Qərbi Azərbaycanda yer adlarının dəyişdirilməsi davam edir

by Samir Asadli

Qərbi Azərbaycan əyalətinə sonradan köçən etnik mühacirlərin qədim yer adlarının dəyişdirilməsi istiqamətindəki səylərinə dövlət qurumları dəstək verir.

Belə hallar xüsusən son illər Qərbi Azərbaycan şəhərlərinin bələdiyyə və Şəhər Şuralarına mühacir etniklərin təyin edilməsindən sonra artıb.

Urmudan olan fəalların verdikləri məlumata görə, hazırda Soyuqbulaq(Mahabad)- Üşnü yolu üzərində olan “Azərbaycan” körpüsünün adının dəyişdirilərək İran-İraq müharibəsində həlak olan “Rüstəm İbrahimzadə” qoymaq üçün işlər aparılır.

Bu təşəbbüs və təklif Urmu Şəhər Şurasının kürd əsilli üzvü, Rüstəm İbrahimzadənin qardaşı oğlu Sasan İbrahimzadə tərəfindən irəli sürülüb.

Bununla yanaşı əyalətin “Bənd yolu” kimi tanınan böılgəsinin adının dəyişdirilərək kürdcə “Mamusta Beyzavi” qoylması təklif edilib.

Bunun qarşılığında etnik mühacirlər Urmu şəhərinin bələdiyyə başçısına inşa edilməkdə olan körpünün armatur, siment və başqa tikinti materialları veriləcəyi təklif edilib.

Bələdiyyə rəhbərliyi bu barədə yayılan məlumatları təsdiq etməsədə, Şəhər Şurasının üzvü Sasan İbrahimzadə bu barədə sosial mediada paylaşım edib.

Qeyd edək ki, “Azərbaycan” adının dəyişdirilməsinə səy göstərən Şəhər Şurasının üzvü Sasan İbrahimzadə SEPAH, Təhlükəsiz və Kəşfiyyat Nazirliyinin himayə etdiyi kürdəsilli narkonaron Naci Şərif Zindəştinin qohumudur.

Zindəşti hələ 2007-ci ildə İranda narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqəli açılmış cinayət işində tutularaq edama məhkum edilib.

Amma sonradan o, müəmmalı şəkildə istintaqdan yayınaraq Türkiyəyə “qaçmağa” nail olub.

2018-ci ildə isə İstanbul Prokurorluğu bu şəxsə qarşı silahlı cinayətkar birlik yaratma, narkotiklərin qanunsuz dövriyyəsi, adam oğurluğu və qəsdən adam öldürmə ittihamları irəli sürüb.

Lakin o, bundan bir müddət sonra hansısa gizli əllərin yardımı və ehtimal edilən anlaşmalar nəticəsində  yenidən İranda peyda olub.

Bir neçə siyasi mühacir və İran müxalifinin  oğurlanaraq ölkəyə gətirilməsində bir başa rol oynayan Naci Şərif Zindəşti hazırda Qərbi Azərbaycan bölgəsində “xeyriyyəçi və iş adamı” adı altında geniş biznes şəbəkəsinə başçılıq edir.

Zindəştinin başçılıq etdiyi qrupda ötən əsrin əvvəllərində Qərbi Azərbaycanda azərbaycanlılara qarşı soyqırım törədən İsmayıl Simitqonun nəvələri təmsil olunur.

Zindəşti və onun başçılıq etdiyi qrup üzvləri əyalət rəsmiləri ilə sıx əlaqəli fəaliyyət göstərir, Qərbi Azərbaycanda keçirilən parlament, bələdiyyə və şəhər şurası seçkilərində bölgəyə sonradan gələn kürd əsilli mühacirlərin seçilməsi üçün geniş kampaniya aparır, maliyyə dəstəyi verir.

Əyalətin kürd əsilli valisi Məhəmməd Sadiq Mötəmediyanla adı çəkilən qrupun və Naci Şərif Zindəştinin yaxın münasibətləri barədə dəfələrlə məlumat və görüntülər yayılıb.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK