Milli kinematoqrafçılar: ayrılmışdılar, birləşdilər!

by Samir Asadli

Dünən Azərbaycan Teatr Xadimləri İttifaqının “Aktyor Evi”ndə birləşmiş konfranslarına toplaşan ölkənin 2 kinematoqrafçılar ittifaqının üzvləri həm yeni qurumun adını müəyyənləşdirdilər, həm də ona sədr seçdilər.

Ölkədə kino yaradıcılıq qurumunun iki ittifaqa parçalanması ilə bağlı uzun müddət müzakirələr aparılmış, tənqidi fikirlər səs­ləndirilmişdi. Əksəriyyəti bir sual maraqlan­dırırdı: birləşəndən sonra yeni ittifaqın rəh­bəri kim olacaq? Xalq artisti Rasim Balayev – Xalq artisti Şəfiqə Məmmədova dilemması hərdən yersiz söz-söhbətlərə də rəvac verirdi. Doğrusu, yalnız tamaşaçıların deyil, ümu­milikdə, xalqın sevilən sənətkarları olan bu iki kino rəhbərinin üz-üzə qoyulması həm də ciddi narahatlıq yaradırdı.

2023-cü ilin iyul ayında birləşdiklərini elan edən Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı (ARKİ) ətrafında cərəyan edən hadisələrə, eləcə də yuxarıdakı suala, nəhayət, cavab verildi və bu yöndə mü­zakirələrə son qoyuldu.

İclasa sədrlik edən Əlisa Cabbarov əvvəlcə protokol qaydasında konfransın gündəliyində duran məsələlər barədə işti­rakçıları məlumatlandırdı. Gündəlikdəki bi­rinci məsələ hər iki kino ittifaqının birləşməsi barədə qərarın qəbulu, ikinci, yeni yaranacaq təşkilatın nizamnaməsinin təsdiqi, üçüncü isə qurumun adı ilə bağlı idi. Konfransda birin­ci iki məsələ barədə qərar yekdilliklə qəbul olundu. Yeni təşkilatın adı Azərbaycan Kine­matoqrafçılar İttifaqı (AKİ) təsdiqləndi. Düz­dür, buna alternativ variant kimi Azərbaycan Kinematoqrafçılar Birliyi adını təklif edən­lər də oldu, amma böyük əksəriyyət birinci varianta səs verdi. Konfransın gündəliyində duran növbəti məsələlər AKİ sədrinin və yeni idarə heyətinin seçkisi idi. Bu məsələlər ətra­fında çıxış edənlər qəbul olunacaq qərardan, ümumilikdə, kinomuzun udacağına əminlik­lərini dilə gətirdilər. Sahənin tanınmış sima­ları – Oktay Mirqasımov, Həmidə Ömərova, Cəmil Quliyev, Əbdül Mahmudov və başqa­ları öz çıxışlarında bu konfransın kinomuzun inkişafına təkan verəcəyini bildirdilər, həm­çinin AKİ-nin gələcək fəaliyyəti ilə bağlı ma­raqlı təkliflər səsləndirdilər.

Yeni sədrin səsverməsindən öncə na­mizədlərdən biri – Xalq artisti Şəfiqə Məm­mədova söz alaraq iki yaradıcı ittifaqın birləşməsi yolunda xeyli zəhmət çəkdiyini və bu gün ən böyük arzularından birinə çat­dığını vurğuladı. Böyük sənətkar bu yolda onu dəstəkləyənlərin hamısına təşəkkürünü bildirdi və Azərbaycan Kinematoqrafçılar İt­tifaqının sədrliyinə namizədliyini geri götür­düyü barədə qərarını açıqladı.

Ardınca AKİ sədrliyinə tək iddiaçı Xalq artisti Rasim Balayevin namizədliyi səsə qo­yuldu və o, konfrans iştirakçılarının yekdil qərarı ilə yeni qurumun sədri seçildi.

Sonda konfrans iştirakçıları qarşısında çıxış edən Azərbaycan Kinematoqrafçılar İt­tifaqının (AKİ) yeni sədri, Xalq artisti Rasim Balayev Şəfiqə Məmmədovanın namizəd­liyini geri götürməsinin onun üçün sürpriz olduğunu, eləcə də ona etimad göstərən kon­fransa təşəkkürünü bildirdi.

Rasim Balayev XQ-yə açıqlamasında tənəzzül dövrünü yaşayan Azərbaycan ki­nosunun bundan sonra dirçələcəyinə inan­dığını söylədi: 

– Biz kinonun cəfakeşləri həm də mənə­viyyat adamlarıyıq. İnanın, mən bu gün də kinoya çəkilmək istərdim, amma səhhətim buna imkan vermir. İnsanlar məndən niyə ki­noya çəkilmədiyimi soruşanda, düzü, mənəvi əzab çəkirəm. Bəli, bu gün Azərbaycan ki­nosu reanimasiyadadır. Onu yaxşı həkimlərə aparsan, “müalicə etmək”, kinomuzu dirilt­mək mümkündür. İnanıram ki, bununla bağlı uğurlu addımlar ata biləcəyik. Azərbaycan kinosu dirçələ bilər və mən buna inanıram.

AKİ-nin hər bir üzvünün arxasın­da duracağını, hamının ittifaqı olacağını əminliklə söyləyən R.Balayev milli kino­nun gələcəyinə ümidlə baxdığını bildirdi:

– Bizim kino çəkmək səlahiyyəmiz və imkanımız olmasa da, ideyalarla, təşəbbüs­lərlə çıxış etmək şansımız var. Hökumətin bu sahəyə ciddi dəstək verəcəyinə, sahənin dir­çəldilməsi üçün köməyini əsirgəməyəcəyinə və çox yaxın gələcəkdə Azərbaycan kinosu­nun uğurlu əsərlərinə hamımızın sevinəcə­yinə əminəm.

İ.HƏSƏNQALA

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK