Peşəkar jurnalist, nüfuzlu ziyalı

by Samir Asadli

Həm özü mətbuatda formalaşan, həm də mətbuatın zamana görə for­malaşmasında xidməti olan ziyalılar­dan biri də Şərif Kərimlidir. O, hər vaxt təmənnasız çalışıb, iddiadan çox, səmi­mi ictimai vətəndaş töhfəsinə üstünlük verib.

Şərif Kərimli 1954-cü ilin iyununda ulu Borçalıda doğulub, 1977-ci ildə BDU-nun jurnalistika fakültəsini bitirib. 47 ildir ki, mətbuatda çalışır. Tələbəliyində Tanrı lütfü ilə ustad müəllimlərdən dərs aldığı kimi, jurnalistikada da Əjdər Xanbabayev, Məmməd İsmayıl, Sabir Rüstəmxanlı kimi ünlü sənətkarlardan öyrənib.

Müstəqillik mücadiləsi dövründə ilk müstəqil mətbuat orqanı olan “Azərbay­can” qəzetində məsul katib, baş redaktor müavini olub. 1992-ci ildə bu qəzet 31 nəfər jurnalistin Milli Məclisə ünvanladığı məktub əsasında cümhuriyyət dövrünün parlament orqanı olan “Azərbaycan” qə­zetinin hüquqi varisi olaraq fəaliyyətə başlayıb və Şərif müəllim orada baş re­daktor vəzifəsini tutub.

90-cı illərin önlərində ən böyük acı­mız Qarabağa və Qərbi Azərbaycanda torpaqlarımıza və soydaşlarımıza qar­şı erməni təcavüzünün baş qaldırması idi. Bir yandan da Gürcüstanda Qam­saxurdiya dövründə tarixi saxtalaşdır­maq cəhdləri, Borçalıda soydaşlarımızın hüquq və azadlıqlarına sayğısızlıq, milli ayrı-seçkilik özünü göstərirdi. Şərif Kə­rimli belə bir ziddiyyətli zamanda “Azər­baycan”da qələmdaşları ilə birlikdə əs­gər əhval-ruhiyyəsində çalışırdı. Tez-tez qaynar nöqtələrdən reportajlar, ictimai diskussiyalar hazırlayırdı. Qəzetdə Sabir Rüstəmxanlının atdığı irəliçi, demokratik təməl sonradan Şərif Kərimlinin redak­torluğunda özünəməxsus şəkildə davam elədi. Qəzet nəinki günün nəbzini tuturdu, o həm də nəbzi idarə edə bilirdi.

Mən də onunla işləmişəm, yanında təcrübə qazanmışam. Komendant saatla­rının qadağası üzündən gecələri nəşriy­yat dəhlizlərində birlikdə keçirmişik. Cəbhə bölgələrində gözlərimiz qəhrəmanlıq da, ölüm də görüb…

Şərif Kərimlinin yazar kimliyi haqqın­da ən etibarlı mənbələr onun araşdır­ma yazıları, ictimai-siyasi publisistikası, sənədli bədii əsərləridir. O, reportyor, publisist, qəzetçi-yazar kimi zamanında məşhurluğun nə olduğunu görən, amma bundan zərrəcə sui-istifadə etməyən us­tad qələm adamıdır. Onun publisistikası mövzusuna, xarakterinə görə bütünlüklə milli, ictimai və mətn texnologiyası etiba­rilə fərqli mahiyyətə malikdir. Onun ya­zılarında həm mənbəli xəbər, həm fakt, həm analitik münasibət, həm də bədii təs­vir vasitələri iç-içə təzahür edir. Elə bu da Şərif müəllimin publisist kimi orijinallığıdır – “Ötən illərin harayı” adlı dördcildliyi və “8712 nömrəli əsir”, “Gürcüstan: ikili stan­dart siyasətinin yeni qurbanı” kimi.

Akademik Nizami Cəfərov “O yaşa­dıqlarından danışır…” adlı məqaləsində Şərif Kərimlini konkret faktlarla əsl ziyalı kimi xarakterizə edib. İctimai-siyasi ha­disələrə heç vaxt birtərəfli şəkildə yanaş­madığını, həmişə problemi tam aydınlığı ilə cəmiyyətə təqdim etdiyini vurğulayıb. “Azərbaycan” qəzetinin ilk baş redakto­ru, Xalq şairi Sabir Rüstəmxanlı da onun haqqında qədirbilən və təqdiredici fikirlə­rini səmimiyyətlə yazıb. Onun Azərbay­can–Gürcüstan dostluğu ideyasını təkcə bu iki ölkənin mətbuatında deyil, eyni za­manda dünyada tanınmış, nüfuzlu, “No­voe russkoe slovo” (ABŞ), “Nezavisima­ya qazeta” (Rusiya), “İslami Birlik” (İran), “Sabah” (Turkiyə) kimi qəzetlərdə təbliğ etdiyini göstərib…

Şərif Kərimli idman jurnalisti deyil, amma çağdaş dövrümüzdə el pəhlə­vanlarından yazan usta yazıçı-publisist­dir. “Rəşid Pəhləvan”, “Sali Süleyman”, “Pəhləvan Müsəllim”, “Pəhləvanın taleyi” (Məhəmmədəli Qazaxlı haqqında) kimi əsərləri bunu deyir.

Onun digər yazılarına da doğuldu­ğu yurdun torpağının ətri, insanlarının comərd həyatının ritmi-yaşantısı, təbiə­tinin rəngi-səfası hopub. “Böyük fəlakə­tin astanasında”, “Bakıdan Borçalıya nə yaxınmış”, “Bir köç qayıdır geri”, “İflasa uğramış siyasət və gerçəklik”, “Hara ge­dirsən, ay evi yıxılmış?!”, “Mən qurban verildim”, “Borçalı agrıları”, “Gül verdik, güllə aldıq”, “Borçalıdan Bakıya bir köç gəlir – qaytarmalıyıq!..”, “İtirilən nəslin harayı” əsərləri günün, insan qayğılarının termoanalizi kimidir.

O, 1989-cu ildə qeydiyyatdan keçirdi­yi “Borçalı”, 1992-ci ildə təsisçisi olduğu “Sabah” qəzetlərində şovinizmi cəsarətlə qamçılayıb. Gürcüstanda millətçi şovinist qrupların içində katalizator rolunda çıxış edən ermənilərə qarşı mətbuatda etiraz səsini qaldıranlardan biri olub. Redaktoru olduğu “Azərbaycan” qəzetində daim Bor­çalı haqqında silsilə materiallar, vətəndaş məktubları, siyasi icmallar əksini tapıb. Borçalı əsilli ziyalılarla birgə səyləri “Bor­çalı” cəmiyyətinin yaranmasına gətirib çıxarıb. Bu gün Şərif müəllim “Borçalı” İB-nin sədridir.

Şərif Kərimli jurnalistikanın tədrisi ilə də məşğul olub. 10 ildən artıq pedaqoji fəaliyyət göstərib, gənclərə müasir jurna­listika məsələlərindən dərs verib. Hazırda isə Azərbaycan Respublikası Əqli Mülkiy­yət Agentliyinin “Əqli Mülkiyyət” jurnalının ədəbi redaktorudur. Bu sistemdə işlədiyi son 5 ildə “Azərbaycan milli musiqi alət­lərinin patentlə mühafizəsi”, “Azərbaycan brendləri”, “Haaqa sistemi” adlı elmi-prak­tik kitablar nəşr etdirib.

70 yaşında da şövqlə çalışan, yaz­maqdan zövq alan yazara daha böyük yaradıcılıq sevincləri arzulayırıq.

Dəyanət OSMANLI,
şair-publisist

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK