Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, tanınmış ictimai xadim, Xalq şairi Rəsul Rzanın anadan olmasının 114-cü ildönümü ilə əlaqədar Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar başda olmaqla qurumun rəhbərliyi, mərhumun ailə üzvləri, dostları və poeziya həvəskarları şairin Fəxri Xiyabandakı məzarını ziyarət ediblər.
Mərasim iştirakçıları şairin məzarı üzərinə tər güllər düzüb, onun xatirəsini ehtiramla anıblar. Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, Rəsul Rza Fondunun sədri, akademik Rafael Hüseynov şairin zəngin yaradıcılığından söz açıb, onunla bağlı xatirələrini bölüşüb. Tədbirdə şairin əsərlərinin fəlsəfəsindən, poetik məna çalarlarından bəhs edilib, onun “Qızılgül olmayaydı” poemasının milli poeziyanın repressiya qurbanlarına həsr olunmuş ilk və ən mükəmməl nümunələrindən biri olduğu bildirilib.
Hər il olduğu kimi, həmin gün Azərbaycan Yazıçılar Birliyində (AYB) Beynəlxalq Rəsul Rza Mükafatı laureatlara təqdim olunub. Fondun sədri akademik Rafael Hüseynov bildirib ki, Rəsul Rza XX yüzilliyin 2-ci yarısında hadisələrə, dünyaya, insanlara münasibətin daha çağdaş olması yolunda mühüm işlər görmüş ədibdir: “O, gəncliyə üz tutmuş şəxsiyyət idi. Zənnimcə, “Rəsul Rza” mükafatını alan hər bir şəxsin buna layiq görülməsinə bir səbəb var. Çox arzu edirəm ki, ən azı, laureatlar Rəsul Rzanı yaxşı oxusunlar, ətraflı mənimsəsinlər”.
Bu il 6 qələm adamının mükafata layiq görüldüyü bildirilib. Şəmsəddin Kuzəçi, Şəfəq Nasir, Faiq Balabəyli, Püstəxanım Hüseynova, Rizvan Sədrxanov və Aysel Xanlarqızına Beynəlxalq Rəsul Rza Mükafatı təqdim edilib.
Xalq yazıçısı Anar mükafata layiq görülən qələm adamlarını təbrik edib, Rəsul Rza yaradıcılığının təbliğinə görə onlara minnətdarlığını bildirib.