Son illərdə 26 avqustun Azərbaycan Muğam Günü kimi beynəlxalq aləmdə əlamətdar tarixlərdən biri kimi qeyd olunması öz başlanğıcını ənənəvi Niaqara musiqi festivalından götürüb. Xarici aləm də etiraf edir ki, məhz muğam sənəti xalqımızın qədim və zəngin tarixinin, mədəni irsinin mühüm qolunu təşkil edir.
Muğam ruh tərcümanıdır. Hətta müsəlmanları ibadətə səsləyən azanın da muğam üstündə oxunduğu iddia olunur. Xeyir və şər, sevgi və nifrət, hicran və vüsal, mübarizə və qələbə, inam və uğur üzərində köklənib ucalan muğamlar hər bir soydaşımızın mənəviyyatına daxil olub kamillik yaradır. Elə muğam sənətinin ucalığı, əbədiyaşarlığı da bu dəyərləri əsrlərdən-əsrlərə daşımasındadır. Ümummilli lider Heydər Əliyev Azərbaycan musiqisini, muğamları milli sərvətimiz adlandırırdı.
Muğamın bir hikməti də həqiqi poeziya ilə qoşa qanad çalmasıdır. Tarixən muğam ifaçılığı Azərbaycan şəhərlərində mövcud olmuş ədəbi və musiqili məclislər çevrəsində yaşadılıb və professional şəkil alıb. Belə məclislərdə şairlər, müğənnilər, klassik poeziyanın və musiqinin sərrafları toplaşaraq, muğamlara qulaq asar, sənət müzakirələr aparardılar. Bu məclislər Azərbaycan muğam sənətinin formalaşmasına, onun gələcək inkişafına güclü təsir göstərmişdir. Qəzəllər üstündə oxunan “Rast”, “Şur”, “Segah”, “Çahargah”, “Şüştər”, “Humayun”, eləcə də “Şahnaz”, “Rahab”, “Heyratı”, “Arazbarı”, “Simayi-şəms”, “Mənsuriyyə” muğamları milli-mənəvi dəyərləri zənginləşdirib.
Türk dünyasının mədəniyyət paytaxtı Şuşada hələ XIX əsrin əvvəllərindən ünlü xanəndələr nəsli muğam ifaçılığı məktəbinin əsası qoyub. Bu yerdə bütün Qafqazda və İranda məşhur olan tarzən və bəstəkarlar Mirzə Əsəd oğlu Sadıqcan, Məşədi Cəmil Əmirov, xanəndələr Mirzə Səttar, Hacı Hüsü, Məşədi İsi, Əbülhəsən xan Azər İqbal, Mirzə Muxtar Məmmədzadə, Cabbar Qaryağdıoğlu, Ələsgər Abdullayev, Əbdülbaqi Zülalov, Ağasəid Ağabalaoğlu, Mirtağı Mirbabayev, Malıbəyli Həmid, Keçəçi oğlu Məhəmməd və başqaları yada düşür.
Sonrakı dövrlərdə Seyid Şuşinski, Məcid Behbudov, Zülfü Adıgözəlov, İslam Abdullayev, Xan Şuşinski kimi görkəmli muğam ifaçılarının, XX əsrin ikinci yarısında isə Sara Qədimova, Arif Babayev, Yaqub Məmmədov, İslam Rzayev, Əlibaba Məmmədov kimi xanəndələrin, Qurban Pirimov, Məşədi Zeynal kimi tarzənlərin bu sənət məktəbinin inkişafı və yaşadılmasında böyük rolu olub. Azərbaycan muğamının mükəmməl elmi əsasını qoymuş dahi Üzeyir Hacıbəyli “Leyli və Məcnun” muğam operası ilə müasir musiqi və xalq incəsənətinin milli-orijinal xüsusiyyətlərini çulğalaşdırıb.
Ardınca bir çox bəstəkarlarımız bu əsasda dəyərli nümunələr yaradıblar. Fikrət Əmirovun “Şur”, “Gülüstani-bayatı-şiraz”, Niyazinin “Rast”, Süleyman Ələsgərovun “Bayatı-şiraz” simfonik muğamları, Vasif Adıgözəlovun “Qarabağ şikəstəsi” oratoriyası buna misal ola bilər. Vaqif Mustafazadə caz-muğam sintezi ilə əcnəbi dinləyiciləri belə valeh edib. Bütün bunlar muğam ənənələrinin yaşadılmasının gözəl ifadəsidir.
Onu da xatırladaq ki, 1971-ci ildə UNESCO-nun 50 albomdan ibarət “Dünya ənənəvi musiqisinin antologiyası” seriyasına “Azərbaycan musiqisi plastinkası” da daxil edilib, 1975-ci ildə isə Azərbaycan muğamları “Musiqi mənbələri” seriyasında buraxılıb. 2003-cü ildə Azərbaycan muğamı UNESCO tərəfindən Bəşəriyyətin qeyri-maddi irsinin şah əsəri elan olunub, 2008-ci ildə isə bu sənət xəzinəsi UNESCO-nun “Bəşəriyyətin Qeyri-maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısı”na daxil edilib.
Ölkəmizdə az musiqi tədbiri olar ki, orada muğam sədası eşidilməsin. Prezident İlham Əliyevin sərəncamı ilə Beynəlxalq Muğam Mərkəzinin yaradılması bu qədim sənətə dövlət qayğısının təzahürüdür. Dövlət başçısı hər zaman mədəni dəyərlərimizə yüksək qiymət verib: “Biz əsrlər boyu bu gözəl milli sənətimizi yaşatmışıq, inkişaf etdirmişik, ancaq son illərdə muğamın Azərbaycanda inkişafına çox böyük təkan verildi. Ənənəvi muğam müsabiqələri keçirilir və Azərbaycan televiziyası ilə canlı yayımlanır. Bu müsabiqələrin çox böyük əhəmiyyəti var. Həm gənc nəsil yetişir, həm gənc istedadlar gələcəyə yol tapırlar, həm də muğamın nə qədər gözəl sənət olduğunu bütün Azərbaycan vətəndaşları görür, peyk vasitəsilə dünya da görür… Heydər Əliyev Fondunun təşəbbüsü ilə ölkəmizdə ənənəvi olaraq beynəlxalq muğam festivalları da keçirilir. Bu təşəbbüsün də çox böyük əhəmiyyəti var. Çünki biz bu festivalların keçirilməsi ilə bir daha göstəririk ki, muğam milli sənətimizdir”.
Beynəlxalq Azərbaycan Muğamı Günü məhz muğamın böyük himayədarı – mötəbər mədəniyət təşkilatlarının xoşməramlı səfiri olmuş Birinci vitse-prezident Mehriban xanım Əliyevanın doğum gününə təsadüf edir. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu muğamı dünyada layiqincə təbliğ edir. Fondun xəttilə bu yöndə reallaşdırılan bir çox layihələr yaxın-uzaq ölkələrdə uğur qazanıb, yaddaşlarda dərin iz buraxıb. “Muğam aləmi” festivalları və muğam müsabiqələri bu sıradandır. Yaddaqalan tədbirlər sayəsində muğam sənəti layiq olduğu mərtəbəyə çatıb. “Azərbaycan muğamları” layihəsi çərçivəsində “Qarabağ xanəndələri”, “Muğam ensiklopediyası”, “Muğam aləmi” adlı nəşrlər reallaşıb, 24 virtuoz ifaçının səsləndirdiyi muğam parçalarından ibarət “Qarabağ xanəndələri” albomunun Parisdə, UNESCO-nun mənzil-qərargahında təqdimat mərasimi keçirilib.
İnişil may ayında, müzəffər Silahlı Qüvvələrimizin işğaldan azad etdiyi Qarabağ torpağında – Şuşanın məşhur Cıdır düzündə neçə illərdən sonra yenidən keçirilmiş “Xarıbülbül” musiqi festivalının əsas təşkilatçısı da Heydər Əliyev Fondu olub. Fond həmin günlərdə Şuşada “Qarabağın mədəni irsi” toplusunu təqdim edib. Bu topluya ədəbiyyat, musiqi, memarlıq sahələrini, xalq sənətkarlığını və xalçaçılıq sənətini əks etdirən 5 nəşr daxildir. Bundan başqa, müasir texnologiyalara əsaslanan və 8 diskdən ibarət “Azərbaycan muğamı” multimedia toplusu canlı tədris vəsaiti kimi hazırlanıb.
Muğamın daha geniş təbliği mədəniyyət paytaxtımız Şuşada məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən Cıdır düzündə “Xarıbülbül” beynəlxalq musiqi festivalının keçirilməsi ilə başlayıb. Bundan bir əsr əvvəl isə Xan qızı Natəvan bu varislik ənənəsinin əsasını qoyub. O, Qarabağda yaratdığı “Məclisi üns” dərnəyinə 25 il rəhbərlik edib. Yaranmış ənənəyə uyğun olaraq, dərnək toplaşanda yerli xanəndələr də qavallarını götürərək tar və kamanın müşayiətilə şairlərin qəzəllərini muğam üstündə oxuyublar.
Qeyd edək ki, Şuşada erməni vandallarının məhv etdikləri bir çox mədəni irs nümunələrimiz, o cümlədən Xurşidbanu Natəvanın, eləcə də qoşma və gəraylıları ilə bərabər, türfə qəzəlləri də dillər əzbəri olan Molla Pənah Vaqifin və muğamları böyük məharətlə operaya gətirmiş Üzeyir Hacıbəylinin abidələri məhz Heydər Əliyev Fondu tərəfindən bərpa olunaraq əvvəlki yerlərinə qoyulub.
…Sayca 4-cü “Xarıbülbül” festivalı 1992-ci il mayın 15-də başlanmalı, daha möhtəşəm olmalı idi. Amma bu təntənəyə bir həftə qalmış Şuşanın nankor qonşular tərəfindən işğalı onun keçirilməsinə imkan vermədi. Fərəhli haldır ki, bu gün qalib xalqımız ulu öndərin qayğısı ilə mədəniyyət tariximizi rövnəqləndirən ənənəvi şeir-sənət bayramlarımızı yenidən keçirir və bu, dünyanın diqqətini çəkir, bədxahlarımızı xar edir.
Şuşa işğaldan azad ediləndən sonra orada təşkilı edilən konsertdə yeniyetmə Kənan Bayramlı “Bayatı-Şiraz”ı oxuyan zaman dövlət başçımızın da, bütün dinləyicilərin də necə təsirləndiyini xatırlayırıq. Bu faktın özü muğamın hər bir azərbaycanlı üçün çox əziz olduğuna dəlalət edir. Muğam bilicisi və ifaçısı Hacıbaba Hüseynov gözəl deyib:
Sədayi-musiqi xoşdur mənimlə yar olan yerdə,
Xüsusən, zövq alar arif muğamat var olan yerdə.
Bu gün ölkəmizin bir çox guşələrində muğam məktəbləri və mərkəzləri fəaliyyət göstərir, yeni-yeni nəsillər qədim incəsənət növünü dərindən öyrənirlər.
Azərbaycan muğamı dünya şöhrətli rejissor və ssenarist Andrey Tarkovskinin bütün dünya ekranlarını dolaşan “Stalker” filmində də səslənib. Niaqara festivalında Beynəlxalq Azərbaycan Muğamı Gününün təsis edilməsi zəruri bir qərar oldu. Muğam sənətinə verilən bəşəri qiymət qəlbimizi qürurla döyündürür. Muğam xalqımızı ötənlərin dərinliyindən gələcəyin sonsuzluğuna aparır.
Ə.NƏCƏFXANLI,