Rüstəmxanlı qalası

by Samir Asadli

…Türk dünyasının görkəmli oğlu, dəfələrlə ölkə ziyalıları arasından millət vəkili SEÇİLƏN, ictimai-siyasi xadim, xalqın şairi, haqqın nasiri, Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı ilə bağlı yaddaşımın saxlancında o qədər maraqlı xatirələr var ki, hansından başlayım, özüm də bilmirəm… Fəqət, o keçmiş xatirələrin bəzi fraqmentlərini yada salmaq istərdim.

Birinci fraqment: Tale elə gətirdi ki, 80-ci illərin sonu Sabir bəyin Masallıda müstəntiq işləyən qardaşı Əlövsət bəylə bir müddət qapıbir qonşu olduq. Bakıdan Yardımlıya gedəndə Sabir bəy həmişə yolüstü Əlövsətgilə baş çəkərdi. Milli ruhun oyanmasına təkan verən “Ömür kitabı”nın oxucular tərəfindən böyük maraqla oxunduğu vaxtlar idi. Bir dəfə necə oldusa, Əlövsətgil evdə olmadı. Sabir bəyi evə dəvət edib: “Mən də sizin qardaşınız, buyurun bizə” – dedim. O, gülümsünərək “çox sağ olun, yolçu yolunda gərək” – dedi və dönüb getmək istədi. Bu zaman qapı ağzında üç yaşlı oğlum İsmayılın əlində ağ, qalın cildli “Ömür kitabı”nı görəndə ayaq saxladı. Və döş çibindən çıxardığı qələmlə həmin kitaba belə bir avtoqraf yazdı: “…Arzu edirəm ki, sən də öz ömür kitabını yazasan…”

İkinci fraqment:Almaniyadan yaşayan və əslən Cənubi Azərbaycandan olan dostu İbrahim Əhrari ilə birlikdə Yardımlıya səfərimiz oldu. Bu, mənim həm də Sabir bəyin öz dünyasına sözün əsl mənasında, ilk ekskursiyam oldu: Masallının qaynar İstisuyundan yuxarı – dağlıq əraziləri keçəndən sonra sakit təbiət qoynuna çəkilib, daşların-qayaların qoynundan süzülüb gələn dupduru çayın hövzəsində dəbdəbədən uzaq xudmani süfrə açmağımız, təndir çörəyi, üzlü-gözlü motal pendiri, yüksək keyfiyyətli “Drezden” arağı və Sabir bəyin şirin söhbətləri… Gördüklərim-eşitdiklərim sanki öncədən hazırlanmış ssenaridə yazılmışdı.

Sonra Sabir bəy yaxınlıqdakı yoxuşu cəld və çevik addımlarla qalxaraq bizə qocaman palıdın dibində çağlayan bulağı göstərdi… İlahi, elə bil mən ondan yox, o, məndən on iki yaş gənc idi… O zaman Xəlil Rza Ulutürk “Sabir Rüstəmxanlı şəlaləsi”adlı şeirini yazmışdı. Mən də tövşüyə-tövşüyə, nəfəsimi güc-bəla ilə dərib adsız bulağa “Sabir bulağı” dedim və əyilib çeşməsindən su da içdim. Amma o dağlara çıxmağın yorğunluğu uzun müddət canımdan çıxmadı…

Mən Sabir bəyin sayəsində Yardımlıdan adını eşidib üzünü görmədiyim başı qarlı, ucalıq, əyilməzlik rəmzi – Savalan dağını ilk dəfə uzaqdan seyr etdim…

Üçüncü fraqment: Bir müddətdə sonra Yardımlıda tikdirdiyi yarımçıq evində olduq. Yenə dəbdəbədən uzaq süfrə açıldı, qarpız, pendir, deyəsən bu dəfə boyat bozartma da vardı… İkinci mərtəbənin hələ çərçivəsi salınmayan pəncərələrindən Yardımlının möhtəşəm mənzərələri görünürdü. Dördkünc, eyni ölçülü-biçili o pəncərələrdən elə bil daş çərçivəyə salınmış canlı tablolar “asılmışdı”. Sabir bəy sağlıq söyləyəndə dedi ki, rəhmətlik Səttar Bəhlulzadə indi sağ olsaydı, burada oturub əziyyət çəkmədən bu mənzərələri kətana köçürərdi…

Dördüncü fraqment: 1990-cı il, Faiqin toy günü… Xudu kişinin öz əli saldığı bağda Yardımlı rayon partiya komitəsinin birinci katibi Fəzail Tağıyev başda olmaqla bir neçə yüksək vəzifəli şəxslər, Əlövsət bəyin Masallıda hüquq –mühafizə orqanlarında çalışan həmkarları ilə gözəl təamlar düzülmüş toy masasının ətrafında oturub Sabir bəyi dinləyirik. Mənimlə üzbəüz əyləşən “Salam dar ağacı” kitabının müəllifi şair Rüstəm Behrudini ilk dəfə yaxından görürdüm və nədənsə o an içimdən “Salam, çörək ağacı” adlı bir esse yazmaq keçdi. Sabir bəy o zaman bir il olardı ki, Azərbaycanda ilk müstəqil, demokratik ruhlu “Azərbaycan”qəzetini təsis etmişdi və onun baş redaktoru idi. İki il idi ki, milli azadlıq hərəkatının ilk təşkilatçılarından və liderlərindən biri kimi tanınırdı. Faiqin toy günü bəlkə də heç kim ağlına belə gətirmirdi ki, vur-tut bir neçə aydan sonra Sabir bəy Azərbaycanın Müstəqillik Aktının müəlliflərindən biri, 1991-ci ildə Mətbuat və İnformasiya naziri olacaq…

…O toy gecəsi Hamarkənddən Yardımlıya, ordan da qıvrıla-qıvrıla dağlara dolanan yolla Masallıya dönəndə Xəzər adlı ümmana can atan Viləş çayına düşən dolğun və parlaq Ayın əksinə baxa-baxa Sabir bəy haqqında düşünürdüm. Axı o da bu coşqun dağ çayına oxşayırdı: Hamarkənddən – ata ocağından götürdüyü nuru ürəyində tonqala çevirib Azərbaycan adlı ümmana, böyük Türk dünyasına işıq daşıyırdı.

O zaman 44-45 yaşlarında Sabir bəyin ən üstün cəhətləri nə idi? Nəfsinə müxalifətçilik etməkdə, haqqa yar olmaqda, “qılıncla qələmin” birliyini yaratmaq amalı ilə yaşamağında… Əgər söhbət demokratik dövlət quruculuğundan gedirdisə, demək, vəzifədən istefa vermək, hər hansı mükafatdan imtina etmək adamdan cəsarət və yüksək mədəniyyət tələb edirdi.

Məncə, 92-də MM-in sədrliyinə namizədliyini geri götürməsi, 95-də nazir postundan istefa verməsi, 96-da Prezidentinin fərmanıyla təltif olunduğu “Şöhrət” ordenini almaqdan imtina etməsi Sabir Rüstəmxanlının ilk növbədə mənsub olduğu türk xalqına, Azərbaycan dövlətçiliyinə hörmət və ehtiramından qaynaqlanırdı. O, nazir olanda qapısı Azərbaycanın bütün bölgələrindən olan yazarların üzünə açıq oldu. Gəlin görək, indi hər hansı nazirin, komitə sədrinin və onların müavinlərinin qəbuluna düşmək olurmu?!

Haşiyə:…Rəhmətlik Nüsrət Kəsəmənlinin Sabir bəyə ötən əsrin 70-ci illərində həsr elədiyi bir şeiri var: “Mənim bu şəhərdə kimim var axı, hər qapı döyməyə əlim gəlməyir…”Doğmalarının qapısının zəngini çalmağa qalxmayan o əllər Sabir bəyin qapısını ərklə döyə bilir. Niyə? Sabir bəyin ki, o zaman heç bir titulu, fəxri adı ki yox idi! Çünki ürək genişliyi Sabir bəyə sözünün sahibi olan ağır ləngərli, ağzı xeyir-dualı ata-babadan, Rüstəmxandan miras qalmışdı, layiq olduğu titulları da, fəxri adları da, oxucu sevgisini də ona QƏLƏM SULTAN qazandırdı …

Beşinci və əsas fraqmentlərdən biri: Bu məqamda mən Sabir bəyin və onun qardaşlarının xarakterində əsas rol oynayan Xudu kişi haqqında bir-iki kəlmə yazmaq istəyirəm. Xudu kişi ilə Əlövsətgildə dəfələrlə həmsöhbət olmuşdum. Dünyagörmüş, zəhmətkeş kişi idi. Bir dəfə Masallıdan Yardımlıya getmək üçün bir taksiyə yaxınlaşır. Adətən, İsgəndərli körpüsündən aşağısında dayanan taksilər dörd nəfə sərnişin götürməmiş yola düşməzdilər. Özbəy adlı bir taksi sürücüsü Xudu kişini şəxsən tanıyır və qabaqda oturacaqda oturan cavan oğlana deyir ki, sən keç arxada otur, bu kişi Sabir Rüstəmxanlının atasıdır, bir oğlu Əlövsət də Masallıda müstəntiq işləyir, qoy o, qabaqda rahat otursun!

Xudu kişi sürücüyə də, cavan oğlana da üzünü tutub deyir ki: Ay bala, siz Sabirə, Əlövsətə görə yox, ağsaqqal olduğuma görə mənə hörmət edin!..

Bəli, çox gözəl ibrət dərsidir. Yəni hər ağsaqqalın ola bilər ki, Sabir Rüstəmxanlı, Əlövsət Əliyev, Şahbaz Xuduoğlu kimi oğulları olmasın, amma bu o demək deyil ki, sən o ağsaqqala hörmət etməyəsən!..

Altıncı fraqment: Bir dəfə də Əlövsətlə stadionda futbol oynayanda yüngülcə mübahisə etmişdik və ondan küsmüşdüm. Xudu kişi növbəti dəfə onlara baş çəkməyə gələndə necə oldusa, incik olmağımdan duyuq düşdü və Əlövsətə dedi: “Bala, sənin Yardımlıda böyük qardaşın Sadatdı, Sumqayıtda Mədətdi, Bakıda Sabirdi, Masallıda da Nurəddin…”

Xudu kişidən bütün övladlarına – Sabir bəy başda olmaqla Sadata, Mədətə, Əlövsətə, Şahbaza, Faiqə, Dilavərə, Cəlala hazırcavablıqla bərabər, gözütoxluq, mərdlik, mətinlik kimi xüsusiyyətlər, dözümlülük, zəhmətsevərlik və haqq-ədalət uğrunda mübarizlik əzmi keçmişdi. Onu da qeyd edim ki, Sabir bəy atası Xudu kişinin son günlərini, psixoloji dəqiqliklə “Atamın ruhu” romanında çox maraqlı və yaddaqalan ştrixlərlə qələmə almışdır.

Yeddinci fraqment: 90-cı illərin ortalarında baş redaktoru olduğum “Masallı” qəzetində respublikanın tanınmış ziyalılarına, xalq şairi və yazıçılarına ünvanlanan müraciətim böyük əks-səda doğurdu. Həmin müraciətə ilk münasibəti bildirən Sabir bəy oldu: “…Özünü ziyalı adlandıran şəxs respublikada bu gün baş verən proseslərdən kənarda qala bilməz! Bəzən deyirlər ki, yazıçı və şairlərin borcu ancaq yazmaq, yaradıcılıqla məşğul olmaqdır. Amma şair və yazıçı mücərrəd bir auditoriyaya müraciət etmir, hər bir əsərin konkret ünvanı var. Bu ünvanın adı Azərbaycan xalqıdır! Sevinirəm ki, bu müraciəti mənim millət vəkili seçilmiş olduğum bölgənin ziyalıları ediblər. Doğrudan da Masallı ziyalılar rayonudur…”

Sabir bəy təkcə sözdə bu fikri demirdi, həm də dəfələrlə istər Bakıda, istər Masallıda ziyalılarla görüşürdü… O, bu gün də bir ağsaqqal qələm sahibi olaraq indiki çağda ziyalıların enerjilərini millətin inkişafına deyil, məhkəmələrə sərf etməsini yolverilməz hesab edir… Və çalışır ki, bir-birindən incik düşən ziyalıları barışdırsın!

Sabir bəyin bir gözəl kəlamı da var: “Dünyada yalnız xalqın sevgisinə bel bağlamaq olar! Ən etibarlı abidə də, ən toxunulmaz arxiv də xalqın yaddaşıdır!”

Səkkizinci fraqment: Napoleon Bonapart kimi sərkərdə “Yaratmaq məsələsində zor gücsüzdür” desə də, ZORUNbir çox yaradıcı adamlardan, vətənpərvər insanlardan güclü olduğuna az şahid olmamışıq. Mən “Qarabağa aparan yol” qəzetinin redaktor müavini olanda bir neçə dəfə parlament müxbiri kimi MM-in iclaslarında iştirak etmişəm… Yadımdadır, bir dəfə cari məsələlər müzakirə olunanda deputatlardan biri tanınmış telejurnalistin anasının ünvanına nalayiq sözlər dedi, əslində jurnalistdən çox Azərbaycan qadını təhqir olundu. Yalnız Sabir bəy özündə cəsarət tapıb öz çıxışında həmin deputata etirazını bildirdi.

Yaxud Türkiyənin “Kanal 24” telekanalında Şah İsmayıl Xətai təhqir olunanda yenə Sabir bəy öz etiraz səslərini ucaltdı. Sabir bəy parlamentdə Azərbaycandan həmin kanala himayədarlıqda adı hallanan qurumdan məsələyə aydınlıq gətirməsini xahiş etsə də, demək olar ki, onun təklifinə laqeyd yanaşdılar. Görəsən niyə? Məgər millət vəkilləri Xətai Yurdunun – Şah İsmayıl Səfəvidən dili, Ali divan məclisi, ərazisinin yeddidə bir hissəsi miras qalan Azərbaycanda ən yüksək maaş aldıqlarının fərqində deyildilərmi?! Üstəlik deputatlar arasından da Şah İsmayılın ünvanına tənqidi fikirlər səsləndirənlər oldu və böyük qardaş dediyimiz Türkiyədə Şah İsmayılı aşağılayan kitablar nəşr olundu, “Möhtəşəm yüz il” serialında həm özü, həm oğlu Təhmasib şah yenə təhqir olundu…

Doqquzuncu fraqment: 1996-cı ildə Sabir bəy hakimiyyət orqanlarına etiraz əlaməti olaraq “Şöhrət” ordenindən imtina edəndə “Masallı” qəzetində “İmtina etmək kişiliyi” adlı kiçik yazı da dərc etmişdim. Sabir Rüstəmxanlı çox haqlı olaraq bir şeirində deyir: “bir çiçəyin mehrinə sıxılıb ağlamayan məni anlamaz əsla!”

Sabir bəyi qəzetimizin redaksiya heyətinə üzv seçmişdik. Xatırlayıram 1998-ci ildə Milli Mətbuat günü “RUH” Jurnalistləri Müdafiə Komitəsinin “Ən mübaruz əyalət qəzeti” mükafatına və diplomuna layiq görüləndə “Masallı”nın ünvanına ilk təbriki Sabir Rüstəmxanlı göndərmişdi…

Onuncu fraqment: İllər öncə Azərbaycan Yazıçılar Birliyinə üzv olanda mənə zəmanət verənlərdən biri də Sabir bəy oldu. Eləcə də cənub bölgəsində qaçaq hərəkatına başçılıq edən Bərcanlı Həsən, Qaçaq Mozu və başqa qaçaqlardan roman yazmaq ideyasını da mənə xalq şairi Sabir Rüstəmxanlı vermişdi. İki il əvvəl Şahbaz Xuduoğlunun təşəbbüsü ilə keçirilən IV Milli Kitab Sərgisində “Qaçaq Mozu” kitabımı Sabir bəyə hədiyyə kimi təqdim edəndə ən azı o da elə mənim qədər sevinib, fərəhləndi…

Sabir bəy ana dilimizin yad sözlərlə korlanmasının əleyhinədir. Deyir ki, qəzetlər, jurnallar, televiziyalar ölü sözlər qəbiristanlığına çevrilməməlidir.

Dünən olduğu kimi bu gün də Sabir Rüstəmxanlının daxilində sönməyən Zərdüştodu, əlində Xətainin qılıncı kimi kəsərli və işlək qələmi var. Deyir: “Var olmanın tək yolu sonsuz savaşımdadır…” Sabir bəyin müqəddəs amalı Vətəndaş həmrəyliyinə xidmət etməkdir! Çünki Türk xalqının nicat yolu – Zəka qüvvələrinin birliyindədir, zəka qüvvələrinin vəhdəti isə Qılıncla Qələmin həmrəyliyindədir…

Hər ocaqda işığımız,
Hər zirvədə qalamız.
Biz allahın balasıyıq,
Tarix bizim balamız…

-deyən Sabir bəy sözdən möhtəşəm abidələr yaradır, qalalar ucaldır.

Son söz yerinə arzum: Sabir bəy, dağ adamları binayi-qədimdən Allaha yaxın olublar. Özünüzün dediyi kimi, dağ kultu türkün qan yaddaşındadır. Düz otuz il öncə Sizinlə dağlara çıxıb – “Sabir bulağı”ndan su içdiyim günü xatırlayanda ürəyimdən belə bir arzu keçdi: Qoy o uca dağlar qoynunda çağlayan “Rüstəmxanlı şəlaləsi” innən belə də qəlbinizə nur çiləsin, “Sabir bulağı” ömrünüzə ömür calasın və Rüstəmxanlı qalası yurdumuzun mənəvi varlığını qorusun!

Nurəddin ƏDİLOĞLU

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK