“Muğamat var olan yerdə…”

by Samir Asadli

Hacıbaba Hüseynov – 105

Hacıbaba Hüseynov cəmi dördillik ibtidai məktəbdə oxuyub, musiqi təhsili isə olmayıb. Erkən yaşlarından xanəndə Zülfü Adıgözəlovun səs yazılarını dinləyib, onun ifalarını təkrarlayıb. İlk vaxtlar toylara nağara çalan kimi gedib, amma səsinə bələd olan toy sahibləri Hacıbabanı təkidlə oxutdurublar. 

Müharibə illərində ailəsinin güzəranı çətin olduğuna görə, qohumu, məşhur qarmonçalan Teyyub Dəmirov onu özü ilə toylara aparmağa başlayıb. Sonra baldı­zı – Xalq artisti Sara Qədimovanın sayə­sində onun ürəyindəki şirin duyğulara yol açılıb. Bu qayğı Hacıbabanın arzu yolları­na ümid çırağı kimi işıq saçıb. Sara xanım onu görkəmli pedaqoq, tarzən Əhməd Bakıxanovla tanış edib. O, ustad sənətka­rın ansamblında bir neçə il nağara çalıb. Əhməd Bakıxanovun canlı məktəbindən muğamın sirlərini dərindən öyrənib. Bəyə­nildikcə ürəklənib, ciddi auditoriya qarşı­sında səsini zilə çəkib. Hər yerdə onun gur səsinin sədaları eşidilməyə başlayıb.

Bu yapışıqlı səsin ürəklərə yol tapan ahəngi var idi. Onun ifalarında bir zərrə də xaric not yox idi. Muğamların şöbə və guşələrinin, dəstgahların xiridarı, təsnif­lərin tələbkar dinləyicisi olan çal-çağırlı Bakı kəndlərinin sakinləri onu toylarına çağırmaq üçün, az qala, növbəyə du­rurdular. Şirin səsi, muğamları bütün xırdalıqlarına qədər bilməsi ilə məclisləri şövqləndirirdi. Hətta bəzən Hacıbabanın ifalarını kənardan eşidənlər elə bilirdilər ki, oxuyan Zülfünün özüdür ki, var.

Azərbaycan musiqi mədəniyyətinə rəng qatan xanəndələrdən olan Hacıba­ba Hüseynov, beləcə, ustadlaşıb, din­ləyicilərin sevimlisi adını qazanıb və bu rəğbəti qoruyub saxlayıb. Onun sənəti orijinallığı, dərin mənaları, müqəddəs hissləri özündə cəmləyib. Ustad sənətka­rın ifaçılıq texnikasını musiqişünaslar və tanınmış sənət adamları yüksək qiymət­ləndiriblər.

Akademik Rəfael Hüseynov xanən­dənin sənətini yüksək dəyərləndirib: “Hacıbaba Hüseynovun bir özəlliyi də ondan ibarət idi ki, onu həm yaşlı, həm orta, həm də ən gənc nəslin nümayən­dələri çox sevirdilər. Hacıbaba Hüseyno­vun ifasında o qədər orijinallıq var idi ki, hətta Şərq musiqisinə, muğamata bələd olmayanlar belə, onu bir dəfə dinləyəndə səsinə vurulurdular”

Xatırladaq ki, Hacıbaba Hüseynov 1919-cu ildə Bakıda anadan olub. Çəm­bərəkənd məhəlləsində, ruhani ailəsində, təmiz duyğular aləmində böyüyüb. Anası Seyid qızı olub – Seyid Fatimə. Məscid­lərdə, yas məclislərində nohə və mər­siyələr oxuyub. Səsinin geniş diapazonu olmasa da, təsirli və məlahətli sədası çoxlarını heyran edib. İstedad Hacıbaba­ya ana südü ilə keçib.

Onun özünün yazdığı çoxsaylı təsnif­lər də var. Əksəriyyəti musiqi irsinə daxil olaraq muğam ifaçılığında geniş yer tu­tub. Həmin təsniflər içərisində “Bərəyə bax, bərəyə” daha məşhurdur:

Bərəyə bax, bərəyə, 

Neçin baxdın dərəyə? 

Babanın parası yox. 

Səni evləndirməyə…

Ardınca gələn “İki sevda çəkənlə­rin cəzası var”, – sözlərini deyəndə isə onun özünəməxsus təbəssümü bir ayrı aləm idi. Hacıbaba Hüseynovu insanlara sevdirən təkcə onun səsi və sənəti deyil, həm də nəcib insani sifəti idi. O, davranı­şındakı təmkini, danışığındakı səmimiy­yəti və yumoru ilə də yadda qalıb. Şirin kəlmələri aramla dilə gətirirdi, danışanda hamı diqqətlə qulaq asırdı. Öz xatirələrini dilə gətirməsi də çox maraqlı və inandı­rıcı idi.

Xatirələrinin birində deyirdi: “Bir gün Zülfü Adıgözəlova söyləyirlər ki, bir ca­van oğlan var, nağara ifa edir və oxuyur, səni yaman yamsılayır. Zülfü məni öz yanına konservatoriyaya çağırdı və oxu­mağımı xahiş etdi. Oxuyub qurtarandan sonra dedi ki, yaxşı oxuyursan, amma çalış, özün ol. O vaxtdan öz ifa tərzimi müəyyənləşdirməyə çalışdım”.

O, fitri istedadı və güclü hafizəsi sayəsində irfani musiqiləri və muğamları dərindən mənimsəyib. Mütaliə edə-edə klassik ədəbiyyatı incəliyinə kimi öyrənib. Əruz vəznini, bəhrlərin ritmini dərindən duyub. Özü də əruzda çox mükəmməl şeirlər yazıb. Onun yüzlərlə qəzəli, rüba­isi, qoşma və müxəmməsi var. Bu şeir­lər Azərbaycan ədəbiyyatının gözəl nü­munələri sırasında yer alıb.

Qəzəllər ixtilat eylər qara gözlü gözəllərdən,

Gözəllər imtina etməz bu sevdaya dözənlərdən.

Həmişə şad olar dillər kamança, tar olan yerdə,

Sədayi-müsiqi xoşdur mənimlə yar olan yerdə,

Xüsusən, zövq alar arif muğamat var olan yerdə.

Hacıbaba Hüseynov Asəf Zeynallı adına Musiqi Məktəbində muğam dər­si deyib. Görkəmli xanəndələr Qədir Rüstəmov, Səxavət Məmmədov, Teymur Mustafayev, Zabit Nəbizadə və başqaları onun tələbələri olublar. Ağaxan Abdulla­yev, Məmmədbağır Bağırzadə və Alim Qasımov da onun ifasından bəhrələ­niblər. Ustad xanəndə ömrünün sonuna kimi, böyük bir ifaçılar nəslinin yetişmə­sində cəfakeşliklə çalışıb. O, “Rast” mu­ğamının “Üşşaq”, “Hüseyni”, “Novruzi rəvəndə” və digər muğamlarda “Şah Xətai” şöbələrinin ilk ifaçısı olub. “Bayatı şiraz”ın “Dilrüba” şöbəsi onun təşəbbüsü ilə dərsliyə salınıb.

Dəfələrlə xarici ölkələrdə, o cümlə­dən, İraq, İran, Türkiyə, Belçika, Fransa, İsveçrə, Hollandiyada qastrol səfərlərin­də olub, muğamın fəal təbliğatçısı kimi tanınıb. Tanrı töhfəsi olan səsi ilə ömür kitabına naxışlar vurub. Onun sənəti və ömür yolu nəhayətsiz zövq mənbəyidir. Ədəbi yaradıcılığı, bəstələri, təsnifləri muğam sənətimiz var olduqca yaşaya­caq. Bal kimi səsi və kamil sənətkar öm­rünün naxışları muğam yaddaşımızda silinməyəcək nağıla dönüb.

Hacıbaba Hüseynovun muğam sənə­tinin inkişafı və qorunması sahəsində­ki xidməti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Uzun müddət – düz 70 yaşına qədər heç bir fəxri ad almasa da, 1989-cu ildə Əməkdar artist, 1 il sonra (!) isə Xalq artisti adına layiq görülüb. O, 1993-cü ildə vəfat edib və I Fəxri xiya­banda dəfn olunub. 100 illik yubileyi döv­lət səviyyəsində qeyd olunub. Xatirəsi ürəklərdə yaşayır.

Həzi HƏSƏNLİ,
şair-publisist

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK