Qazaxıstan teatrı Azərbaycan səhnəsində

by Samir Asadli

Q.Musrepov adına Qazaxıstan Dövlət Akademik Uşaq və Gənclər Teatrının Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində təqdim etdiyi “Qaragöz” tamaşası maraqla qarşılanıb. 

Klassik qazax ədəbiyyatı nümunələ­rindən sayılan “Qaragöz” əsəri köhnə adət-ənənələrə hədəf olmuş 2 gəncin saf məhəbbətinin uğursuz hekayətidir. Qə­bilə ənənəsinə görə, bu gənclər bir-biri ilə ailə qura bilməzlər. Onların sevgisi kimi həyatları da ölümə tuş gəlir. İztirab və ümidsizlik sonda Qaragözün ölümü ilə nəticələnir. Köhnəliklə mübarizə apa­ran Sırım isə məşhur el şairi olur, öm­rünün sonunadək tək yaşayır… İnamlı və məharətli oyunu ilə yaradıcı heyət üzərinə düşən vəzifənin öhdəsindən la­yiqincə gəldi və ölkəmizdə Qazaxıstan Mədəniyyəti Günlərinin seçilən bir təq­dimatına nail oldu.

Tamaşadan sonra baş rollardan birinin – Sırımın ifaçısı Maksat Rax­met XQ-yə açıqlamasında dedi:

– Düzdür, bizim günlərdə bir çox ziyanlı el qaydaları öz aktuallığını iti­rib, amma bəziləri bu gün də həyatımıza mane olmaqda davam edir. Unudulmaz yazıçı-dramaturq Muxtar Auezovun bir əsr yaşı olan bu əsərində məhz həmin problemdən bəhs edilir. Tamaşa Azər­baycandan əvvəl Türkiyənin müxtəlif şəhərlərində, Daşkənd teatr festivalında eyni uğurla oynanılıb.

Qazax aktyor Bakıda ilk dəfə ol­duğunu və şəhəri çox sevdiyini də söy­lədi: 

– Füsunkar paytaxtınız var. İkinci belə qonaqpərvər bir şəhər tanımıram. Yeməkləriniz də çox dadlıdır. Sizin ta­maşaçı da fərqlidir. Teatra, tamaşaya münasibət də burda diqqətçəkəndir. Qazax və Azərbaycan mədəniyyətləri bir- birinə çox yaxındır. Bu da eyni kökə bağlılığımızdan irəli gəlir. Burada öy­rəndim ki, Azərbaycan teatrının 150 yaşı var. Demək, sizdən çox şey öyrənə bilə­rik. Ümid edirəm ki, qarşılıqlı mədəni münasibətlər ölkələrimiz üçün bundan sonra da faydalı olacaq.

Yazıçı-dramaturq Əli Əmirlinin tamaşa barədə söylədikləri:

– Plastika, quruluş çox xoşuma gəldi, sənət dili yüksək səviyyədədir. 1 saatdan artıq çəkdi, amma darıxdırıcı ol­madı, əksinə musiqi, aktyorların şeir dili hamıya çox maraqlı gəldi. İnanmaq istə­yirəm ki, bu bizim qazax teatrı ilə ilk ta­nışlığımız olsa da, sonuncu olmayacaq.

Sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə isə belə dedi:

– Bu gün bir sənət nümunəsinə ta­maşa etməklə ölkəmizdə teatr bayramı­nın şahidi olduq. Qazax teatrı ilə tanış­lıq xoş hisslər yaratdı. Biz bir-birimizin sənəti, mənəvi dünyası ilə tanışlığa bir qədər gecikmişik, amma ümid edirəm ki, belə təqdimatlar sayəsində daha da yaxınlaşacağıq. Belə sənət bayramları­nın tez-tez olmasını arzulayıram.

Ramilə QURBANLI

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK