“Tütək səsi” Rasim Ocaqovun rejissor kimi ilk filmi olub. İsa Hüseynovun “Tütək səsi” və “Saz” povestləri əsasında çəkilmiş bu film 1976-cı ildə ekranlara çıxıb. SSRİ Dövlət mükafatına layiq görülən filmin ilk nümayişləri Moskvada və Berlində olub. Rasim Ocaqov bu filmdən sonra 12 bədii film çəkib, amma “Tütək səsi” ən çox sevdiyi film sayılır.
Uzun illər operator işləyən, amma rejissor olmaq istəyən Rasim Ocaqov “Qatır Məmməd” filminin sınağından yenicə çıxmışdı. Hadisə belə olub. O zaman Hüseyn Seyidzadənin çəkdiyi “Gəncəbasarlı qisasçı” filmini sovet kinematoqrafiyasının rəhbərləri bəyənməyiblər. Çəkiliş yarımçıq qalıb, Rasim Ocaqovu çağırıb təklif ediblər ki, al, bu film, bu da sən, öhdəsindən gəlsən, rejissorluğa vəsiqə almış olursan. Rasim Ocaqov naəlac qalaraq ayrılan vəsaiti xərclənmiş, kinematoqrafiya dili ilə desək, “yanmış” bir filmi çəkməyə başlayıb. 40 günün içində tamamlanan “Qatır Məmməd” bəyənilib. Kinematoqrafçılar Rasim Ocaqovun öz adını “Gəncəbasarlı xilaskar” qoyublar.
İsa Hüseynovun “Tütək səsi” ssenarisi bundan sonra ona həvalə olunub. Rasim Ocaqov ssenarini oxuyub və özünün ifadə etdiyi kimi, görüb ki, mövzu ovcunun içindədir. Rejissor bunu sonralar belə xatırlamışdı: “Bütün hadisələr mənim yaşadığım dövrdə baş verib. Özüm talonla çörək almışam. Qohum-əqrabam müharibədə olub, çoxusundan qara kağız gəldiyinin gözlərimlə şahidi olmuşam.”
Aktyorlar danışırlar ki, filmin çəkilişlərində Akif Məhərrəmli, Şamil Süleymanov kotanla yer əkə bilmirlər, Rasim Ocaqov kotanı onların əlindən alıb elə gözəl yer əkib ki, bütün çəkiliş qrupu heyran qalıb. Rejissor əsas rola artıq Qatır Məmməd obrazından sonra çox bəyəndiyi Şahmar Ələkbərovu çəkmək istəyirmiş. Çəkilişlər başlanan vaxt Şahmar Ələkbərov ağır xəstələnib. Rejissor “Qaraçı” filminin qəhrəmanı Mixay Volontiri baş rola dəvət edir. Obrazı səsləndirməyi isə Şahmar Ələkbərova həvalə ediblər.
Tapdıq rolunun ifaçısı, tanınmış jurnalist Akif Məhərrəmli illər keçəndən sonra bildirdi:
– “Tütək səsi” mənim taleyimdə dərin iz buraxıb. Ssenarinin, rejissorun və yaradıcı kollektivin sanbalına görə film çox güclüdür, həm də büsbütün Azərbaycan xarakterlidir. Çox məqamdan söz aça bilərəm, amma ən maraqlı olan ordakı yaradıcı qrup və ərsəyə gələn baxımlı bir filmdir.
Şamil Süleymanov (Cümrü) isə dedi: “Əvvəl çəkilmək istəmirdim, çünki Baladadaşdan sonra Cümrü olmaq istəmirdim. Akif Məhərrəmlinin şəklini görəndə isə razılaşdım, sandım ki, məndən başqa onun qardaşını oynaya biləcək aktyor yoxdur. İsa Hüseynovla işləmək mənə çox şey öyrətdi. Unudulmaz anlar çoxdur. Axşamlar Məmmədrza Şeyxzamanov üçün çay dəmləyirdik ki, gəlib bizimlə otursun, çünki tələbə idik, sənət söhbətlərinə böyük ehtiyacımız vardı.
30 il sonra Nabranda dincələrkən maraqlı bir hadisə ilə rastlaşdım. Süd-qatıq aldığım qonşu məndən pul almırdı. Bir gün də həmin qonşuya süd dalınca gedəndə həyət qapısında balaca bir uşaq dedi: Cümrü əmi, atam dedi ki, siz gəlməyin, biz özümüz süd-qatığı sizin evə gətirərik. Məlum oldu ki, filmdə Cümrünün tütək çaldığı epizod Qusarda həmin adamın evinin damında çəkilibmiş.
Ssenari müəllifi İsa Hüseynov, adətincə, bütün çəkiliş günlərində yaradıcı qrupla birgə çəkiliş meydanlarında olub. İsfəndiyar kişinin çaldığı sazı İsa Hüseynov özü səsləndirməklə bərabər, Məmmədrza Şeyxzamanova sazı necə tutmağı da öyrədib. Həmin epizod 9 dubla çəkilib.
Çəkilişlər Qusarın Anıx və Hil kəndlərində aparılıb. İsfəndiyar kişinin “Ruhani” havası çaldığı həmin epizodda kütləvi səhnələrdə çəkilən kənd camaatı ona qoşulub ağlayırmış. Çəkiliş vaxtı kənd camaatı bəzən hadisələrə elə aludə olurmuş ki, baş verənlərin film olduğunu unudurmuşlar.
Məsələn, Ötkəm İsgəndərovun (Nuru) dediyinə görə, Qılınc Qurbanla Cəbrayılın səhnəsində camaat Cəbrayılın əleyhinə çıxıb. Rejissor hər ehtimala qarşı çəkiliş meydançasına milis çağırmalı olub…
Filmin bəstəkarı Aqşin Əlizadə, rəssamı Elbəy Rzaquliyevdir.
R.QURBANLI