Türk insanının modern dastanı
Bütün yaxşı yazıçılar kimi, Nobel mükafatı laureatı Orxan Pamukun da uğuru sadə bir hekayə anlatdığını zənn etdiyiniz zaman qəfildən oxucunu mürəkkəb, xaotik situasiyalara çəkməsindədir. “Qara kitab” romanı məhz belə əsərlərdəndir.
Bu əsər, sanki, bir-birilə daban-dabana zidd düşüncədə olan iki fərqli oxucu üçün yazılıb. Üst qatdakı sadəliyi tutub gedən oxucu ilə alt qatları fəhm edən oxucu bir müstəvidə qarşılaşır; romanın strukturu istənilən situasiyada hər iki oxucunu məmnun etmək üçün qurulmuş bir oyuna bənzəyir.
Romanın qəhrəmanı Qalib bir qış günü itkin düşmüş həyat yoldaşı Röyanı İstanbulun qaranlıq, qarlı küçələrində axtarmağa başlayır. Bütün səyləri nəticəsiz qalır. Bir müddət sonra ona yardım edəcək əsl işarələrin qohumu Cəlal Salikin köşə yazılarında gizləndiyini zənn edir və izləri burada axtarır. Bu yazılarda Röyanın izi-tozu belə yoxdur. Bəs Qalib bu yazıların hansı köşəsində Röyanın nəfəsini sezir? Pamukun bənzərsiz üslubu oxucunu da tələyə salır, o da bu axtarışa qoşulur. Cəlal Salikin təsvir etdiyi gecəqonduların, siyasi cinayətlər, çevrilişlərlə kölgələnmiş ölkənin hansı bucağındadır Röya?
Beləcə, Orxan Pamukun özünün də zövq aldığı bu oyuna oxucunu da qoşur. İşin qəribə tərəfi isə budur ki, Cəlal da Röya itən gün ortalıqdan qeyb olub. Qalibin yol işarələri təkcə Cəlalın köşə yazılarından ibarət deyil. Yaddaş – bir zamanlar dərinlərə gömülmüş hafizə də Qalibin köməyinə gəlir. Bu axtarış macərası təsiredici cümlələrlə davam edir:
“Birlikdə getdiyimiz bir qonaqlıqda, ağır havası siqaret dumanıyla maviləşmiş otaqda səndən üç addım o yanda oturan bir nəqledicinin hekayəsini diqqətlə dinləyərkən gecənin bir yarısı o “mən burada deyiləm” ifadəsi ağır-ağır üzündən oxunanda səni sevirdim. …Siqaret kötüklərilə dolub-daşan külqabıya, qara başlarını ümidsizcəsinə yana bükmüş kibrit çöplərinə baxarkən kədərli düşüncələrin məni özümdən alıb, kim bilir, haralara apardığı zaman səni sevirdim”.
Buna bənzər müdhiş lirik ayrıntılarla nəql olunan itkin sevgili mövzusu, əlbəttə, yeni söhbət deyil. Ədəbiyyat tarixində bunun saysız örnəkləri var. Amma Pamukun bu mövzunu özündən əvvəlki yazıçılardan daha fərqli bir niyyətlə, dərində gizlənən başqa bir mətləb üçün istifadə etdiyini anlayırıq. Bir köşə yazısı ilə Qalibin axtarış macərası paralel şəkildə irəliləyir və əsərin üzdə görünən strukturu beləcə tamamlanmış olur. Ancaq bir müddət sonra vəziyyət getdikcə mürəkkəbləşir. “Qara kitab” tədricən axtarış və yol romanı çərçivəsindən çıxaraq bambaşqa bir mövzuya fokuslanır. Pamukun qeyri-adi manevrləri bir anlıq oxucunu çaşdırır. Cümlələri oxuyarkən qəfildən fərqinə varırsan ki, əslində, Qalibin öz arvadını axtarması artıq şəxsi məsələlikdən çıxır və bir xalqın özünü axtarması prosesi başlayır.
“Qara kitab”ın bir roman olaraq gücü məhz bu məqamda üzə çıxır. Bilmirəm, oxucu bu sirrə hansı məqamda vaqif olur, mən bunu bədii sənət ustasının düzəltdiyi manekenlərin vitrinə çıxmaq üçün dəhlizlərə düzüldüyü səhnədə fəhm etdim. Usta düzəltdiyi manekenlərin bir gün vitrinə çıxacağına inanır. Lakin onun gözləntiləri heç zaman reallaşmır. Oğlu düşünür ki, “atam bir gün insanlarımızın bir-birini təqlid etməyəcək qədər xoşbəxt ola biləcəyinə ümidini kəsmədi”. İnsanlar özü ola bilmir, sanki hamısı yapma firuqlardır. Bəs, özümüzü necə, nə zaman tapacağıq? Orxan Pamuk oxucunu upuzun bir yola çıxarır – İstanbulun qaranlıq, kimsəsiz küçələrindən keçirib bu sirli mətnin içində dolaşdırır. Tap özünü görüm, necə tapırsan!
Üzünü hansı səmtə (Qərbə, yoxsa Şərqə) döndərməyə qərar verə bilməyən insanın – toplumun mənəvi böhranı… Əslində, yazıçının bütün əsərlərində ideoloji seçim qarşısında qalmış insanların taleləri təsvir edilir. “Qara kitab” isə insan düşüncəsində daha dərin özüllər atır. Oxucunun zehnində sual işarələri çoxalır, cavablar isə alt qatdadır. Bunun üçün bir düşüncə zəlzələsi lazımdır. “Qara kitab” oxucunun beynində o “zəlzələ”ni yarada bilir. Orxan Pamuk dünya ədəbiyyatının müxtəlif əsərlərinə göndərmələr edərək, bu böhranı daha geniş bir məkanda göstərməyi bacarır. “Məsnəvi”dən “Məntiqüt-teyr”ə, “Hüsnü-eşq”dən “Min bir gecə nağılları”na, Dostoyevskidən Prusta, Coysa qədər mənəvi əraziləri dolaşıb sonda türk insanının özünü tapması üçün yol işarələri yaradır. “Qara kitab” türk insanının modern dastanıdır.
Kənan HACI,
yazıçı-publisist