AMEA-nın Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə XIX əsr görkəmli Azərbaycan maarifçisi, yazıçı, şair, ensiklopedik zəka sahibi Abbasqulu Ağa Bakıxanovun “Riyazül-qüds” əsəri müasir əlifbada nəşr olunub.
“Riyazül-qüds” Abbasqulu ağa Bakıxanovun ana dilində yazdığı irihəcmli bədii əsərlərindən biridir. Əsasən, nəsrlə qələmə alınan, məqtəl nümunəsi olan bu əsərdə ərəb, fars və türk dillərində yazılmış nəzm parçaları da verilib ki, onların çoxu A.Bakıxanovun ilk qələm təcrübəsidir.
Kitabı əski əlifbadan transfoneliterasiya edib nəşrə hazırlayan institutun sabiq əməkdaşı, görkəmli əlyazmaşünas və tərcüməçi Arif Ramazanovdur. Əsərin transfoneliterasiyasından əlavə, kitaba “Riyazül-qüds”ün əlyazma nüsxəsinin fotofaksimilesi və tədqiqatçı, jurnalist Səadət Qarabağlının “Riyazül-qüds” əsərlərinin əlyazma katibi Məşədi Ocaqverdi oğlu Mirzə Haqverdi Qarabaği haqqında məlumat” adlı məqaləsi də daxil edilib.
Yeni nəşrin elmi redaktoru fəlsəfə elmləri doktoru Zəkiyyə Əbilova, “Ön söz”ün müəllifi akademik Möhsün Nağısoyludur. Kitabın cildində qeyd olunmuş ərəb qrafikalı yazılar Hacı Mustafa Mailoğlu yazıb.