Avqustun 12-dən Şərqi Azərbaycan əyalətinin Qaradağ meşələrində başlayan yanğın davam edir.
Onlar yanğının genişlənməsinin qarşısının alınması üçün məcburi şəkildə yerli əhalinin səfərbər olduğunu yazıblar.
Son 6 gün ərzində 250 hektar meşə sahəsinin yanaraq məhv olduğunu deyən ətraf mühit fəalları bunun Süngün Mis Mədəninin yeni qazıntılar aparması ilə əlaqəli ola biləcəyini, yanğının qəsdən törədildiyini qeyd edirlər.
“Meşə zolağını məhv etdikdən sonra Süngün Mis Mədəninin istixracçıları ətraf mühitə vurulan ziyan üçün heç bir ödəniş etmədən yeni qazıntılara başlayacaqlar”,- fəalların paylaşımlarında vurğulanıb.
Qeyd edək ki, Qaradağ meşələrinin 164 min hektar sahəsi var, bu sahədən 148 min hektarının qoruma altında olduğu elan edilsə də, mədən istismarçıları onun qorunub saxlanılması qaydalarına riayət etmirlər.