Ötən əsrin 90-cı illərinin əvvəllərində Dövlət Ədəbiyyat və İncəsənət Arxivində şöbə müdiri işləyən Maarif Teymurov (sonralar həmin arxivin direktoru təyin edilmişdi) tez-tez mənə maraqlı tarixi materiallar verirdi. Mən isə onları yazıya, eyni zamanda, qonorara çevirirdim.
“Səhər” qəzetinə verdiyim həmin yazıları oxuyanda redaktor Məzahir Süleymanzadə özünü “bir az tox tutsa da” (yəni məndə özündənrazılıq hissi yaranmasın deyə), Süleyman Qaradağlı, Zöhrab Əmirxanlı və Surxay Hüseynli hər dəfə razılıq edirdilər. Zöhrab deyirdi ki, kaş, mən qəzet redaktoru olaydım. Xalq Cümhuriyyəti tarixinə aid bu materiallara görə isə sənə nə qədər qonorar yazardımsa, bir Allah bilərdi.
Allah mənə Zöhrabın həmin “döşünə döyməsi”ni sınaqdan çıxarmaq imkanı da verdi. Yəni Zöhrab sonralar “Hürriyyət” qəzetinin redaktoru oldu və mən ona Rusiya ərazisindəki türk xalqlarının tarixi, mədəniyyəti, talan edilən təbii sərvətləri haqqında elə rus mətbuatından tərcümə etdiyim yazıları göndərməyə başladım. Bəs, o nə etdi? Hər yazıma “Səhər”dəkindən qat-qat artıq qonorar yazdı.
…Sonralar onun ömür-gün yoldaşı, tanınmış jurnalist Mehriban Əbülfətqızının vaxtsız vəfatı hamımızı sarsıtdı. Bu faciəni Zöhrabın bütün dost və həmkarları birlikdə yaşadılar. Hamımız bu məkrsiz, fitnə-fəsadsız insanın dərdinə şərik olmağa çalışdıq.
Daha sonra mən Bayıla, Jurnalistlər şəhərciyinə köçdüm. Hər gün işə – Bülbül prospekti 18-ə gələndə avtobusdan Dövlət Bayrağı meydanında düşür, dənizkənarı bulvarla gəlirdim. Demək olar ki, Zöhrabı hər səhər orada görürdüm. Gah qucağında balacaboy, ağımtıl bir it olurdu, gah da iti buraxaraq, kiminləsə ucadan danışıb astadan gülürdü. İçində özü boyda kədəri olsa da, kiminlə söhbət etməsindən asılı olmayaraq, daim nikbin görünürdü. Amma nikbin olmadığını hamı bilirdi.
Çox keçmədi ki, onun da ölüm xəbərini eşitdik. Mən rayondan Bakıya yenicə qayıtmışdım, İlqar Həsənov zəng elədi ki, gəl, ora gedirik. Gəldim, getdik və ertəsi günü “Facebook”da şeirə bənzəyən bir neçə cümlə yazdım:
Bir oğlan gəzirdi sahildə hər gün –
Gah bir ağımtıl itlə,
Gah da al-qırmızı köynəklə.
Ağ da onluq deyildi, al da onluq deyildi.
Dolaşırdı bulvarda
içindəki Mehriban göynəklə…
Bizim iş yerimizə yaxın ərazidə yaşayırdı. “Hər səhər bir oğlan gedirdi Bülbül prospektilə, sarı bulbul kimi əlvan geyimli. Cəh-cəhi yoxuydu, səsi yoxuydu, zümzümə deyirdi addımlarına. Elə bilirdim ki, hər tində dayanıb köks ötürür. Elə bilirdim ki, tam orijinal olan, heç kəsdə görmədiyim təbəssümüylə asfalta, daşa, divara nəsə deyir”.
O ki qaldı, onun “partizanlığına”, bir müsahibəsində demişdi: “Təxminən, 13 yaşım vardı. Gecə vaxtı evə qayıdarkən bir çoban iti üstümə cumdu və mən bərk qorxdum. Səhəri başladım çoxlu su içməyə. Sutkada 20 litr su mənə kifayət eləmirdi. 40 illik şəkərli diabet xəstəliyim belə başladı”.
Sonrasını demirdi. Amma hamı bilirdi ki, jurnalistikaya öz fərdi yanaşması, yazı üslubu olan Zöhrabın hansısa iş yerində “duruş gətirə bilməməsi” də məhz həmin xəstəliyin fəsadları idi. Xırdaca, şirvanlılar demiş, bir cıkkın haqsızlıq, ədalətsizlik görən kimi oradan çıxıb gedirdi. Dostları onu “söz partizanı” adıandırsalar da, onunku partizanlıq yox, etirazın Zöhrab variantı idi. Dostlarından biri onun qara xəbərinin ertəsi günü yazmışdı ki, Zöhrab iliyinə qədər jurnalistdir.
Allah rəhmət eləsin!
İttifaq MİRZƏBƏYLİ,
Əməkdar jurnalist