Pedaqoqlar nəslinin layiqli davamçısı

by Samir Asadli

Fəridə Vəzirova – 100

Düz 10 il əvvəl Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda görkəmli ədəbiyyatşünas, tənqidçi, professor Fəridə Vəzirovanın 90 illik yubileyi keçirilirdi. Natiqlər onu həm şəxsiyyət, həm də alim kimi yüksək dəyərləndirdilər, əsl müəllim kimi yaddaşlarda iz saldığını dönə-dönə vurğuladılar.

Professor Nüşabə Sadıqlının dedik­ləri indi də yadımdadır: “Sevimli müəllim­lərimdən olan Fəridə Vəzirova ciddi və zəhmli xanım idi. Lakin o ciddiyyətin və zəhmin arxasında yumşaq, əsl ana ürə­yi vardı. O, kübar bir xanım idi. Fəridə xanım əvəzsiz bir pedaqoq olub. Bütün klassikləri, xüsusilə də Cəfər Cabbar­lının, Məmməd Səid Ordubadinin irsini dərindən bilir və tələbələrinə də öyrədib sevdirirdi. Fəridə xanımdan necə müəl­lim olmağı öyrənmişəm”. Onu da xatır­layıram ki, Xalq şairi Vahid Əziz həmin gecədə “Hərbçi paltarı geyindi qızlar” şe­irini oxudu. Axı, Birinci Dünya müharibə­sində 18 yaşlı Fəridə xanım da könüllü orduya getmiş, rabitəçi olmuşdu…

İndi, üstündən daha 10 il ötəndən sonra da unudulmaz Fəridə xanım haqqında eynilə isti, həzin xatirələr da­nışılır, yetirmələrinin hər biri üçün yar­paq kimi əsdiyi söylənir.

Fəridə Vəzirova 15 fevral 1924-cü ildə Füzuli (o vaxtkı Qaryagin) ra­yonunun Sərdarlı kəndində dünyaya gəlib. Xalq artisti İslam Rzayev, Milli Qəhrəman Salatın Əsgərovanın atası – Əməkdar həkim Əziz Xələfov və di­gərləri kimi, onun da adı bu kənddən çıxmış tanınmış şəxsiyyətlərlə birlik­də çəkilir. Fəridə xanım Bakıdakı 171 saylı orta məktəbi bitirdikdən sonra, 1940-cı ildə Azərbaycan Dövlət Uni­versitetinin filologiya fakültəsinə daxil olub, atası şuşalı Şamil Vəzirovla ana­sı Səltənət Teymurazbəyova–Vəzirova rus dili və ədəbiyyatı müəllimləri olsalar da, hər ikisi ərəb-fars dillərini biliblər. Şamil müəllimin fars ədəbiyyatından tərcümələri də olub. Elə müəllimliyi də Fəridəyə valideynləri sevdiriblər.

1942-ci ildə komsomolun çağırışı ilə könüllü olaraq orduya gedib, sıravi döyüşçü, rabitəçi kimi fəaliyyət göstə­rib, Uzaq Şərqədək gedib çıxıb. 1945-ci ilin oktyabrında ordudan tərxis olunduq­dan sonra təhsilini davam etdirib. Onun müəllimləri böyük şəxsiyyətlər Məm­məd Hüseyn Təhmasib, Cəfər Xəndan, Mir Cəlal, Feyzulla Qasımzadə, Mehdi Hüseyn olublar. “Stalin təqaüdü” alıb, universiteti fərqlənmə diplomu ilə biti­rib. Onu yaxından tanıyanların bildirdi­yinə görə, son dərəcə təvazökar olduğu üçün “Müharibə iştirakçısıyam, medal­larım var” – deyə heç zaman bundan özünün hər hansı bir problemini həll et­mək məqsədi ilə yararlanmayıb.

Tanınmış filoloqun çox zəngin ki­tabxanası olub. Oradakı kitabların arasında gözəl insan, görkəmli alim və pedaqoq Mir Cəlal Paşayevin ürək sözlərini yazdığı kitab, xüsusilə diqqət­çəkəndir: “Müəllifdən istedadlı tələbə­miz və indi isə gənc müəllimimiz Fəridə Vəzirovaya”

Fəridə xanım gənclik illərində bir müddət “Azərbaycan müəllimi” qəzeti redaksiyasında ədəbi işçi kimi çalışıb, aspiranturada oxuyub. Dövri mətbuat­da çoxlu çıxışlar etməsinə baxmayaraq, onun ilk ədəbi tənqidi məqaləsi Mədinə Gülgünün “Təbrizin baharı” kitabına yazdığı eyni adlı məqaləsi olub. 1963-cü ildə AYB-yə üzv qəbul edilib. Daha sonra o, “Azərbaycan” jurnalında tənqid şöbəsinin müdiri işləyib. ADU-nun filo­lolgiya fakültəsində Azərbaycan ədə­biyyatı tarixi kafedrasında baş müəllim, dosent, sonra isə professor olub. Məm­məd Səid Ordubadinin 8 cildlik seçilmiş əsərlərini toplayaraq tərtib edib.

Alim sonrakı illərdə də elmi axtarış­larının əhatə dairəsini genişləndirərək ədəbiyyatşünaslığımızın inkişafı yo­lunda inamla addımlayıb, yeni məqalə və kitabları ilə öyrənilməyən, yaxud az tədqiq olunan şəxsiyyətlərə, əsər­lərə işıq salıb. Mirzə Ələkbər Sabirin anadan olmasının 100 illiyi münasibəti ilə yazdığı məqalələr, Cəlil Məmmə­dquluzadə, Süleyman Rüstəm, C.Ə­libəyov və digər sənətkarların yara­dıcılığı haqqında araşdırmaları geniş oxucu kütləsinin marağına səbəb olub. Görkəmli ədəbiyyatşünas alim yara­dıcılıq axtarışlarını təkcə Azərbaycan ədəbiyyatı ilə məhdudlaşdırmırdı. O, rus və dünya ədəbiyyatında cərəyan edən proseslərlə də yaxından maraq­lanır, bu sahədə də dəyərli sözünü de­yirdi.

Professor Fəridə Vəzirovanın məqalə və araşdırmalarından ibarət “Ədəbi qeydlər və tədqiqlər” toplu­su onun vaxtsız ölümündən bir qədər əvvəl işıq üzü görüb. Ümumiyyətlə, 100-dən artıq elmi məqaləsi, bir neçə monoqrafiyası Fəridə xanımın ədəbiy­yatşünaslıq elminə dərin bağlılığının əyani sübutudur.

Azərbaycan Respublikası Qadınlar Şurasının üzvü olan Fəridə Vəzirova ölkə qadınlarının III qurultayına nü­mayəndə seçilib. Tələbə qızların həya­ta düzgün istiqamətlənmələrində, on­larda yüksək əxlaqi və mənəvi dəyərlər tərbiyə edilməsində fədakarlıq göstərib. Fəridə xanımın yubileyi ilə əlaqədar AMEA-nın Əlyazmalar İnstitutunun farsdilli əlyazmaların tədqiqi şöbəsin­də böyük elmi işçi vəzifəsində çalışan qızı İradə Vəzirova ilə əlaqə saxladıq. Kövrəlsə də, anası haqqında qürurla, iftixarla danışdı.

Fəridə Vəzirova ömrünün müdrik­lik çağında – 1986-cı ildə Bakıda vəfat edib. Əziz xatirəsi isə daim onu tanı­yanların qəlbində yaşayır.

Əli ƏLİYEV

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK