Görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin poeziyasını həmişəyaşar adlandıranlar yanılmırlar. Düz 85 il öncə dünyasını dəyişmiş şairin şeirlərinə dünyada maraq səngimir. İspaniyanın populyar “Alquibla”, Almaniyanın “Spruechetante” ədəbiyyat portalları ispan və alman dillərinə tərcümə olunmuş “Həyat sevgisi” və “Yeni gənc” şeirlərinin yayımına başlayıb.
Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, qurumun “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində reallaşan yayım şairin yaradıcılığı haqqında geniş məlumatla təqdim olunub. Şeirlərin ispan dilinə tərcüməsinin müəllifləri ispan filoloqu Eva Kontreras və mərkəzin ispan dili mütəxəssisi Aysel Əliyeva, alman dilinə tərcümə müəllifləri alman filoloqu Kerstin Kraps və mərkəzin alman dili mütəxəssisi Məryəm Səmədovadır.
Qeyd edək ki, geniş oxucu kütləsi tərəfindən izlənilən “Alquibla” və “Spruechetante” ədəbiyyat portalları dünya şöhrətli yazıçı və şairlərinin yaradıcılığını işıqlandırır.