Muğamın Dədə Süleyman ifası

by Samir Asadli

“You Tube”dakı onun ecazkar səsini dinləyirəm. Xanəndə Süleyman Abdullayev öz gözəl və bənzərsiz səsi ilə Süleyman Rüstəmin məşhur “Mənə qalsa” qəzəlini “Şur” üstündə oxuyur:

“Heçdir deyərəm sevgisiz insan mənə qalsa,

Cansızlara da bəxş edərəm can, mənə qalsa…”

Sözlər mənalı və ifaçının səsi mə­lahətlidir. Həm səs, həm də sözlər baş­dan-başa sehr və möcüzədir!

Xanəndə isə şirin zəngulələr edərək öz gözəl avazı ilə davam edir:

Məclisdə qızıldan baha söz söyləməsən sus, 

Boş sözlərə vermərəm imkan, mənə qalsa!

Bu an Əhsən Dadaşovun tarının şa­hanə səsi eşidilir. Tarın sədaları xanən­dəni daha da cuşa gətirir:

Ay, illərlə vuruşdum uğrunda vüsalın,

Heç qoymaram hicran çəkə canan, mənə qalsa

Sonra isə, bəlkə də, yüz dəfə dinlə­diyim qəzəlin şah beytinin növbəsi çatır: 

Sahil boyu bağ sallam əlimlə Arazım üçün

Ollam iki sahildə də bağban mənə qalsa

Həmin an gözlərim önündə doğma Araz çayı, onun gur suları üzərində XI-XIII əsrlərdə inşa edilən tarixi Xudafərin körpüləri canlanır. İkiyə bölünən məm­ləkətin həsrət ağrısı ürəyimi sızladır….

Bu lentin bir müddət əvvəl Beynəlxalq Muğam Mərkəzində Əməkdar artist Sü­leyman Abdullayevin anadan olmasının 85 illk yubileyinə həsr olunan konsertdə də səsləndiriləcəyinə ümid edirdim. Bu gözəl məclisdə məhz bu lent səsləndi­rilməsə də, bundan pəjmürdə olmadım. Çünki Dədə Süleymanın ifasında digər bir neçə muğam və təsnifi bir dənə də olsun boş yer olmayan salonda hamı ilə bərabər dərin məmnunluq hissilə dinlədim.

Sonra gənc və orta nəsil istedad­lı muğam ifaçıları Səbuhi İbayev, Qoçu Əsgərov, Eldəniz Məmmədov, Ehtiram Hüseynov, Mirələm Mirələmov, Kamilə Nəbiyeva və başqaları Süleyman Abdul­layevin repertuarından bir çox sevilən mahnı və təsniflərə yeni nəfəs qataraq ifa etdilər. Çıxışların da hər biri layiqincə alqış qazandı.

Tanınmış muğamşünas, professor Fərahim Sadıqov yubiley gecəsində çıxış edərək dedi ki, Azərbaycan xalqı Süleyman Abdullayev sənətinə sevgi və məhəbbətini heç vaxt əsirgəməyib. Pro­fessor belə bir məqamı da vurğuladı ki, müğənni mahnı mətnlərini son dərəcə aydın tələffüz edirdi ki, dinləyicilər bun­dan məmnun qalırdılar.

Fasilədə yubilyara həsr olunan “Sə­sin sorağında” kitabının müəllifi, publisist Vaqif Rüstəmov ilə görüşdüm. Yeri gəl­mişkən, sonrakı günlərdə kitabı böyük maraqla oxuyub müəllifə təşəkkür etməyi özümə borc biləcəkdim.

Fasilə zamanı müğənninin sevimli qızı Aygün xanımın bu sözləri hamını tə­sirləndirdi:

– Nə yaxşı ki, atam Qarabağ azad edilənədək yaşadı. Yoxsa dünyadan Qa­rabağ həsrəti ilə köçəcəkdi…

Ətrafdakılardan kimsə dilləndi:

– Dədə Süleyman musiqi beşiyi Qa­rabağın təkrarsız səs sahibi olan müğən­nilərindən idi. Allah rəhmət eləsin!

M.HACIXANLI

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK