Şəki şəhərində yerləşən “Yuxarı baş” Dövlət Tarix Memarlıq Qoruğu 1967-ci ildə yaradılıb. Onun tərkibindəki Xan sarayı və Şəkinin tarixi mərkəzi düz 5 il əvvəl UNESCO-nun Bakıda keçirilən 43-cü sessiyasında “Dünya Mədəni İrsi” siyahısına daxil edilib.
Ondan 1 il sonra – məhz bugünkü tarixdə isə Azərbaycan Prezidentinin “Şəki şəhərinin tarixi hissəsinin qorunması haqqında” müvafiq sərəncamı əsas götürülməklə, qoruğa milli status verilib. Dövlət başçısı İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva – 2022 ci il dekabrın 2-də Şəkidə olarkən “Yuxarı baş” qoruğu ərazisində Dövlət Turizm Agentliyi tərəfindən aparılan təmir-bərpa işləri ilə tanış olublar.
Ümumiyyətlə, əsrlərin şahidi olan qoruğun ərazisində dövlətin mühafizə etdiyi, dünya, ölkə və yerli əhəmiyyətli 83 tarix və memarlıq abidəsi mövcuddur. Bu sıraya Şəki xanlarının evi, karvansaralar, hamamlar, məscid və minarələr, tağlı körpülər, tacir malikanələri, su dəyirmanları və sair daxildir. Ətrafdakı əksər evlər də tarixi əhəmiyyətə malikdir. Bu evlərin bəzilərində memarlıq ornamentlərindən başqa, çox gözəl işlənmiş buxarılar var. Təəssüf ki, bəzən bu evlərin sakinləri kirəmitli dam örtüklərini dəmirlə əvəz edirlər, bu isə qoruğun tarixi koloritini pozur.
Qala divarları daxilində, Xan sarayının qarşısında əsrlərdən bəri əzəmətli duruşuyla könülləri fəth edən binalarla yanaşı, sənətkarlıq emalatxanaları qalmaqdadır. Şəbəkə sənəti, kəlağayı, xovlu tikmə, təkalduz, papaqçılıq və.s sənətkarlıq sahələrinin toplu halında mövcud olduğu şəhərdə tarixi-mədəni irs bu gün layiqincə yaşadılır.
Şəkiyə səyahət edən turistlər ənənəvi olaraq Xan sarayını, Karvansaray, mərkəzdə yerləşən digər tarixi abidələri ziyarət edir, yerli mətbəx nümunələri ilə tanış olur, maraqlı sənətkarlıq məhsullarını alırlar. Hazırda Dövlət Turizm Agentliyinin maliyyə dəstəyi ilə icra olunan “Şəkinin dünya əhəmiyyətli memarlıq abidələrinin təbliği və onların üzərindən turizm marşrutunun yaradılması” layihəsi çərçivəsində Şəkinin bəşəri irs dəyərlərini, dünya əhəmiyyətli abidələrini əhatə edən xüsusi turizm marşrutu hazırlanır.
Hüseyn xan Müştaqın inşa etdirdiyi “Xan məscidi” və “Xan məscidinin sərgi zalı” Heydər Əliyev Fondunun dəstəyi, Dövlət Turizm Agentliyi və Qoruğun nəzarəti ilə restavrasiya olunub. “Qeyr-maddi mədəni irsin təbliği” İctimai Birliyinin layihəsi çərçivəsində Şəkidə kəlağayı sənətini yaşadan sənətkar Əmiraslan Şamilovun emalatxanası abadlaşdırılıb. Bura təmir olunub, həyəti səliqəyə salınıb, yeni darvaza qoyulub, gülvurma və boyaq sexinə elektrik xətləri çəkilib, istilik sistemi quraşdırılıb, yeni avadanlıq və mebellər gətirilib.
“Yuxarı baş”ın yeni inzibati binası dövlət mühafizəsinə götürülmüş memarlıq abidəsidir və XIX əsrdə əsgər kazarması kimi inşa edilib. İnzibati bina yerli memarlıq üslubunda, dağ-qaya daşından və bişmiş kərpicdən inşa olunub. Binanın memarlıq irsi qorunmaqla, onun fasadı, dam örtüyü, döşəməsi, pilləkənləri bərpa olunub, interyeri inzibati bina üçün uyğunlaşdırılıb, fond və arxiv otaqları yaradılıb. Başqa bir çar dövründə tikilən binadan “Şəbəkə evi” emalatxanası kimi istifadə ediləcək. Yeni konsepsiyaya görə “Şəbəkə evi” emalatxanasında sənətkarların fəaliyyət göstərdiyi şəbəkə istehsalı mərkəzi ilə yanaşı, bu sənətin tarixini nümayiş etdirən ekspozisiya zalı, interaktiv turizm təcrübəsi üçün təqdimat otağı, suvenir istehsalı və satışı mərkəzi yaradılacaq. Eyni zamanda, burada yeni şəbəkə ustalarının yetişdirilməsi üçün “Şəbəkə Təlim-Tədris Mərkəzi” fəaliyyət göstərəcək.
İlqar HƏSƏNOV,