20 ildən çox çalışdığım AzTV-də onlarla kənar müəllif və ştatlı işçilər görmüşəm. Bu müddətdə onların hər birini yaxından tanımışam. İndi bu barədə düşünəndə, istər-istəməz, onların arasında unudulmaz jurnalistlərdən birinin məhz Qəzənfər Qəribov olduğu qənaətinə gəlirəm.
Qəzənfər о qədər saf və səmimi insan, peşəkar jurnalist idi ki, qısa müddətdə kənar müəlliflikdən “Xəbərlər” proqramının baş redaktoru vəzifəsinə kimi yüksəlib. Bu istedadı duyan və qiymətləndirən Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətinin о vaxtki sədri Babək Hüseynoğlu olub.
Qəzənfər qısa, saf və isıqlı ömür yaşadı. Uşaqla da danışanda Məhəmməd Peyğəmbər (ə.s.) sayağı qızarar, geniş alnında narın tər damlaları görünərdi. Bu abır-həya təri onun yaraşıqlı üzünü nur selinə qərq edərdi.
Qəzənfərin redaksiyamıza gəldiyi günlər yaxşı yadımdadır. Üç-dörd gün dalbadal gördüm qonşu redaksiyanın qapısından bir az aralıda saatlarla bir oğlan dayanır, axşamüstü də sakitcə çıxıb gedir. Bir gün soruşdum ki, sən kimi gözləyirsən?
– Məni bu redaksiyaya göndəriblər, – dedi, – Kənar müəllif kimi işləməyə. Baş redaktorun yanında olmuşam, о da işçilərinə tapşırıb. İndi neçə gündü gəlib-gedirəm, məni nə dindirən var, nə bir iş, tapşırıq verən.
– Bəlkə bizim redaksiya üçün bir şey yazasan, amma hərbi mövzulardı bizimki. Marağın, həvəsin varmı hərbi mövzuya?
Utana-utana:
– Nə bilim, məsləhətdisə yazaram, – dedi.
Nümunə üçün ona efirə getmiş verilişlərin bir neçəsinin surətini də verdim ki, bunlarla tanış olsun. Buradan məktublarla necə işləməyin yolunu tapa bilər.
Üç-dörd gün keçmiş Qəzənfər hazır materialla gəldi. Məktublar əsasında axtarışlar aparıb orijinal bir ssenari yazmışdı. Rejissor və kinooperator ayırdıq. Özü onlarla çəkilişə başladı. Onun ilk verilişi о qədər uğurlu oldu ki, baş redaktor Yusif Kərimovdan xahiş elədim, ssenari müəllifi kimi Qəzənfərin imzasını da efirə verək. Ssenaridən və hazır verilişdən xoşu gələn baş redaktor etiraz eləmədi. Qəzənfərin ilk verilişini “letuçka”da təkcə həmin günün növbətçisi yox, bir neçə təcrübəli jurnalist də təriflədi.
Bizim “Hərbi vətənpərvərlik” şöbəsi “Gənclik” baş redaksiyasının tabeliyində idi. Bu redaksiyaya isə Respublika Komsomolunun Mərkəzi Komitəsi nəzarət edirdi. Oradan gələn məktublara, tapşırıqlara sözsüz əməl olunurdu. Bir dəfə məktub gəldi ki, radio kasetləri hazırlayan fabrikdən veriliş hazırlayaq. Məktubda qeyd olunurdu ki, orada müharibə, əmək veteranları var və gənclərin hərbi-vətənpərvərliyi yüksək səviyyədədir. Qəzənfər fabrikə gedib veriliş hazırladı və studiya yazılışına iki çıxışçı da gətirdi. О vaxtlar ciddi kinolent qıtlığı vardı. Lentə qənaət xatirinə çıxışları studiyada yazırdıq. Gələnlərin ikisi də qız idi. Verilişi yazıb qurtardıq, amma qızlardan biri getmədi. Bir xeyli foyedə gözlədikdən sonra bizim otağa gəldi. Ona dedim ki, çıxışınız normaldır, gedin, sabah axşam baxarsınız. O isə:
– İşiniz maraqlıdı, bir az baxmaq istəyirəm, – dedi.
Amma yalan deyirdi. Hiss edirdim ki, qız Qəzənfərdən gözünü çəkə bilmir. Onun hər addımını, duruşunu izləyir. Qəzənfər də utandığından qıza baxmırdı. Yanaqları allanmış qız xoş təbəssümlə:
– Olarmı, – dedi, – Qəzənfər məni avtobus dayanacağına kimi ötürsün?
– Olar, – dedim, – niyə olmur?
– Qəzi (onu həmişə belə çağırardım), – dedim, – bu xanım qızı apar, ötür. – Pul kimi qızaran abır-həyalı Qəzənfər çarəsiz razı oldu.
Heç 10 dəqiqə keçməmiş Qəzənfər qayıdıb gəldi.
– Nə oldu? – soruşdum.
– Avtobusa mindirdim, qoy, çıxıb getsin, çox üzlü qızdır.
O qız, təxminən, yarım aydan çox zəng vurub Qəzənfəri istədi. Qəzənfər isə telefona yaxın gəlmədi kli, gəlmədi…
Bir dəfə Xalq şairi Bəxtiyar Vahabzadənin adını çəkib dedi ki, 1-ci kursu bitirəndə kəndə getmişdim. Kəndimizin qocalarından Aşıq Şenniyin qoşmalarını, ağsaqqalların müdrik kəlamlarını toplayıb gətirdim. Hansı redaksiyaya apardım, hərəsi bir əmma qoydu. Bəxtiyar müəllim bizim fakültəyə görüşə gələndə makinadan çıxartdığım həmin yazıları ona verdim ki, oxusun, rəiyini desin. İndi 4 ildən çoxdu, geri ala bilmirəm.
– Nahaq, – dedim, get iş yerinə, al gətir.
Bu həyalı adamın şairin yanına getməyi 3 aydan çox çəkdi. Hər dəfə yadına salanda “yaxşı” deyirdi, amma hiss edirdim ki, getməyə utanır. Bir gün Qəzənfərin adından Bəxtiyar müəllimə zəng elədim. Sаlam-kəlamdan sonra yazıları istədim. – Səhər saat 12-də kafedraya gəl, – dedi. Qəzənfər “uça-uça” gedib yazıları alıb gətirdi…
Aşıq Şenniyin qoşmalarında fani dünyadan şikayət, Fələyin qansızlığı, bir sözlə, Qəzənfər Qəribovun yarımçıq ömrünün təsviri var.
Şəmistan NƏZİRLİ