Səhnə şəhidi Ərəblinski

by Samir Asadli

Onun adı teatr tariximizə qızıl həfrlərlə yazılıb

Haqqında söhbət açmaq istədiyimiz aktyor və rejissor, Azərbaycan peşəkar teatr sənətinin banilərindən sayılan Hüseyn Ərəblinski cəmi 38 il yaşamasına baxmayaraq, mədəniyyətimiz üçün böyük işlər görüb. O 1905-1919-cu illərdə dövrün bütün çətinliklərinə sinə gərərək əsl fədakarlıq nümunəsi göstərib. 

Düz 55 il əvvəl Hüseyn Ərəblinskinin xatirəsini əbədiləşdirmək üçün yeni yaranan Sumqayıt Dövlət Dram Teatrına onun adı ve­rilib. O vaxtdan görkəmli sənətkara aid olan bütün məlumatları maraqla izləmiş, haqqında daha çox bilgi əldə etmək istəmişik. Onun ru­hunun dolaşdığı bu sənət məbədində bir sıra uğurlu premyeraların, çeşidli mədəniyyət tədbirlərinin şahidi olmuşuq…

Dənizçi ailəsində doğulan Hüseyn XIX və XX əsrlərin hərəsində 19 il yaşayıb. İlk təhsilini mollaxanada alıb. Həbib bəy Mah­mudbəyovun açdığı dünyəvi “Üçüncü rus-ta­tar” məktəbində təhsilini davam etdirib. O, ilk dəfə 16 yaşında – 1897-ci ildə səhnəyə çıxıb və sənət yoluna epizodik rolların ifası ilə başlayıb. Artıq 1904-cü ildə təşkil olunan “Müsəlman artistləri cəmiyyəti”nin fəal üzvü olub.

Onun böyük səhnəyə gəlişi 1905-ci ilə təsadüf edib. Teatr tariximizdə ilk qastrol sa­yılan Lənkəranda Nəcəf bəy Vəzirovun “Mü­sibəti-Fəxrəddin” faciəsində əvəzedici kimi baş rolu ifa etməsi gənc aktyor üçün düşərli olub. Beləcə, ona etimad getdikcə artıb. Tez­liklə teatr ictimaiyyətində aktyor kimi parla­yan Hüseyn Ərəblinski “Nicat” teatr cəmiy­yətinə baş rejissor və aktyor kimi dəvət alıb.

Teatr aləmində aparıcı simalardan olan Hüseyn yalnız özünün sənət yüksəlişi ilə ki­fayətlənməyərək, teatr mühitində bir sıra də­yişikliklər edib. Məsələn, əldə bilet satmağa, qapı-qapı gəzib tamaşaçı toplamağa qadağa qoyub və aktyorlara məvacib müəyyənləş­dirib. Eyni zamanda rus dramaturgiyasının gözəl nümunələrinin Azərbaycan səhnəsində tamaşaya qoyulmasında mühüm rol oynayıb. Teatr fədaisinin belə “ilk”ləri çox olub.

O, 1907-ci ildən etibarən tarixi obrazları məharətlə canlandırmağa başlayıb. Ə.Haq­verdiyevin “Ağa Məhəmməd şah Qacar” əsərində baş rolu xüsusilə möhtəşəm ifa edib. Dövrünün mətbu mənbələri Hüseyn Ərəb­linskinin Qacarı realist tərzdə oynadığını vur­ğulayıb. Teatrşünas Məsməxanım Qubadova­nın “Ərəblinski teatrı” kitabında göstərilir ki, Ərəblinskini baş rola böyük mütəfəkkir Əli bəy Hüseynzadə məsləhət görüb.

Ərəblinskinin görkəmli rejissor kimi sənətə bələdliyini Xalq artisti Sidqi Ruhulla məxsusi qeyd edib: “1906-cı ildə “Müsibə­ti-Fəxrəddin” tamaşasını hazırlamaq istəyir­dik. Hüseyni bir rejissor kimi dəvət etməyi qərara aldıq. Biz öz rollarımızı yazıb Hüsey­ni dəvət elədik. Hüseyn gəlib rolları bölmək üçün kitabı istədi. Ona “öz rollarımızı yazmı­şıq”, – deyə cavab verdik. Ərəblinski məğrur baxışı ilə üzümüzə baxdı və birdən ayağa qalxıb paltosunu götürdü və dedi: “Qayda budur ki, hazırlanan əsərin rol bölgüsünü aparım. Əgər belə olmasa, mən gedərəm!”

Görkəmli sənətkar, bax, belə prinsipial xarakterin sahibi olub. Xalq artisti Musta­fa Mərdanov Hüseyn Ərəblinskinin insani keyfiyyətlərini xatırlayaraq yazıb: “Tiflisdə tamaşa verməli idik. Afişada Ərəblinskinin adı rejissor kimi yazılmışdı. Etiraz edib adını pozdurdu və Tiflis səhnəsinin aktyoru Mirzəli Abbasovun adını afişaya yazdırdı”. Bu hadisədən sonra o Tiflis teatr mühitində də sevgi qazanıb.

Teatr aləmində yayılan şöhrəti sənətka­rın filmə də çəkilməsinə səbəb olub. Kino­rejissor Boris Svetlov 1916-cı ildə İbrahim bəy Musabəyovun eyni adlı povesti əsasında “Neft və milyonlar səltənətində” tammetraj­lı filmini ekranlaşdıranda Lütfəli bəy roluna Hüseyn Ərəblinskini dəvət edib.

Sənətkara xalq sevgisi tükənməz olub. Elə onun izdihamlı dəfn mərasimi bu barə­də çox şey deyir. Yazıçı, Əməkdar incəsənət xadimi Manaf Süleymanlı özünün məşhur “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabında dəfn günü milliyyətindən asılı ol­mayaraq minlərlə insanın Bakı küçələrinə töküldüyünü yazıb. Jurnalist Elnur Aslan­bəylinin araşdırmasına görə, ölümünün ilk günlərində əksəriyyət onun qətlini aktyor­luğu seçdiyinə, qadın rolunu oynamaq üçün bığını qırxdırdığına görə yaxınlarının və mü­hafizəkar dairələrin qəzəbinə düçar olması ilə əlaqələndirib.

Hüseyn Ərəblinskinin matəm mitinqində orkestr musiqilər ifa edib. Tabut Quberniski (indiki Nizami) küçəsinə gətirilib. Burada və yolüstü “Müqəddəs Nina” məktəbinin qar­şısında böyük bəstəkar və publisist Üzeyir Hacıbəyli aktyor haqqında alovlu nitq söylə­yib, ardınca Məhəmmədəli Sidqi, həmin vaxt Bakı texniki məktəbində təhsil alan Cəfər Cabbarlı, Xəlil İbrahim, şair-ədəbiyyatşünas Salman Mümtaz, Hənəfi Zeynallı, qocaman aktyor Mirzə Muxtar danışıblar.

Ərəblinskinin dəfninə xeyli cümhuriy­yətçi də qatılıb, onların önündə isə Məhəm­məd Əmin Rəsulzadə gedib. “Azərbaycan” qəzetinin 9 mart 1919-cu il tarixli sayında bu barədə məlumat və Rəsulzadənin nitqi­nin məzmunu verilib. Oradan aydın olur ki, Məhəmməd Əmin aktyorun vətən və millət qarşısındakı xidmətlərini xüsusi vurğulayıb, müqtədir sənətkarın qətlindən acı təəssüfünü dilə gətirib.

Bəli, Hüseyn Ərəblinski fədakarlıq nü­munəsi idi. Azərbaycan teatrının tarixinə onun adı qızılı hərflərlə yazılmışdır.

Ceyhun MİRZƏLİ,
Əli NƏCƏFXANLI

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK