Səhnəmizdən pərvazlanan mahnılar

by Samir Asadli

Cəfər Cabbarlı – 125

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının tamaşalarına musiqi yazan ilk bəstəkarları sadalayanda baba Müslüm Maqomayev, Asəf Zeynallı, Əfrasiyab Bədəlbəyli ilə yanaşı, Cəfər Cabbarlının da adı çəkilməlidir. Bəli, yanlışlıq-filan yoxdur. Milli musiqi sənətimizin təməl daşlarını qoymuş 3 bəstəkarın ardınca qısa ömrünə tərcüməçi, şair, nasir, publisist, teatr və kino tənqidçisi, dramaturq, ssenarist, teatr və kino rejissorluğu kimi yaradıcılıq sahələrində qazandığı uğurları cəmləşdirmiş Cəfər Cabbarlının adı gəlir. 

“Zalım yar”ın şöhrəti

Böyük mütəfəkkir Cəfər Cabbarlının öz tamaşalarına bəstələdiyi unudulmuş, amma çoxdan müğənnilərin repertuarın­da möhkəmlənmiş mahnıları olub. Onun həyat yoldaşı Sona xanımın xatirələrində oxuyuruq: “Cəfərin bir xasiyyəti var idi: pyes yazmağı düşünəndə əvvəl onun qəhrəmanlarından birinin mahnısını fikir­ləşirdi. Bəzən bunu xalq mahnılarından götürür, bəzən də özü yeni bir mahnı ya­radırdı. Sözlərini yazır, hətta musiqisini də özü bəstələyirdi. Bu mahnını uzun zaman dodaqaltı oxuyur, pianoda çalırdı, sonra pyesi yazmağa başlayırdı. Məsələn, “Od gəlini”ndə Solmazın “Mən bir solmaz yar­pağam ki”, “1905-ci ildə” Sonanın “Azad bir quşdum”, “Almaz”da Yaxşının “Gərək günəş dağları aşıb sönməyəydi”, “Ya­şar”da Yaqutun “Küçələrə su səpmişəm” mahnıları belə yaranmışdır”.

Cəfər Cabbarlı “Sevil” əsərini yazma­mışdan bir-iki ay qabaq belə bir mahnı oxuyardı:

Sənə nə olub zalım yar,

Qadan-balan alım yar.

Sən ki, belə deyildin,

Səni bir öyrədən var.

“Zalım yar” kimi tanıdığımız bu mah­nını ilk dəfə kimin və nə vaxtdan oxudu­ğu bəlli deyil. Xalq mahnısı kimi təqdim edilən bu nəğmənin müəllifinin həqiqətən də Cəfər Cabbarlının olduğunu bilmirik. Əgər “Zalım yar” xalq mahnısı olsa belə, dramaturqun seçimi çox dəqiq idi və ya­rımac günlərinin səadəti tox günlərinin acısına qurban getmiş Sevilin iztirabla­rını çox yaxşı təsvir edirdi. “Zalım yar”ın yaranışından şübhəli olsaq da, “Sevil” ilə eyni vaxtda – 1928-ci ildə tamaşaya qo­yulmuş “Od gəlini”ndə Solmazın oxuduğu “Mən bir solmaz yarpağam ki” mahnısının sözləri Cəfər Cabbarlının, musiqisi isə Əf­rasiyab Bədəlbəylinindir. Təəssüf ki, “Od gəlini” uzun illərdir ki, tamaşaya qoyulmur və biz bu mahnını eşitmirik.

Cəfər Cabbarlının iki əsəri – “Almaz” və “1905-ci ildə” pyesləri 1931-ci ildə ta­maşaya qoyulub. Bu tamaşalar da yad­daqalan mahnısız ötüşməyib. “Almaz”da Yaxşının oxuduğu “Gərək günəş dağları aşıb sönməyəydi”, “1905-ci ildə”də Sona­nın Baxşının müşayiətilə oxuduğu “Azad bir quşdum” mahnıları populyarlıq qaza­nıb. Maraqlıdır ki, hər iki mahnı dərhal ge­niş yayılmayıb. Onların şöhrət tapmağına illər gərək olub… Və… hər iki mahnının musiqi müəllifinin kimliyi mübahisəlidir: bir sıra mənbələrdə mahnıların sözlə­ri kimi, musiqisini də Cəfər Cabbarlının yazdığı, bəzi mənbələrdə isə Əfrasiyab Bədəlbəylinin bəstələdiyi göstərilir. Bizim isə tutalğamız yenə də xatirələrdir.

“Azad bir quş”un pərvazı 

1930–60-cı illərdə Azərbaycan Milli Dram Teatrında maraqlı rolları ilə yad­da qalan bir aktyor olub: Əməkdar artist Süleyman Tağızadə. Onun teatrda ilk yaddaqalan rolu “1905-ci ildə” əsərində­ki Baxşı olub. Öz rolu və bilavasitə “Azad bir quşdum” mahnısı ilə bağlı xatirəsi var: “Teatrın foyesində gəzişirdim. Bu vaxt Cəfər Cabbarlı mənə yaxınlaşıb:

– Yoldaş Tağızadə, tar çalmaq bilir­sən? – deyə soruşdu.

– Xeyr, bilmirəm.

– Çox təəssüf, – deyə o, məndən ayrı­lıb pillələrlə yuxarı çıxmağa başladı.

Bu söhbət məni çox maraqlandırdı. Ertəsi gün C.Cabbarlının kabinetinə ge­dib soruşdum:

– Cəfər qardaş, sizin mənə verdiyiniz sualın səbəbini bilmək istəyirəm.

– Mən sənə bir rol yazırdım, təəssüf ki, tar çalmaq bilmirsən.

– Əgər tarım olsaydı, sizin arzunuzu yerinə yetirərdim.

Cəfər bir söz demədi. Saat 3-də, məşq qurtarana yaxın xidmətçi qadın mənə yaxınlaşıb dedi:

– Yoldaş Tağızadə, Cəfər Cabbarlı səni çağırır.

Getdim. Cəfər bir söz demədən ayağa durdu və “gedək” dedi.

İndiki Sabir bağının yanındakı musiqi alətləri mağazasından bir tar alıb mənə uzatdı. – Deyirdin ki, tar olsa, çalmağı öy­rənib, sizin arzunuzu yerinə yetirərəm. Bu da tar. Bir tərəfdən böyük dramaturqun mənim üçün yazdığı rol, diğər tərəfdən bu hədiyyə məni son dərəcə sevindirdi. Evə gəldim və o gündən tar çalmağı öyrən­məyə başladım”.

Nəhayət, bir gün Əfrasiyab Bədəlbəy­li, Cəfər Cabbarlı və aktyorun birgə işi olan mahnı hasilə yetib. Müəlifləri fani dünya­dan köçsələr də, “Azad bir quş”a çevrilib teatr binasından pərvaz edən mahnı hələ də yaşayır. Həmin tar isə N.Gəncəvi adı­na Ədəbiyyat Muzeyində qorunur. Qeyd etdiyimiz kimi, bəzi mənbələrdə Cəfər Cabbarlının mahnılarının musiqi müəllifi olaraq Əfrasiyab Bədəlbəylinin adı qeyd edilib. Hərçənd təkcə Süleyman Tağıza­dənin, Sona Cabbarlının deyil, bir neçə teatr və incəsənət xadiminin, o cümlə­dən akademik, görkəmli ədəbiyyatşünas Məmməd Arifin xatirələri də sübuta yetirir ki, Əfrasiyab Bədəlbəyli, sadəcə, həmin mahnıların musiqisini not savadı olmayan Cəfər Cabbarlının xahişi ilə onun ifasında dinləyərək nota köçürübmüş.

Onu da deyək ki, bir çox müğənnilər “Azad bir quşdum”u oxusalar da, ötən əs­rin 80-ci illərinin əvvəlində təzəcə şöhrət tapan Səxavət Məmmədov bu mahnını ilk dəfə dramaturqun adını daşıyan 187 nömrəli orta məktəbdə keçirilən ənənəvi Cəfər Cabbarlı gecəsində ifa edib, sonra lentə aldırıb və bir növ özünün vizit kar­tına çevirib. Bu gün “Azad bir quşdum” mahnısını Türkiyədən, Özbəkistandan üzübəri çox müğənni öz repertuarına daxil edib və oxuyur.

Və “Gərək günəş dağları aşıb sönməyəydi”

2001-ci ildə Cəfər Cabbarlının ev muzeyi maraqlı bir layihə ilə çıxış etdi: şair-dramaturqun bəstələdiyi mahnılar­dan ibarət “Azad bir quşdum” adlı disk hazırlandı. 7 aranjimanda işlənmiş 5 mahnının arasında “Almaz” dramında Yaxşının oxuduğu “Gərək günəş dağla­rı aşıb sönməyəydi” mahnısı Xalq artisti Mələkxanım Əyyubovanın səsi ilə 2-ci hə­yatına başladı. Müğənni bu mahnını tək­cə layihə xətrinə oxumadı, onu öz konsert repertuarına daxil etdi və mahnıya Cəfər Cabbarlının obrazının yer aldığı klip də çəkdirdi.

Artıq bir neçə mövsümdür ki, “Almaz” dramı yenidən Milli Dram Teatrının səh­nəsində oynanılır. Tamaşaya Xalq artisti Siyavuş Kərimi musiqi bəstələyib. Lakin aktrisa Rada Nəsibovanın ifa etdiyi Yax­şının bu mahnısı elə həminkidir. Sadəcə, mahnı Xalq artisti Gülüstan Əliyevanın ifasında lentə alınıb.

Gülcahan MİRMƏMMƏD

Digər yazılar

Leave a Comment

@2023 – All Right Reserved. DAK