Qocaman aktyorun gənclik həvəsi

by Samir Asadli

Məzahir Süleymanov – 80

Xalq artisti Məzahir Süleymanov. Bu ad və soyad sənətsevərlərə yaxşı tanışdır. Çünki bu aktyoru həm teatr səhnəsində, həm də televiziya ekranlarında uzun illərdir ki, görür, ustalıqla yaratdığı obrazları maraqla izləyirik. 

Bəziləri onu oynadığı müsbət obraz­larda sevir, bəziləri də yaratdığı mənfi obrazlara görə yamanlayırlar. Deməli, aktyor oynadığı hər bir obrazı sevərək yaradır və onun ərsəyə gəlməsinə böyük zəhmət sərf edir.

Məzahir Süleymanovu 48 ildir ki, ta­nıyıram. Mənim və başqa rejissorların quruluş verdiyi çoxlu tamaşada maraqlı obrazlar yaratdığından onun haqqında qətiyyətlə bu sözləri deyə bilərəm: çox zəhmətkeş, məsuliyyətli sənətçidir və yaratdığı hər bir rola son dərəcə ciddi yanaşır. Ən kiçik rolları belə böyük obraz səviyyəsinə yüksəldə bilir. Bu isə hər ak­tyora nəsib olan xüsusiyyət deyil. Bunu yalnız əsl ustad sənətkarlar bacarırlar.

Məzahir Həbulla oğlu Süleymanov 1944-cü il yanvarın 29-da Zərdab rayo­nunun Məmmədqasımlı kəndində ana­dan olub. Orta məktəbi bitirdikdən sonra Bakının Razin (indiki Bakıxanov) qəsə­bəsində 2 nömrəli texniki peşə məktə­bində çilingər peşəsinə yiyələnib, eyni zamanda Montin qəsəbəsindəki “Elm və Texnika” Mədəniyyət Sarayında fəaliy­yət göstərən dram dərnəyinin üzvü olub. Aktyorluğa həvəs Məzahirdə elə həmin vaxtdan yaranıb. Bir müddət ayrı-ayrı müəsisələrdə çilingər işləyib və 1963-cü ildə Azərbaycan Dövlət İncəsənət İns­titutunun (indiki Dövlət Mədəniyyət və İncəsənət Universiteti) dram və kino akt­yorluğu fakültəsinə daxil olub. Elə həmin ildə ordu sıralarına gedib, 4 il hərbi dəniz donanmasında xidmət edib. Əsgərlikdən sonra ali təhsilini davam etdirib.

O, 1972-ci ildə ali məktəbi bitirərək Sumqayıt Dövlət Dram Teatrına göndəri­lib. Uzun illər, təxminən 42 il bu teatrda aktyor kimi çalışıb. Sənətkarlığı sayəsin­də 2006-cı ildə Əməkdar artist, ikicə il sonra isə Xalq artisti fəxri adlarına layiq görülüb, ali dərəcəli ustad sənəkara çev­rilib. Bu gün Azərbaycanda əksər akt­yorlar onun oynadığı rolların siyahısına baxıb həsəd apara bilərlər. Milli drama­turqların ən maraqlı pyeslərindən tutmuş, dünya klassiklərinin inci əsərlərinə qədər oynadığı tamaşaların sayı 100-dən ar­tıqdır. Əksərən də əsas və baş rollarda. Məzahir Süleymanov Sumqayıt teatrında işlədiyi illər ərzində, demək olar ki, bütün tamaşalarda oynayıb. Çünki quruluşçu rejissorlar çox istəyiblər ki, belə istedadlı aktyor onların hazırladığı tamaşada müt­ləq rol alsın.

Məzahir Süleymanovun çoxsaylı tək­rarsız obrazları var. Jan Batist Molyerin “Skapenin kələkləri”ində Oktav, Eqon Rannetin “Azmış oğul”unda Lembit, Na­zim Hikmətin “Domoklın qılıncı”nda Arxi­tektor, Üzeyir Hacıbəylinin “Arşın mal alan”ında Soltan bəy, Cəlil Məmməd-quluzadənin “Ölülər”ində Hacı Həsən ağa, Mirzə Fətəli Axundovun “Müsyo Jordan və Dərviş Məstəli şah”ında Müs­yo Jordan, Anarın “Adamın adam”ında Tərs Tahir, Mövlud Süleymanlının “Də­yirman”ında Sarı Qasım, Nazim Hikmətin “Bayramın birinci günü”ndə Vəli Əfəndi, Hüseyn Cavidin “Afət”ində Qaplan, Azat Abdulinin “13-cü sədr”ində Prokuror, Nikolay Qoqolun “Müfəttiş”ində Bələ­diyyə rəisi, Ağalar İdrisoğlunun “Sabir Rüstəmxanlının porteret cizgilərin”in­də Cavad xan, Aleksandr İvaşenkonun “Uşağa bir üç yazın”ında Temiçkin, Ağa­lar Mirzənin “Məlikməmmədin yeni sər­güzəştləri”ində Şeytan, Nikolay Qoqolun “Evlənmə” əsərində Podkolyosnıy, Geor­gi Xuqayevin “Varlı ev”ində Beçir, Ağalar İdrisoğlunun “Şah İsmayıl”ında Hüseyn Lələ bəy, Georgi Xuqayevin “Qocaların məhəbbəti”ndə Qaqutsa, Georgi Xuqa­yevin “Bir köpək vardı” əsərində Çoban, Georgi Xuqayevin “Ailə”sində Jorji, Mark Tvenin “Şahzadə və Dilənçi” əsərində Lord Hetford, Yudjin Onilin “Qarağaclar altında məhəbbət”ində Efraim Kebot, Aq­şin Babayevin “Xilaskar”ında Filosof-de­putat, Nodar Dumbadzenin “Ağ bay­raqlar”ında İsidor Salidze, Abdulla Şaiq və Süleyman Sani Axundovun “Qaraca qız”ında Piri baba və başqaları bu qəbil­dəndir. Dəfələrlə Prezident mükafatına layiq görülüb. Haqqında 100-dən çox məqalə, ressenziya yazılıb.

Təəssüf ki, teatr, televiziya və kino re­jissorları onu yaddan çıxarıblar. Halbuki, bu gün Məzahir Süleymanov kimi sənət­karlara ehtiyac var. Əgər ona rollar veril­sə, yenə də bir-birindən maraqlı obrazlar yaradar…

Məzahir Süleymanovla bağlı söhbəti­mi burada bitirə bilərdim. Amma onu ya­rım əsrə qədər bir müddətdə tanıdığım­dan, səhnədə tərəf-müqabili olduğumdan və quruluş verdiyim tamaşalarda bir-birin­dən maraqlı rollar oynadığından haqqın­da deyiləsi sözlərim çoxdur. Çünki insan­lıq və sənətkarlıq bir vəhdət halında heç də hər kəsdə olmur. Bu, bir Allah vergi­sidir. Məzahir saf olduğuna görə həmişə haqqı müdafiə edir, ədalət hissini itirmir, yarınmağı, məddahlıq etməyi da bacar­mır. Dostluqda da çox möhkəmdir. Xa­rakterindəki bütövlük və yuksək mədəniy­yət onun oynadığı rollara da sirayət edib.

O, həmçinin yaxşı yol yoldaşıdır. Uzun illər biz onunla həm Azərbaycanın rayonlarında, həm də keçmiş sovetlər məkanında qastrol səfərlərində olmuşuq. İnsani keyfiyyətini, dözümlüyünü, yolda­şa qarşı diqqətini həmişə büruzə verib. Heç vaxt özünü başqalarından üstün tutmayıb. Düz 6 ay Dağıstan Respublika­sında qastrolda olduğumuz müddətdə və mənim yaratdığım Azərbaycan–Dağıstan Beynəlmiləl Teatr Truppasında bunun çox şahidi olmuşam. Vaxtilə rəhbərlik etdiyim Sumqayıt Dövlət Musiqili Dram Teatrında quruluş verdiyim tamaşalardan 6-sında Məzahir Süleymanov ən yüksək səviyyədə rollar oynayıb, həqiqi mənada obrazların daxilinə nüfuz edib. Obrazla­rı elə ustalıqla yaradıb ki, ona tamaşaçı kimi daha çox baxmaq istəmişəm. Əlbət­tə, belə oyun üsulu yalnız ustad sənətka­ra nəsib olur.

Məzahir Süleymanovun Sumqayıt te­atrına gəldiyi vaxtdan 52 il ötür. Artıq 10 ildir ki, təqaüdə çıxıb. Deyir ki, Rusiya te­atrlarında yaşı 90-ı keçmiş çoxlu rejissor­lar, aktyorlar, aktrisalar çalışır və böyük həvəslə rollar oynayırlar. “Eləcə də bizim müqtədir aktyorlar – Möhsün Sənani, Ağasadıq Gəraybəyli, İsmayıl Osmanlı, İsmayıl Dağıstanlı, Nəsibə Zeynalova, Leyla Bədirbəyli, Firəngiz Şərifova, Sü­leyman Ələsgərov və digərləri ömürləri­nin axırına qədər səhnədə olublar, gözəl obrazlar yaradıblar. Mən də teatrsız qala bilmirəm. Amma, təəssüf ki, dəvət edən yoxdur. Teatrda, kinoda “yaş senzinə” fərdi qaydada yanaşmaq lazımdır, mən­cə”…

Ağalar İDRİSOĞLU,
Əməkdar incəsənət xadimi

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK