Nəsiminin məzarının Azərbaycana gətirilməsi niyə mümkün deyil?

Əsas odur ki, onun canlı xatirəsi bu gün Azərbaycanda yaşayır.

by Samir Asadli

Suriyada vətəndaş müharibəsinin son vaxtlar yenidən alovlanması və bu ölkənin Hələb şəhərinin əldən-ələ keçməsi Azərbaycanın görkəmli şair və mütəfəkkiri İmadəddin Nəsiminin məzarını da gündəmə gətirib. Məlum olduğu kimi, İmadəddin Nəsiminin məzarı Suriyanın Hələb şəhərində yerləşir.

Maraqlıdır, Azərbaycan şairi İmadəddin Nəsiminin böyük dağıntılara məruz qalmış Hələb şəhərindəki məqbərəsi də ziyan çəkibmi? Ümumiyyətlə, Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustasının məzarı ökəmizə gətirilə bilərmi?

Mövzu ilə bağlı “Cebheinfo.az” Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, institutun “Nəsimi qrupu”nun rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva bildirib ki, İmadəddin Nəsiminin məzarının silə bağlı fikirlər cəfəngiyyatdır. Onun sözlərinə görə, hazırda İmadəddin Nəsiminin məzarı məscidin həyətində yerləşir: “Bu məsələ dəfələrlə gündəmə gəlib, mən də bunun əleyhinə çıxışam. Müharibə olacaq və bitəcək. Nəsiminin məzarının Azərbaycana gətirilməsi absurd fikirdir. Bu gün Nəsiminin məzarının Azərbaycana gətirilməsinə nə ehtiyac var? Onun oğlunun və qohumlarının məzarı oradadır. Nəsiminin həyatı Hələbdə keçib. Nə İslam əxlaqı baxımından, nə də tarix baxımından bu, doğru deyil”.

DAK həmsədri, Xalq şairi Sabir Rüstəmxanlı mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Bir neçə il öncə də Nəsiminin məzarının Bakıya gətirilməsi haqqında məsələ qaldırılmışdı. Həmin vaxt da mənim fikrim belə idi ki, vəfat edənləri narahat etmək, yəni bir məzardan çıxarıb, ayrı məzara aparmaq düzgün deyil. Nəsimi orada doğulub, orada yaşayıb, ailəsi də oralardadır. Ona görə də məzarı da orada qalmalıdır. Yəni ömrünün müəyyən hissəsini Hələbdə yaşayıb, faciəvi sonluğu da orada çatıb. Hələbdə Nəsiminin məzarını ziyarət etmişəm. Orada hətta onun nəslindən olan insanlar da yaşayır. Ona görə də məzarına toxunmaq lazım deyil. Əsas odur ki, onun canlı xatirəsi bu gün Azərbaycanda yaşayır. Heykəli var, kitabları nəşr olunur və hər bir azərbaycanlının qəlbində xüsusi yeri var. Sanki onun məzarı Bakıdadır. Nə fərqi var? Məncə, yerdəyişmə haqqında düşünmək lazım deyil”.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK