“Azərbaycan torpaqları işğal altında olduğu 30 il müddətində Ermənistan, o cümlədən Qafan şəhəri Rusiya və İranın plastarmına çevrilmişdi”.
Bu barədə Bakıvaxtı.az-a açıqlamasında analitik Samir Əsədli deyib.
Onun sözlərinə görə, nədənsə həmin illərdə sözügedən bölgədə diplomatik nümayəndəlik açmaq nə Tehranın, nə də Moskvanın ağılına gəlmişdi:
“Bu mənada Rusiyanın və İranın Qafanda konsulluq açmaq niyyəti ilə bağlı məlumat başqa hallarda o qədər də diqqət çəkməyə bilərdi. Lakin amma bugünkü vəziyyətdə diqqət çəkməyə bilməz. Çünki 44 günlük müharibədəki zəfərdən və Zəngəzur dəhlizi ideyasının gerçəkləşməsi istiqamətində siyasi-hərbi iradə ortaya qoyulandan sonra vəziyyət dəyişib. İran Zəngəzuru öz həyati maraqları ilə birbaşa bağlı hesab etdiyini və mövcud sərhədlərin dəyişməsinə imkan verməyəcəyini gizlətməyib. Aydındır ki, İran bununla əlavə olaraq öz marağını vurğulayır və həm də öz maraqlarını qorumaq baxımından müəyyən qətiyyət nümayiş etdirir. Eyni şey, təbii olaraq Rusiyaya və ya Rusiyanın Qafanda konsulluq açmaq istəyinə də aiddir”.
Həmsöhbətimiz vurğulayıb ki, regional maraqlarının təhlükədə olduğunu bəhanə edən İran tələm-tələsik Qafanda konsulluq açdı:
“İndi də Rusiya Qafanda diplomatik korpusunu açmaq niyyətindədir. Həm də görünən odur ki, İrandan fərqli olaraq, Rusiya Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Çox güman ki, Ermənistan tərəfdən dəhlizin təhlükəsizliyinə nəzarət rusların əlində olacaq”.
Analitik qeyd edib ki, ikinci Qarabağ müharibəsindən sonra Qafqazda imicinin zəiflədiyi və güc balansının Moskvanın əleyhinə işlədiyi bir vaxtda Rusiyanın Zəngəzur dəhlizinə nəzarət etmə imkanı şans sayıla bilər: “Rusiya Zəngəzurda konsulluq açmaqla, dəhlizlə yanaşı, həm də bölgəyə nəzarətdə İranı arxa plana keçirmək niyyətindədir”.
Aydın Baxış