VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı Milli Məclisin payız sessiyasında plenar iclasında 2024-cü ilin dövlət büdcəsi zərfinə daxil olan qanun layihələrinin müzakirəsi zamanı çıxış edib.
Bakupost.az həmin çıxışı təqdim edir:
Hörmətli Sahibə xanım!
Hörmətli hökümət üzvləri, millət vəkilləri.
2024-cü ilin büdcəsi dövlətimiz üçün çox əlamətdar günlərdə müzakirə olunur. Dövlətimiz və millətimiz üçün torpaqlarımızın işğaldan təmizlənməsi ölkəyə yeni bir ruh, yeni bir hava gətirib. Bu xoş ovqatla neqativ hallar yaddan çıxır. Tənqid eləməyə dilimiz gəlmir. Biz istəyirik ki, bu Zəfər havası həyatımızın bütün sahələrində uzun müddət davam eləsin. Ali Baş Komandanın yorulmadan çalışmaq qabiliyyətini bütün vəzifə sahiblərimiz davam etdirsələr. Lakin bu böyük Zəfər havasını yalnız ədalətli bir mühitdə, qanunvericiliyin qorunduğu, övladları bu qələbə uğrunda savaşmış insanların haqq və hüquqlarına yüksək hörmətin hökm sürdüyü şəraitdə qoruyub saxlamaq olar. Biz ilk növbədə bunun qayğısına qalmalıyıq.
Büdcə planlaşmasında önəmli məsələlərdən biri zənnimcə, ölkənin üzləşdiyi və yaxın perspektivdə bizi gözləyən qlobal və milli çağırışların hökümətin həm büdcə siyasətində, həm də bütövlükdə iqtisadi siyasiətində nə dərəcə əksini tapmasıdır. 2024-2027-ci illər dövrü üçün xüsusilə aktual və aktual məsələlər sırasında aşağıdakılar ön sıradadır:
1.Ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi;
2. Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli prioritetlər və 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası;
3. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonların bərpası, ölkə reinteqrasiyası və ərazilərə Böyük qayıdışın təmin edilməsi;
4. Regional və qlobal geosiyasi gərginliyin, iqtisadi və infuliyasiya təzyiqləri və ərzaq böhranının nəzərə alınması
Razılıqla qeyd etmək istəyirəm ki, seçildiyim Neftçala rayonu ilə bağlı ötən illərdə qaldırdığımız bəzi problemlər öz həllini tapmışdır. Kürün şorlamasının qarşısı alıib, Neftçala şəhəri və qonşu kəndlər içməli su ilə təmin edilib, əsas kəndlərə yol çəkilib və bu iş davam etdirilir. Bundan əlavə şəhərin kanalizasiya şəbəkəsinin tikintisi də davam etdirilir və bu işin başa çatması üçün gələn ilin büdcəsindən müvafiq vəsait ayrılmalıdır. Bütün bu işlərə görə mən baş nazirə, onun bu işlərə başçılıq etmiş müavini Şahin Mustafayevə və əlaqədar qurumların rəhbərlərinə öz təşəkkürümü bildirmək istəyirəm. Lakin Neftçalada əhalinin əsas ehtiyacı aradan qalxmayıb. Bu da yeni iş yerlərinə olan ehtiyacdır. Bəzən simvolik xarakter daşıyan yardımlarla və müvəqqəti iş yerləri ilə əhalinin ehtiyacını ödəmək çətindir. İnsanlar sosial yardımla bərabər iş istəyirlər. Ələbaxanlıq sağlam, güclü insanları sındırır. Onlara öz peşələrinə və fiziki intelektual qabiliyyətlərinə uyğun iş lazımdır. Neftçalanın həll olunmamış problemlərindən biri də təxminən 15-ə yaxın kəndə hələ də qaz çəkilməməsidir.
Müzakirə zamanı həmkarlarım hamımızı narahat edən bir sıra problemlərə toxundular. Mən həmin məsələlərə qayıtmaq istəmirəm. Çünki deyilən tənqidlər seçildiyimiz başqa rayonlara da aiddir.
2024-cü ilin büdcəsi müdafiə gücümüzün gücləndirilməsi və Böyük qayıdış büdcəsidir. Görünür, bu Böyük qayıdış bir neçə il davam edəcək. Amma mən istərdim ki, ikinci belə bir qayıdış proqramı Azərbaycanın nisbətən az inkişaf etmiş və işsizliyin hökm sürdüyü ucqar dağ rayonlarımız üçün də hazırlansın. Çünki, iş, çörək ardınca doğma kəndlərini tərk edib şəhərə axışan insanlar öz doğma yurdlarına qayıtmaq, orada iş sahibi olmaq istəyirlər. Dağ kəndlərinin boşalması ciddi narahatlıq doğurur. Axı illər uzunu o kəndlərdə insanlar yaşayıb, yaradıb, torpaqlarımızı becəriblər. Biz torpağımızın bir hissəsini işğaldan azad edə-edə, digər hissələrinin ehtiyacın, xarici ölkələrdən gələn yad ideologiyaların, yad dillərin, yad mədəniyyətlərin təsiri altına düşməyinə yol verə bilmərik.
Azərbaycan gözümüzün qarşısında ildən-ilə abadlaşır, gözəlləşir, şəhər mərkəzlərində, rayonlarda görülən quruculuq işləri ürəyimizi fərəhlə doldurur və bizi sevindirir. Lakin bununla yanaşı, insanların sosial-mədəni həyatı da bu abadlığa uyğun olmalı və onların ehtiyacları ödənməlidir.
Seçildiyim rayonun və bir sıra qonşu bölgələrimizin əsas qayğılarından biri torpaqların şoranlaşması, su çatışmazlığı və məhsuldarlığın aşağı düşməsidir. Məncə, Aran torpaqlarının qorunması və bərpası ilə bağlı ciddi bir dövlət proqramı olmalıdır. İldən-ilə qumsallaşan və şoranlaşan örüşlərin də yeni texnologiya və yaşıllaşdırma üsulu ilə daha yararlı bir hala gətirilməsi vacibdir.
Burada Azərbaycanda doğulan uşaqların sayının azalmasından danışıldı. Neçə illərdir bu işə xidmət edən və haradan, kimin maliyyəsi ilə idarə olunduğu bilinməyən qurumlar var. Əslində ailə nizamnaməsi adı ilə ortaya atılan anormal anlayış və uşaq pullarının kəsilməsi də Azərbaycanda əhalinin azalması məqsədi güdür. Buna əlavə olaraq məni düşündürən bir məsələni də deməliyəm. Bu da müəyyən səbəblərdən xaricdə yaşayan və öz vətənimizə qayıtmaq istəyən insanların sərhədlərdən keçmək və vətandaşlıq hüquqlarının bərpası ilə bağlı qarşılaşdıqları çətinliklərdir. Ehtiyac üzündən və ya Qarabağın işğalına görə Azərbaycandan qopub getmiş qardaş və bacılarımızın vətənə dönmək istəkləri düzgün anlaşılmalıdır və onların qarşısı kəsilməməlidir.
Bahalaşma və qiymətlərin artması şəraitində, kommunal xərclərə, xüsusən işığa və qaza qoyulan limitlər heç bir məntiqə sığmır, ciddi narahatçılıq doğurur və ləğv edilməlidir.
İşğaldan azad edilmiş ərazilərin bərpası, reinteqrasiyası və məskunlaşmasına ən qısa zamanda nail olunması siyasi və təhlükəsizlik baxımından mühüm strateji məsələ, həm də çox ciddi iqtisadi-sosial, mədəni məsələdir. Vətən müharibəsindən sonra təkcə Şuşada keçirilən mədəniyyət tədbirləri, Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi, ölkənin nüfuzunu bütün türk dünyasında qat-qat artırmışdır.
Türk dövlətləri başçılarının görüşləri artıq ənənə halını almışdır. Bu dövlətlərin inteqrasiyası qarşıda böyük üfüqlər açır. XXI yüzilin Türk əsri olacağına inamımız ildən ilə artır. Ancaq biz büdcəmizdə Türk dövlətləriylə inteqrasiya və ortaq çalışmalara istiqamətlənmiş konkret proqram görmədik. Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və bu qəbildən olan digər fəaliyyət üçün 574.8 milyon manat nəzərdə tutulmuşdur. Təəssüf ki, bunun böyük hissəsi əmək haqqına verilir. Konkret proqramlar üçün nəzərdə tutulan məbləq göstərilmir. Mövcud informasiya savaşında Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün çox iş görülməlidir və məncə, bu da büdcədə nəzərdə tutulmalıdır.
Sonda bir neçə kəlmə də Bakı ilə bağlı demək istəyirəm.
Bakının coğrafi mühiti, yüklənməsi, bir sıra müəssisələrin bölgələrə o cümlədən Xankəndinə, Ağdama köçürülməsini zəruri edir. Təəssüf ki, dəniz sahilində yerləşsək də, dənizdəki adalar əhalinin üzünə bağlıdır. Məncə, hər gün gözümüzə sataşan və acı tarixini xatırladan Nargin və ya Böyük Zirə adasının abadlaşdırılıb insanlarımızın istifadəsinə verilməsinin vaxtı çatmışdır.