Qafqaz uğrunda mübarizə artıq diplomatiyadan rəsmi addımların atılması mərhələsinə qədəm qoyub

by Samir Asadli

Fəzail İbrahimli Milli Məclis sədrinin müavini

Bu gün Qafqaz regionu Ermənistan vasitəsilə Qərblə Rusiya arasında bir geosiyasi mübarizə bölgəsinə çevrilib.

Bunu Ölkə.Az-a açıqlamasında Milli Məclis sədrinin müavini Fəzail İbrahimli deyib.

Onun sözlərinə görə, Qafqaz uğrunda mübarizə artıq diplomatiyadan rəsmi addımların atılması mərhələsinə qədəm qoyub.

“Məlumdur ki, bu proseslər Rusiyanın Ukrayna cəbhəsində üzləşdiyi  problemlər fonunda baş verir. Ukrayna məsələsində həm Rusiya, həm də Qərb yanıldı. Rusiya hesab edirdi ki, Ukraynanı ən qısa zamanda fəth edəcək. Ancaq alınmadı. Qərb də yanıldı ki, ciddi sanksiyalarla Rusiyanı çökdürəcəklər. Lakin Rusiyanı məğlub etmək düşüncəsi alınmadı. Proses uzanır və Qərb yeni bir cəbhə açmaq istəyir. Bu da Qafqaz cəbhəsidir”, – millət vəkili  qeyd edib.

Vitse-spiker bildirib ki, istər Qərb olsun, istərsə də Rusiya son 30 ildən yuxarıdır ki, Qafqaz  cəbhəsində Ermənistan layihəsini ortaya atıb ona uyğun mübarizə aparırlar: “Ötən dövrdə Ermənistan layihəsi bunlar üçün çox uğurlu alındı. Bu yolla Qafqazda öz maraqlarını təmin etməyə çalışırdılar. Lakin Azərbaycan bu güclərin Ermənistan və Qarabağ layihəsini iflasa uğratdıqdan sonra həmin qüvvələrin əsl siması ortaya çıxmağa başladı.

ABŞ və Avropanın indiki əsas planı Ermənistanı Rusiyanın əlindən çıxarmaqla Qafqazdan uzaqlaşdırmaqdır. Məqsəd bundan ibarətdir. Aprelin 5-də ABŞ-Aİ-Ermənistan görüşü də bu məqsədə xidmət edir”.

Milli Məclis sədrinin müavini əlavə edib ki, 5 aprel görüşü ilə bağlı ABŞ Dövlət katibi Entoni Blinkenlə Azərbaycan Prezidenti arasında telefon danaışığı zamanı bütün bu məsələlər geniş şəkildə müzakirə edilib: “Qərb yaxşı anlayır ki, Azərbaycansız Qafqazda hər hansı uğuru əldə etmək qeyri-mümkündür. Ona görə də 5 aprel görüşün və prosesləri elə qələmə verməyə çalışırlar ki, guya bunlar Azərbaycana qarşı yönəlməyib.

Burada diqqəti digər bir məqama yönəldərək qeyd etmək istərdim ki, son bir ildə istər Qərb rəsmiləri, istərsə də Avropanın strukturları olan AŞPA, Aİ, Avropa Parlamenti Azərbaycanın Ermənistan hücum edəcəyi ilə bağlı əsassız və qərəzli fikirlər səsləndirirdilər. Bunun alt qatında tamamilə başqa məsələ var idi. Onlar yaxşı bilirdilər ki, Azərbaycan topraqlarını işğaldan azad edərək öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyindən Ermənistana hücum etməyəcək. Baxmayaraq, Ermənistan əraziləri tarixi torpaqlarımızdır, amma Azərbaycanın başqa bir dövlətə hücum niyyəti də yoxdur. Azərbaycan digər məsələləri də sülh yolu ilə həll etməyə çalışır. Əslində bu Azərbaycana qarşı bir informasiya müharibəsi olmaqla yanaşı, həmin güclərin bölgədə mövqelərini möhkəmləndirməyə xidmət edirdi. Ona görə də Fransa bu məsələdə daha çox canfəşanlıq edirdi və etməkdədir. Amma görürlər ki, bu cür istəklərinə nail olmaq mümkün deyil.

Hazırda yaranmış durumda Ermənistan çox çətin və mürəkkəb bir vəziyyətlə üz-üzədir.  Ermənistan özünü siyasi qumara qoyub.

Burada Azərbaycanın itirəcəyi bir şey yoxdur. Çünki nə Ermənistan elə bir gücdə deyil ki, Azərbaycan qarşı hər hansı hərbi əməliyyat keçirsin, nə də ABŞ, Fransa gəlib ermənilərin əvəzində burada savaşası deyil. Bir daha deyirəm ki, bütün bu proseslərin bir məqsədi var, o da  Rusiyanı bölgədən sıxışdırıb çıxarmaq. Ermənistanı KTMT-dən uzaqlaşdırmaq və Rusiyanın Ermənistandakı hərbi bazasının çıxarılmasına nail olmaq. Bu yolla Qafqazı öz təsir dairəsinə almaq istəyirlər”.

Ermənistanın Avropanın dəstəyi ilə bəzi ölkələrdən silahlanmasına gəldikdə isə vitse-spiker deyib ki, bu, bir biznesdir: “Bildiyiniz kimi, ABŞ prezidenti Co Bayden hərbi sənaye kompleksinin əli ilə hakimiyyətə gəlib və o, prezident seçildiyi gündən dünyanın müxtəlif bölgələrində müharibələr törətməklə silah biznesinin inkişaf emtəsinə geniş imkanlar açıb. Ermənistanın silahlandırılması, Hindistan və Fransadan silah alması, Azərbaycan üçün arzuolunan məsələ olmasa da, amma bu, bir biznesdir. Çünki Azərbaycan Cənubi Qafqazda söz sahibidir. Ermənistan da o gücə malik deyil ki, Azərbaycana qarşı hər hansı cəhddə bulunsun. Ona görə də Qərbin sonunda Azərbaycanla dil tapmaqdan başqa çarəsi yoxdur. Bilirlər ki, Azərbaycansız bölgədə heç nəyə nail ola bilməyəcək. Bunun üçünsə ilk növbədə Ermənistanla Azərbaycan arasında sülh sazişi imlzalanmalı və sərhədlər müəyyənləşdirilib iki ölkə arasında normal münasibətlərin qurulması istiqamətində konkret addımlar atılmalıdır. Bundan sonra Ermənistanın hansı daxili və ya xarici siyasət yürütməsi, Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etməyəcək”.

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK