Azərbaycanda Qazaxıstan mədəniyyəti günləri bu gün başa çatır
Səhnə tərtibatı gözoxşayandır. Tamaşanın quruluşu maraqlıdır, aktyorlar isə səhnədə elə bil, plastilindən yoğrulublar. Bir sözlə, sənət estetikası. Söhbət Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində Q.Musrepov adına Qazaxıstan Dövlət Akademik Uşaq və Gənclər Teatrının oynadığı “Qaragöz” tamaşasından gedir.
Əvvəlcə onu deyim ki, dekabrın 2-dən Azərbaycanda Qazaxıstan mədəniyyəti günləri başlayıb. Mədəniyyət günləri Beynəlxalq Muğam Mərkəzində Qazaxıstanın “Hassak” etno-folklor ansamblının solo konserti ilə açıq elan olunub. Sonra Heydər Əliyev Mərkəzində Qazaxıstan təsviri sənət sərgisi açılıb. Ardınca Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində Q.Musrepov adına Qazaxıstan Dövlət Akademik Uşaq və Gənclər Teatrı “Qaragöz” tamaşasını oynadı.
“Qaragöz” əsəri qazaxların klassik ədəbiyyat nümunələrindəndir. Muxtar Auezovun məşhur faciələrindən biri olan bu əsər azadlığa qovuşa bilməyən, adət-ənənələrin qurbanı olmuş gənclərin taleyindən bəhs edir. Müəllif özü qazax dramaturgiyasının “Qızıl fond”unda yer alan bu əsərin ideyasını belə izah edib: “Tamaşanın ümumi mövzusu istedadlı gənclərin öz arzularının ardınca getmək istəklərinin qarşısında mühitin yaratdığı maneələr və onların məhvə sürüklənməsidir”.
Tamaşa iki gəncin Qaragözlə (Mədinə Öserbayeva) Sırımın (Maksat Raxmet) obrazında bütün qazax gənclərinin həyatını əks etdirir. Gənclər düşdükləri qaranlıqdan çıxmağa, azad nəfəs almağa çalışırlar, ancaq ailə dəyərləri, adət-ənənələr onların məhvinə fərman verir. Bir-birinə möhkəm sarılıb ətraf mühitə müqavimət göstərməklərinin kökündə də yalnız sevgi deyil, həm də o sevgidə tapdıqları işıq durur. Həyatlarının yeganə işığı yaşadıqları sevgidir. Bu həm də onların həyat üçün yeganə ümididir.
Dünya ədəbiyyatında bu mövzuya misal çoxdur. Şekspirin “Romeo və Cülyetta”sı, Füzulinin “Leyli və Məcnun”u həmin qəbildəndır. Hər ikisində süjet xətti yalnız bəşəri sevgi deyil, həm də qaranlıqdan günəşə doğru çıxış axtarmaq cəhdidir. Etiraz yalnız onların sevgisinə mane olan valideyinlərə deyil, həm də onları məngənə kimi sıxan mühitə, zəmanəyə, tabulara, adət-ənənəyədir.
Qəhrəmanının dilindən də bu səslənir: Qaranlıq kimi bədbəxtliyin ortasında tək işığam”. Yaxud Qaragözün dilindən: “Dünya bir yana, sən bir yana, dünyam sənsən”.
Qaragözlə Sırımın sevgisi müəllifin də dediyi kimi, daşa bağlanır. Qəbilə ənənəsinə görə bir-birinə qovuşa bilməzlər. Üstəlik, Qaragözu başqa tayfadan olan Narşə verirlər. “Leyli və Məcnun”da olduğu kimi, burda da Narş Qaragözü həm anlayır, həm də adətlərə qarşı çıxa bilmir. Narşın yüksək mənəvi dünyası, Qaragözü həm başa düşmək, həm də ona rəğbət bəsləmək bacarığı onu bədii ədəbiyyatda bənzərsiz personajlarından birinə çevirir. Bir-birini dəlicəsinə sevən iki gənc bütün bu janrlı klassik ədəbiyyatda olduğu kimi, burda da ölümə məhkumdur. İztirab və ümidsizlik Qaragözün ölümü ilə nəticələnir. Köhnəlik və cəhalətlə mübarizəsini davam edən Sırım məşhur el şairi olur, lakin bütün ömrünü tək yaşayır.
Tamaşadan sonra baş rollardan birinin, Sırımın ifaçısı Maksat Raxmetlə söhbət zamanı aktyor dedi ki, klassik ədəbiyyatdan o qədər də irəli gedə bilməmişik:
–Düzdür, bəzi adət-ənənələr öz aktuallığını çoxdan itirib, amma bəziləri bu gün də həyatımıza mane olmaqda davam edir.
Aktyor onu da bildirdi ki, “Qaragöz” tamaşası Qazaxıstanda bu janrda oynanılan ilk tamaşadır: “Yəni tamaşa həm şeir, həm musiqi dili ilə, mistik hadisələrlə müşayət olunur”.
Qazax aktyoru ilk dəfə Bakıda olduğunu və şəhəri çox sevdiyini deyir: “Azərbaycan tamaşaçısı çox xoşuma gəldi, teatra, tamaşaya münasibət burda bir başqadır”.
Raxmaq Maqsadbəyoğlu bildirdi ki, Qazaxda teatrın əsası 1926-cı ildə qoyulub: “Bunu ona görə dedim ki, mənim çalışdığım Qazaxıstan Dövlət Akademik Uşaq və Gənclər Teatrıın tarixi qədimdir. Bu il onun 80 yaşı tamam olur. Bu tamaşa da teatrın yubileyinə həsr olunub. Tamaşa Azərbaycandan əvvəl Türkiyənin müxtəlif şəhərlərində qastrolda olub, Daşkənd teatr festivalında iştirak edib”.
Dramaturq Əli Əmirli tamaşanı çox bəyəndiyini dilə gətirdi:
–Plastika, quruluş çox xoşuma gəldi, dillərini anlamadım, amma tamaşanı anladım, çünki sənət dili yüksək səviyyədədir.
Eyni fikirləri sənətşünas Məryəm Əlizadə də söylədi: “Bu gün bir sənət nümunəsinə tamaşa etməklə teatr bayramı yaşadım. Həm də çox sevindim. Qazax teatrı ilə tanışlıq xoş hisslər yaratdı. Biz bir-birimizn sənəti, dili ilə tanışlığa çox gecikmişik, ümid edirəm, bu gündən sonra belə bayramlar çox olar”.
Tamaşanın quruluşçu rejissoru Fərhad Moldağali, xoreoqraf Şirin Mustafina, geyim rəssamı Alma Sırbayevadır. Musiqi bəstəkar Oljas Jakypbekə məxsusdur.
Onu da deyim ki, Bakıda Qazaxıstan Mədəniyyət günləri bu gün başa çatır. Yekun tədbir Heydər Əliyev Mərkəzində dost ölkənin incəsənət ustalarının qala-konserti ilə olacaq.
Ramilə QURBANLI