinki sübut edir, hətta həmin yubiley Moskvada Böyük Tearda keçirilir. Lakin bu xidmətin “mükafatı” olaraq Bakıya qayıdan kimi Ya­zıçılar İttifaqının sədri vəzifəsindən azad edilir. Maraqlıdır ki, hər bir işsizlik xaosun­dan sonra yazıçıya ya vəzifə verilirdi, ya da fəxri ad, mükafat, daha başqa töhfələr. Mirzə müəllim işıqla zülmətin arasında qalmışdı.

Ədəbi yaradıcılığa ötən əsrin əvvəl­lərindən başlayan Mirzə İbrahimov Azər­baycan ədəbiyyatına bir-birindən maraq­lı, məzmunlu əsərlər bəxş edib: “Cənub hekayələri”, “Gələcək gün”, “Güləbatın”, “Xosrov Rüzbeh”, “Böyük dayaq”, “Pər­vanə” və s. Dramaturq kimi də Mirzə İb­rahimovun yaradıcılığı zəngindir. “Həyat” onun tamaşaya qoyulan ilk pyesi idi. Mir­zə müəllim bir-birinin ardınca müəyyən fasilələrlə “Madrid”, “Məhəbbət”, “Kəndçi qızı”, “Yaxşı adam”, “Közərən ocaqlar” adlı pyeslərini yazdı. Həm tamaşaçılar, həm də ədəbi tənqid tərəfindən bu əsərlər yüksək qiymətləndirildi. Mirzə İbrahimo­vun ədəbiyyatşünaslığın və ədəbi tənqi­din zənginləşməsində misilsiz xidmətləri var. “Həyat və ədəbiyyat”, “Xəlqilik və realizm cəbhəsindən”, “Böyük şairimiz Sabir”, “Gözəlliyin qanunları ilə”, “Böyük satira ustası” “Əbədi qeydlər”, “Tufanlara kömək edən bir qələm” kitabları bu gün də öz ədəbi dəyərini saxlamaqdadır. Xalq yazıçısı Əli Vəliyevin təbirincə desək, Mir­zə İbrahimov həqiqətən sənət zirvəsinə inadlı bir yürüşdə idi. Yaradıcılıq həvəsi, istirahət bilmədən gecə-gündüz çalışmaq onun gündəlik iş vərdişinə çevrilmişdi.

Azərbaycan dili uğrunda apardığı mü­barizə, milli təəssübkeşlik, üzləşdiyi təz­yiqlər, çəkdiyi əziyyətlər unudulası deyildi. Bir şeyə fərəhlənirsən ki, bu gün Mirzə İb­rahimovun arzuları çiçək açıb. Ulu öndər Heydər Əliyev həmişə Mirzə İbrahimova diqqət və qayğı ilə yanaşıb. Qara caynaq­lardan çox vaxt onu məhz Heydər Əliyev xilas edib. Təsəvvür edin, millətçi damğa­sı vurulan bir şəxsə sonra məhz Heydər Əliyev tərəfindən Asiya və Afrika ölkələri ilə Sovet Həmrəylik Komitəsinin sədri kimi mühüm vəzifə etibar olundu. Beynəlxalq Nehru mükafatına (1979) layiq görüldü. Sanki Heydər Əliyev Mirzə İbrahimova olan təzyiqlərin, zərbələrin acığını çıxmaq üçün onun 1981-ci ildə Sosialist Əmə­yi Qəhrəmanı adını almasına nail oldu. 2002-ci ildə Mirzə İbrahimovun anadan olmasının 90 illik yubileyinin dövlət səviy­yəsində qeyd edilməsi barədə sərəncam da Heydər Əliyev imzalamışdır.

Yazıçılar Birliyinin sədri Anar öz xatirələrində yazır: “Zamanın bütün mürəkkəbliyi Mirzə İbrahimovun zən­gin tərcümeyi-halında əksini tapmışdır. Düşünürəm ki, bu mürəkkəb, sınaqlarla dolu həyat yolu yalnız Mirzə İbrahimo­vun yaradıcılıq fəaliyyətinin deyil, həm də onun insani müdrikliyinin təşəkkülünə sə­bəb olmuşdur”. Ötən əsrin 80-ci illərində Azərbaycan və Ermənistan ziyalılarının Moskvada Mixail Qorbaçovun sədrliyi ilə keçirilən görüşü çoxumuzun yadındadır. Ermənilər çıxış edərək ünvanımıza nələr söyləyirdilər… Sanki bu görüş qəsdən təş­kil olunmuşdu ki, erməni “ziyalıları” bizi söysünlər, təhqir etsinlər, istədikləri şəri atsınlar, böhtan yağdırsınlar, bir sözlə, bizi borclu çıxarsınlar. Mirzə İbrahimovun o toplantıda rəqiblərinin ünvanına dediyi ilk söz qurbağa gölünə atılmış daşa bənzədi: “Yunan əsatirlərinin birində deyilir ki, Allah adamı bədbəxt etmək istəyəndə əvvəlcə onun ağlını alır…” O axşam Mirzə müəllim ürəyimizdən tikan çıxartdı, çoxumuzu şok vəziyyətindən qurtardı.

Filologiya sahəsində milli elmi kadrla­rın hazırlanmasında böyük işlər görmüş Mirzə İbrahimov ömrünün sonunadək Azərbaycan EA-nın Nizami adına Ədə­biyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Onun əsərləri dünya xalqları­nın dillərinə dəfələrlə tərcümə edilmişdir. Əsərləri əsasında bədii və sənədli filmlər çəkilmişdir.

1993-cü ildə 82 yaşında Bakıda dün­yasını dəyişən Mirzə İbrahimov Fəxri xi­yabanda torpağa tapşırılıb. İşıqla zülmət arasında ötən ömrün nuru əbədidir. Bu işıq dünənlə bu günü birləşdirən körpü­dür, açılan sabahlarımızdır…

FLORA XƏLİLZADƏ,
Əməkdar jurnalist

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK