Professional musiqimizi zənginləşdirən sənətkar

by Samir Asadli

Zülfüqar Hacıbəyov – 140

 

Üzeyir Hacıbəylinin bəstəkar qardaşı

Görkəmli bəstəkar, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının banilərindən biri, Əməkdar incəsənət xadimi Zülfüqar Hacıbəyov milli mədəniyyət tariximizdə məxsusi yer tutan sənətkarlardandır.

Onun adı çəkiləndə öncə müəllifi olduğu ilk Azərbaycan operettası – “50 yaşında ca­van” əsəri yada düşür. Bu əsər milli teatr səh­nəmizdə komediya janrının ilk nümunəsidir. Sadə və əyləncəli məzmuna malik olan ope­rettanın mətnini də, musiqisini də Zülfüqar Hacıbəyov yazıb. Əsər ilk dəfə Tiflisdə, son­ra Bakı, Naxçıvan, İrəvan və Şuşada göstəri­lib. Zülfüqar Hacıbəyovun “11 yaşlı arvad” və “Evliykən subay” komediyaları da var.

Şuşa doğumlu musiqi korifeylərindən olan Zülfüqar Əbdülhüseyn bəy oğlu Hacıbə­yov hələ uşaq ikən incəsənətə maraq göstərib, istedadı ilə diqqət çəkib. Atası Xurşudbanu Natəvanın yanında mirzə işlədiyi üçün Zül­füqarın həm Xan qızı ilə görüşmək, həm də gözəl səs sahiblərinin ifalarını dinləmək im­kanı olub və o, musiqi sənətinə ömürlük kö­nül verib. Atasının vəfatından sonra 5 uşaqlı ailənin qayğıları böyük oğul olan Zülfüqarın üzərinə düşüb, erkən yaşlarından şəhər Du­ması və Qəza idarəsində kargüzar, Əkinçilik idarəsində müvəkkil işləyib. Amma məmur­luğu onun sənətə olan sevgisini üstələyə bilməyib. Tar alətini heç vaxt əlindən yerə qoymayıb. Gələcək bəstəkar musiqi biliklə­rini Azərbaycan xalq mahnılarından öyrənib. Məhz xalq musiqisi onun yaradıcılığının for­malaşmasında əsas amil idi.

Librettosu kiçik qardaşı – dahi Üzeyir Hacıbəyliyə aid olan “Aşıq Qərib” operası ilə Zülfüqar Hacıbəyov Azərbaycan bəstəkarlıq məktəbinə yeni bir cərəyan gətirib. Onun “Nüşabə” və “Üç aşiq və ya Məlikməmməd” (səhnələşdirilməyib) operaları da qeyd edil­məlidir. Ümumiyyətlə, klassik musiqimizin formalaşmasında Zülfüqar Hacıbəyovun rolu böyükdür. “Kölə qadınların rəqsi” adlı simfonik pyesi, bir sıra kantataları ustalıqla yaradıb. Ötən əsrin ilk rübündə məşhurlaşan “Kənd qızı”, “Çoban qız” və “Əsgər nəğmə­si” bəstəkarın ilk mahnıları sayılır.

Qardaşları Üzeyir və Ceyhun Hacıbəy­lilərin incəsənətdə formalaşmasında Zül­füqarın böyük rolu olub. Çoxlarının bilmədi­yi bir fakt da budur ki, 1911-ci ildə Zülfüqar bəy qardaşı Üzeyir bəylə birlikdə operetta artistləri truppası yaradıb. O dövrün bir sıra məşhur sənətçiləri truppanın tərkibinə daxil olub, Bakıda və Qafqazın başqa şəhərlərin­də tamaşalar göstəriblər. Truppanın qastrol səfərlərində repertuarı Üzeyir bəyin “Leyli və Məcnun”, “Əsli və Kərəm” operaları, “Ər və arvad”, “O olmasın, bu olsun” musiqili komediyaları, Zülfüqar bəyin “Aşıq Qərib” operası, “Evliykən subay” musiqili komedi­yasından ibarət idi. Sonralar bu truppanın ye­rinə “Türk aktyorları ittifaqı” yaradılmışdır.

Tanınmış pedaqoq, ictimai xadim Cəmo bəy Cəbrayılbəyli xatirələrində yazırdı ki, 1915-ci ildə o və Zülfüqar bəy Şamaxıda “Nicat” maarif cəmiyyətinin şöbəsini açmaq məqsədilə Üzeyir bəyin “Arşın mal alan” musiqili komediyasını tamaşaya qoyublar.

Zülfüqar Hacıbəyovun təsir göstərdiyi digər sənətkarlar arasında Müslüm Maqoma­yev, Hüseynqulu Sarabski, Hüseyn Ərəblins­ki də var. 1935-ci ildə oğlu – məşhur dirijor Niyazi ilə birlikdə Cəfər Cabbarlının eyniadlı pyesi əsasında çəkilən ilk səsli Azərbaycan filminə – “Almaz”a musiqi yazıb. Son əsəri 1950-ci ildə Zakir Bağırovla birlikdə yazdığı kantata olub.

Unudulmaz sənətkar 66 yaşında – 30 sentyabr 1950-ci ildə Bakıda vəfat edib. Bəstəkarın AMEA-nın Əlyazmalar İnsti­tutunda saxlanılan şəxsi arxivində tamam­lanmamış çoxlu librettolar, musiqi eskizləri var. Bunlar “Onda elə, indi belə”, “Yarış”, “Biçarə Xavər”, “Məşədi Xudu” operettaları, “Mən ağlaram, o gülər” komediyası, “Məlik­məmməd”, “Nüşabə” operaları və s. əsərlər, eləcə də məqalələr və məktublardan ibarətdir. İnişil bu zəngin irs haqqında tarix üzrə fəlsəfə doktoru Esmira Cavadovanın “Zülfüqar bəy Hacıbəyovun arxivinin təsviri” adlı kitab çap olunub.

Ötən onilliklər bir daha sübut etdi ki, Zülfüqar Hacıbəyov yaddaşlarda yaşamaq və daim ehtiramla xatırlanmaq haqqı olan görkəmli şəxsiyyətlərdəndir.

Ə.DOSTƏLİ

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK