TÜRKSOY-un I Beynəlxalq Teatr Festivalı tədbiri çərçivəsində Türkistan (Qazaxıstan Respublikası) Musiqili Dram Teatrının iştirakı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Ermek Amanshayevin “Qorqud Əfsanəsi” tamaşası nümayiş olunub.
Plastik quruluşda səhnələşdirilmiş tamaşa türk dünyasının mənəvi atası sayılan Qorqud irsinə və qədim türklərin çaldıqları əsas musiqi aləti olan qopuza hörmətin nümayişidir. Müasir xareoqrafiyaya malik tamaşa Qorqudun dünyaya gəlişi, yarandığı gündən zülmət və vəhşi təbiətlə müşayiət olunması ilə başlayır. Qorqud yuxuda insanların ona qəbir qazdıqlarını görür. Bu kabusdan xilas olmaq üçün Zelmaya adlı dəvəsinə minərək olduğu yeri tərk edir, uaq diyarlara üz tutur. Lakin ölüm mələyi cildinə girən Pəri Martunun kölgəsi onu rahat buraxmır, qarabaqara izləyir. İnsanların xoşbəxt yaşadığı müqəddəs Zeruyik vadisinin axtarışına çıxan Qorqud Sırdərya çayı sahilində yerləşən dogma torpağına geri qayıdır. Məşəqqətli keçən səyahəti ona həyatın əbədi, insan taleyinin isə müvəqqəti olmasını öyrədir. O, həyatın vacib missiyasını qopuzun füsunkar melodiyaları vasitəsilə insanlara xidmət etməkdə görür.
Tanrının varlıqların həyatındakı rolu, müasir dünyada həqiqi incəsənət mövzusu tamaşanın əsas məğzini təşkil edir.
Tamaşanın müəllifi Ermek Amanshayev, xareoqraf ustası və direktoru Konstantin Semenov, bəstəkarı Khamit Shangalievdir.
Rolları Türkistan (Qazaxıstan Respublikası) Musiqili Dram Teatrının aktyorları Elaman Abdikalyk, Farkhat Sadvokassov, Akylai Sydygalieva, Malika Minizini, Rustam Shaikhov, Sakai Mao və digərləri ifa edirlər.