Müşfiqli günlərin yarpaqları

by Samir Asadli

“Şair Füzuli kimi olar”

Mikayıl Müşfiq Füzulini lirikanın zirvəsi hesab edirmiş. O, gecələr gözlərini Füzuli divanı ilə yumur, səhərlər həmin divanla açırmış. Füzulinin sehrkar qələminə heyranlığını heç cür  gizlədə bilmirmiş. Bir gün o, şair dostu Mir Mehdi Seyidzadəgildə gecələyir. Səhər tezdən Müşfiq əlində Füzulinin divanı Mir Mehdini yuxudan oyadır:

– Mir Mehdi, bax, gör bir nə deyir! Belə də gözəl söz olar Hər misrada nə qədər böyük məna var Biz də adımızı şair qoymuşuq.

Müşfiqin vaxtilə oxuyub, bəzi səhifələrində qeydlər etdiyi həmin Füzuli divanı şair Mir Mehdi Seyidzadənin şəxsi kitabxanasında imiş.

“…Elə bil, başımdan alov çıxdı”

Bir dəfə Müşfiq Dilbər xanımla tramvayda harasa gedirmiş. Şairin baxışları pəncərədən bayıra zillənibmiş, nə haqqında isə düşüncələrə dalıbmış. O, birdən nəzərlərini Dilbərə çevirəndə gözü onlarla üzbəüz oturan bir kişiyə sataşır. Sir-sifəti çopur, gözlərindən hərislik yağan kişi də, sən demə, nəzərlərini onlara zilləyibmiş. Müşfiq  elə o dəqiqə Dilbər xanımın qulağına pıçıldayır:

– Dur keçək, başqa yerdə oturaq.

Dilbər tez ayağa qalxır və yerlərini dəyişirlər. Müşfiq deyir:

– Mən indicə xəyalımda səmimi, zərif qəlbli, zahirən gözəl, sadə bir insan haqqında düşünürdüm. Belə bir vaxtda bu kişinin sifətini görəndə, elə bil, başımdan alov çıxdı.

“Dərsi təxirə salmayın”

Qüvvətli hafizəsinə arxayın olan Müşfiq çox vaxt qoşduğu şeiri uzun müddət kağıza köçürməzdi. Öz şeirlərini və sevdiyi klassiklərin əsərlərini əzbər bilərdi. Müşfiq tələbə olan vaxt bir dəfə müəllim növbəti dərsdə məşhur türk şairi Tofiq Fikrətin yaradıcılığından məruzə oxuyacaqmış. Lakin şairin kitabını özü ilə götürməyi yaddan çıxaran müəllim dərsi təxirə salmaq istəyir. Bu vaxt Müşfiq icazə alıb deyir:

– Müəllim, dərsi təxirə salmayın. Tofiq Fikrətin hansı əsəri lazımdırsa, mən onu əzbər deyə bilərəm.

Müəllim təəccüblənir:

– Sən onun hansı əsərini bilirsən?

Müşfiq də qürrələnir:

– Müəllim, siz məndən soruşun ki, Tofiq Fikrətin hansı əsərini bilmirsən?

Müəllim bu dəfə fərəhlə gülümsəyir:

– Demək, onun bütün əsərlərini bilirsən?

– Bəli.

– Onda dərsə başlayaq,– deyə müəllim Müşfiqin köməyi ilə növbəti mühazirəsini oxuyur.

Z.HÜSEYNLİ

 

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK