“Qərbi Azərbaycan xalçaları: tarixi naxış yaddaşımız”

by Samir Asadli

Xalçaçılıq sənəti Azərbaycan xalq-tətbiqi sənətinin əhəmiyyətli növlərindən olmaqla yanaşı, bu peşənin ənənə və sirlərini xüsusi qayğı ilə nəsildən-nəslə ötürür.

Azərbaycan Milli Xalça Muzeyində “Qərbi Azərbaycan xalçaları: tarixi naxış yaddaşımız” sərgisi açılıb. Sərgidə Qərbi Azərbaycanın Göyçə, Zəngəzur, Ağbaba, Pəmbək və Loru mahallarına aid müxtəlif sənətkarlar tərəfindən toxunan 21 məşhur kompozisiyalı xalça və xalça məmulatı nümayiş olunur. Bunlar doğma yurd-yuvalarından didərgin salınmış soydaşlarımızın özləri ilə gətirdikləri, əziz, müqəddəs əşya kimi qoruduqları “Qasımuşağı”, “Ləmpə”, “Muğan”, “Qubadlı”, “Gəncə” və s. xalçalardır. Qadınlarımız toxuduqları xalçalara öz duyğu və hisslərini qatmış, onları  özünəməxsus etməyi bacarmışlar.

Əməkdar rəssam Tarıyel Bəşirovun eskizi əsasında muzeyin toxucuları tərəfindən ərsəyə gətirilən “Tarixin salnaməsi” xalçasının hazırlanmasında 100-ə yaxın rəng çalarında yun və ipək saplardan istifadə olunub.

Yeri gəlmişkən, sərgidə təqdim edilən xalçanın zəngin kompozisiyasını təşkil edən təsvir və ornamentləri canlandırmaq məqsədilə Qobustan qayaüstü rəsmlərinin, ov səhnələrinin, “Yallı” milli rəqsinin, ulu öndər Heydər Əliyevin sitatlarının, Novruz bayramının əsas atributu olan səməninin, alov rəmzi olan butanın və digər elementlərin animasiya videosundan ibarət videoproyeksiya da nümayiş olunur. Sərgidə ümumilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Milli sərvətimiz” adlı sənədli film də təqdim edilir. Filmdə Lətif Kərimov, Kamil Əliyev kimi görkəmli xalçaçı-rəssamlar haqqında kadrlar, həmçinin 1983-cü ildə Bakıda keçirilmiş Şərq Xalça Sənəti üzrə I Beynəlxalq Simpoziumundan görüntülər yer alır.

Sərgidə maraqlı kompozisiya quruluşu ilə seçilən xovsuz xalça “şəddə” və məişətdə geniş istifadə edilən xalça məmulatı “xurcun” da var.

Göyçə rayonunun Kəsəmən kəndindən olan Almaz Binnətovanın anasının toxuduğu xalça da burada nümayiş olunur. Onunla bu barədə danışdıq: – Sərgiyə iki xalça təqdim etmişəm. Onlardan birini anam, digərini isə qaynanam toxuyub. Onlar mənim cehizimdir. 1947-ci ildə anamın toxuduğu bu xalça “Məsim” adlanır. Qardaşımı evdə bu cür çağırardılar. (Əsl adı Yusifdir). Məsim isə  1914-18-ci illərdə Ermənistan-Azərbaycan arasında baş vermiş müharibədə həlak olmuş əmimin adıdır.  Evimizin yanında xalçatoxuma fabriki var idi. Anam ordan dəzgah alar, evə gətirər və xalçanı evdə toxuyardı. Haqqında danışdığım xalçanı da anam toxuyanda 11 yaşım vardı. Çoxuşaqlı ailə olduğumuza görə hər birimiz üçün ayrıca xalça toxuyar, aşağı hissəyə adımızı da qeyd edərdi.

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində təşkil edilən sərgi Mədəniyyət Nazirliyi, Milli Xalça Muzeyi və Qərbi Azərbaycan İcmasının birgə dəstəyi ilə ərsəyə gəlib. Sərgi 5 yanvar 2024-cü il tarixinədək davam edəcək.

Fidan SALMANOVA
XQ

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK