“Şuşa bir çox görkəmli şəxsiyyətlər, ziyalılar, ictimai-siyasi xadimlərin vətənidir. Dünyaya Əhməd bəy Ağaoğlu (1869-1939), Əbdürrəhim bəy Haqverdiyev (1870-1933), Nəcəf bəy Vəzirov (1854-1926) kimi görkəmli maarifçi ziyalılar bəxş edən Şuşa şəhəri eyni zamanda, tibb və hərb sahəsində böyük şöhrət qazanmış Mehmandarovlar ailəsinin də ocağıdır”. Bu barədə SİA-ya açıqlamasında AMEA-nın əməkdaşı, tarixçi dosent Zaur Əliyev deyib.
Onun sözlərinə görə, Mehmandarovlar ailəsinin bir hissəsi XIX əsrin əvvəllərində Lənkərana köçüb: “Burada nəslin digər tanınmış nümayəndələri dünyaya göz açıb Mehmandarovlar nəslindən danışarkən bu nəslin ən görkəmli nümayəndələrindən biri Səməd bəy Mehmandarov (1856-1931) haqqında ayrılıqda bir əsər tərtib etmək mümkündür. Rusiya İmperatoru ordusunun artilleriya generalı, Port-Artur qəhrəmanı, Azərbaycan Xalq Cümhuriyyətinin Hərb naziri və Azərbaycan SSR hərbi xadimi Səməd bəy Mehmandarov Azərbaycanın daha bir dilbər guşəsi Lənkəranda dünyaya gəlmişdir. Bakıda gimnaziya təhsili alan Səməd bəy 1872-ci ildə Sankt-Peterburq II Konstantinovka artilleriya məktəbinə daxil olmuşdur. 1875-ci ildən etibarən podporuçik rütbəsindən tam artilleriya generalı rütbəsinədək yüksəlmişdir. Səməd bəy iyirmi ilə yaxın bir müddətdə Uzaq Şərqdə Çin və Yaponiyadan Şərqi Avropa və Şimali Qafqazadək bir çox cəbhələrdə ən ağır hərbi əməliyyatlarda iştirak etmişdir. Artilleriya qoşunlarının nüfuzunu və qüdrətini dünyaya nümayiş etdirən Səməd bəy Mehmandarov digər artilleriya komandanı general-leytenant Əliağa Şıxlinski (1863-1943) ilə birlikdə dünya hərb tarixinə Azərbaycanın adını qızıl hərflərlə yazdırmışlar”.
Tarixçi bildirib ki, artilleriya elminin əsaslarını, piyada taktikasını, mühəndisliyi, süvariliyi dərindən öyrənən Səməd bəy əsl zabitə xas olan iradəyə malik idi: “Hərbi məharəti sayəsində 23 yaşında (1898-ci il) artıq podpolkovnik rütbəsi alan Səməd bəy Azərbaycan xalqının zəngin hərb salnaməsinə unudulmaz səhifələr yazmışdır. Hərbin sərt qanunlarına riayət etsə də, insanlıq elmini hər şeydən üstün tutan Mehmandarov haqqında general-leytenant Əliağa Şıxlinski xatirələrində yazırdı: “Çin qoşunları silahsız Mehmandarovun yanından ötüb keçirdilər. Rennenkampf Mehmandarova əmr elədi ki, onlara atəş açsın. Mehmandarov isə cavab verdi ki, silahsız adamlara atəş aça bilməz…” S.Mehmandarov çinlilərə qarşı əməliyyatlardakı xidmətlərinə görə qızıl qılıncla təltif olunmuşdu Rus-yapon müharibəsində Port-Arturda divizion komandiri olaraq göstərdiyi qəhrəmanlığa görə isə 1904-cü il iyulun 13-də ona növbədənkənar general-mayor rütbəsi verilmişdi. Azərbaycan Xalq Cümhuriyyəti zamanında ölkənin Hərb naziri olaraq fəaliyyət göstərən Səməd bəy qısa müddət ərzində milli ordu quruculuğunda mühüm addımlar atmışdır. 25 dekabr 1918-ci ildə bu vəzifəyə təyin edilmişdi. S.Mehmandarovun Cümhuriyyət Parlamentində ordudakı vəziyyətlə bağlı qətiyyətli çıxışları, onun səfərbərlik və çağırışla bağlı sistemdə apardığı paralel islahatlar məhdud zaman çərçivəsində döyüş qabiliyyətli bir ordunun formalaşması ilə nəticələndi. 1918-ci ildə yaradılmış Cümhuriyyət təhlükələrə sinə gərmək, ölkənin ərazi bütövlüyünü, milli təhlükəsizliyini qorumaq üçün ordu yaratmalı idi. Hərbi idarəetmənin təkmilləşdirilməsi bu prosesin bütünlüklə peşəkarlara həvalə edilməsini zəruri etmişdi. Nə əsgəri qüvvəsi, nə hərbi bazası olan Azərbaycan Cümhuriyyətinin müdafiə naziri olmaq məsuliyyətini çiyinlərinə götürməklə ordu quruculuğuna başlayan Mehmandarov böyük sərkərdə kimi, çox qısa zamanda mövcud çətinliklərə baxmayaraq, ordu təşkil etməyə müvəffəq oldu və nizami ordunun əsası qoyuldu. Cümhuriyyət ordusu quruculuğu hərb tariximizdə tamamilə yeni bir mərhələdir və bu mərhələ bütün gücünü milli ordunun formalaşmasına səfərbər edən Səməd bəy Mehmandarovun adı ilə birbaşa bağlıdır: “Azərbaycan Cümhuriyyəti ordusunun yaradılması ilə əsrlər boyu xalqımıza unutdurulmağa çalışılan hərb sənəti yenidən bərpa edilmiş oldu. İlk öncə həmin dövrdə hərbi sistem və infrastruktur olmasa da, Vətən və millət dəyərlərini hər şeydən üstün tutan zabitlərimiz bu müqəddəs dəyərlər ətrafında birləşərək hərb-qəhrəmanlıq tariximizə öz möhürlərini vurdular, ordunun təşkilinə nail oldular”.
Müsahibimiz qeyd edib ki, Səməd bəy təkcə hərbi sahəyə yox, eyni zamanda mədəniyyət sahəsinə də böyük diqqət verib: “Azərbaycanda Xalq Cümhuriyyəti elan edildikdən sonra, 1919-cu ildə Xan Şuşinski hərbi xidmətə cəlb edilərək, qısa bir müddətdə Gəncədə hərbi təlim keçir. Sonradan onu tanıyan hərbçi məmur, onun öz sənəti ilə yenicə yaranmış müstəqil respublikaya daha çox xeyir verə biləcəyini əsas gətirərək, Xan Şuşinskini hərbi xidmətdən azad edir. Xan özü yazdığı xatirələrdə bu barədə yazmışdı: “…1918-ci ilin yazından – demokratik hökumət yaranandan mən də, Allahyar da (qardaşı) orduya yazıldıq. Atam, əmilərim, dayılarım da, İslam əmi də (İslam Abdullayev) bizim qərarımızı bəyəndilər. Hərbi hissəmiz Hacıkənddə idi. Bir gün yaraşıqlı bir kişi Hacıkəndə gəldi. Bu, məşhur sərkərdə Səməd bəy Mehmandarov idi. Hərbi hissələri gəzib göstərişlər verirdi. Təlimlərarası fasilələrin birində mənimlə Allahyarı ona təqdim etdilər. Təzəcə hazırladığım “Şuşanın dağları” mahnısını və “Qarabağ şikəstəsi”ni oxudum. Çox xoşuna gəldi, üzünü komandirə tutub dedi:
-Bu gənci çox incitməyin. Onun səsi xalqımıza lazımdır!”
1920-ci ildə bu generalın ölkəni tərk etmək imkanları olub. Amma onlar vətəni qoyub getmək istəməyiblər. Onları həbs edən bolşeviklər həbsxanada onları bir “barak” da saxlayıblar. Bolşevik adı altında müsəlmanlara divan tutan ermənilər onların başına nə oyunlar açırdılar. Qarabağda və Bakıda ermənilər onların qarşısın kəsən hər iki generala zülm verblər. Onlar generalların saqqallarından tutub yerdə sürüyürdülər. Əllərinə süpürgə verib küçəni və ayaqyolların təmizlədirdilər. Elə gün olurdu ki, ermənilər və ruslar generalları ayaqolların paltarları ilə təmizləməyə məcbur edirdilər. Bu barədə Nəriman Nərimanova xəbər çatır. Dərhal Nərimanov şəxsən Bayıl həbsxanasına gəlmiş, generalların düşdüyü vəziyyəti görəndə gözləri dolmuşdu. Elə həmin dəqiqə həbsxana rəisini yanına çağırıb demişdi:
– Yoldaş Lenindən məktub gəlib. O xahiş edir ki, səhvən həbsə alınmış generalları sovet ordusunu qurmaq üçün Moskvaya göndərək.
Mehmandarov Nəriman Nərimanovun şəxsi zəmanəti əsasında hərbi fəaliyyətini davam etdirmiş və Azərbaycanda yaradılmış hərbi komandirlər məktəbində 1921-1928-ci illərdə müəllimlik etmişdir.
1922-ci ildə daşnak terrorçuların siyahısında Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Hacı Zeynalabddin Tağıyev, Əliağa Şıxlinski, Səməd bəy Mehmandarov, Nağı bəy Şeyxzamanlı və digər görkəmli şəxslər də vardı. Lakin ermənilər onları aradan götürə bilmədilər.
Hərb sənətinə həsr etdiyi ömründə Stanislav, Vladimir və Georgi ordenlərinin demək olar ki, bütün dərəcələrinə, həmçinin, Fransa, İngiltərə və Rumıniyanın yüksək mükafatlarına layiq görülmüş Səməd bəy Mehmandarov ömrünün sonlarında elmi mütaliələrlə məşğul olmuş, 1931-ci ildə Bakıda vəfat etmişdir”.